• şənbə, 23 Noyabr, 23:34
  • Baku Bakı 14°C

Qafqaz üçün yeni turizm marşrutu

18.09.21 12:00 746
Qafqaz üçün yeni turizm marşrutu
"İter Vitis Qafqaz” Rusiyanın Krasnodar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır
Şərabçılıq inkişafı ilə birlikdə şərab turizmi (Enoturuzm) marşrutunu da formalaşdırır. İnsanlar getdikcə daha çox üzüm sortlarını deyil, həm də məhsulun hansı şəraitdə yetişdiyini, şərab istehsalı prosesinin necə həyata keçirildiyini gözləri ilə görməyə üstünlük verirlər. Şərab marşrutunun destinasiyası gənc olsa da, mənşə tarixi bölgədən bölgəyə dəyişir. Daha çox 2000-ci illərdən start götürən şərab turu (Vinetour) bir və ya daha çox şərab fabrikini ziyarət etmək istəyənlər üçün təşkil edilir. Standart proqrama üzüm bağları turu, istehsal prosesi ilə tanışlıq, şərab zirzəmiləri turu və ən əsası, dequstasiya daxil edilir. Payızda belə səfərə çıxanların üzüm yığımında iştirak etmək və ya məhsulu ayaqları ilə əzmək şansı ola bilir. Bu cür turların başqa bir xoş tərəfi, bölgə mədəniyyəti ilə yanaşı, şərab hazırlayan insanlarla tanış olmaqdır. Həm də bəyəndiyiniz şərabı birbaşa istehsalçıdan almaq şansı əldə edirsiniz.
Şərabın qazandırdığı milyonlar
Hazırda dünya populyar turizm marşrutları arasında şərab turları da yer alıb: fərdi, qrup, korporativ, bir neçə saat, tam gün və ya bir neçə günü əhatə edən turlar təklif edilir. Bu turizm növü həm şərab həvəskarları, həm də təcrübə mübadiləsi aparmaq istəyən və dünyanı gəzən səyahət həvəskarları üçün maraqlıdır.

Ekspertlər bildirirlər ki, hazırda bu bazarın ümumi həcmini qiymətləndirmək problemdir. Məsələn, İtaliyada şərab turizmi ildə 2,5 milyard avro gəlir gətirir. Almaniyada bu tip tətillərə hər il 50 milyon insan qatılır və onlar səyahətə 5,5 milyard avro xərcləyirlər. ABŞ-da 27 milyon səyahətçi yemək və şərab dequstasiyasına maraq göstərir.

Şərab turları istehsalçıların özləri, eləcə də fərdi bələdçilər və ya ixtisaslaşmış agentliklər tərəfindən təşkil edilir. Qurulmuş şərab marşrutlarına güvənərək turu fərdi qaydada planlaşdıranlar da var.
Bakıdan-Qarabağadək

Dövlət Turizm Agentliyi "İter Vitis Qafqaz” şərab marşrutunun reallaşması istiqamətində işlər həyata keçirir. Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova "Kaspi”yə açıqlamasında qeyd etdi ki, şərab marşrutu üzərində işlər davam etdirilir: "Bu marşrut Rusiyanın Krasnodar vilayətindən başlayır, Azərbaycan ərazisinə keçir və Gürcüstanda başa çatır. Azərbaycanda isə bu marşrut Bakıdan start götürür və Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Tovuzu əhatə edir. Balakən də marşruta daxil ediləcək. "İter Vitis” Qafqaz marşrutu üzrə Gürcüstanla danışıqlar aparılır. Biz öz təkliflərimizi hazırlamışıq. Gürcüstan da təkliflərini hazırladıqdan sonra birləşmiş versiyanı təqdim edəcəyik. Bu, Qafqaz üçün yenilikdir, çünki birləşmiş marşrutlar hələ ki, yoxdur: "Azərbaycan-Gürcüstan-Ermənistanı əhatə edən ümumi mədəni marşrutlar təklif olunur, lakin belə tematik marşrut indiyə kimi olmayıb. Ona görə də, bu, yeni və innovativ marşrutdur. Bu, Qafqaz ölkələrinin turizm marşrutudur”.

Mədəni irsi tanıtmaq

Ş.Həsənova şərabla bağlı Qarabağ regionu üzrə də işlər görüləcəyini və gələcəkdə marşruta əlavə olunacağını bildirdi. Sektor müdirinin məlumatına görə, hazırda ölkədə 15-dən çox şərab zavodu fəaliyyət göstərir və ən müasir texnologiyalarla şərab hazırlanır: "Onu da qeyd edim ki, "İter vitis” marşrutunun məqsədi təkcə şərabı dequstasiya etmək deyil, eyni zamanda, yerli üzüm sortlarını təqdim etmək və bu istiqamətdə mədəni irsi tanıtmaqdır”.

Şərabla turist cəlbi

Qeyd edək ki, Azərbaycanda şərab turizminin öz tarixi ənənələri var. Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, hələ SSRİ dövründə Azərbaycan şərabları populyar olub. Hətta medallara layiq görülüb. Ancaq Sovet İttifaqı dağılandan sonra şərab turizmi də tədricən sıradan çıxıb. "Hər ölkənin şərabçılıq mədəniyyəti var. Turistlər bu fərqli mədəniyyətlərlə tanış olmağa can atırlar. Son illər yenidən bizim ölkəmizdə də şərabçılıq dirçəlib. Şamaxı, İsmayıllı, Qəbələ, Tovuz, Gəncə kimi rayonlarda şərab turizmini inkişaf etdirən müəssisələr fəaliyyət göstərir”. Ekspert hesab edir ki, bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməli və tətbiq edilməlidir: "Bu yolla dünya ölkələrinin vətəndaşlarını ölkəmizə turist kimi cəlb etmək olar”. Ekspertin fikrincə, Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları daha çox təbliğat işləri aparmalıdır. Yəni şərab fanatları ölkəmiz də daxil olmaqla dünyanın hər yerində var. Şərab turizmini inkişaf etdirmək üçün böyük potensial da öz yerində...

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər