• cümə axşamı, 28 mart, 18:42
  • Baku Bakı 13°C

Qafqaz müharibəsi rus ədəbiyyatında

23.12.19 14:45 1617
Qafqaz müharibəsi rus ədəbiyyatında
Ədəbiyyat haqqında araşdırma konkret bir mövzu ətrafında olanda maraq kəsb edir, həmin araşdırmanın elmi yükünü artır. Ədəbi aləmdə bu cür xüsusi araşdırmaları barmaqla saymaq olar. Əslində, ədəbiyyat haqqında aparılan tədqiqatların mövzusu nə qədər geniş olarsa hansısa bir ciddi nəticəyə gəlmək bir o qədər çətin məsələdir. Düşünürəm ki, yazıçının və ya şairin bir əsəri ümumi araşdırmadansa, ayrı-ayrı sahələr üzə tədqiqata cəlb olunsa daha effektlidir. Məsələn, hansısa yazıçının romanı üslub, mövzu, söz tərkibi, obrazların xarakteri kimi bölünərək ayrı-ayrılıqda öyrənilməlidir. "Tolstoyun "Anna Karenina” romanında məkan” mövzusu bir alim üçün doktorluq araşdırması olmalıdır. Amma biz "Tolstoyun "Anna Karenina” romanının bədii xüsusiyyətləri” adlı tipli elmi işlərin yazıldığına şahid oluruq.
Konkret bir mövzu və istiqamət olaraq ərsəyə gətirən bir kitabdan yazmaq istəyirəm. Bu kitab "Qafqaz müharibəsi rus ədəbiyyatında” adlanır. Filologiya üzrə fəlsəfə doktoru, dosent Tamilla Əliyevanın müəllifi olduğu bu monoqrafiya uzun zaman aparılan ədəbi araşdırmanın nəticəsi olaraq meydana çıxıb. Monoqrafiyanın araşdırma dairəsi Qafqazla bağlı olduğundan diqqətimi çəkdi.
Bildiyimiz kimi Qafqaza gələn Çar Rusiyası uzun müddət müqavimətlə qarşılaşıb. Müharibənin davamlı olaraq baş verməsi onun miqyasını genişləndirib, imperiyanın ictimai, siyasi, mədəni həyatı ilə yanaşı ədəbi həyatına da təsirini göstərib. Çarlığın tərkibinə qatılan yeni ərazilər diqqət mərkəzinə düşüb, orda yaşayan xalqlara maraq yaranıb. Onların həyatını, məişətini, düşüncə və dünya görüşünü öyrənmək üçün ekspedisiyalar yaradılır, araşdırılmalar aparılır. Bunların nəticəsi olaraq həm elm, həm də ədəbiyyat adamlarının Qafqaza ciddi marağı yaranır. Təsadüfi deyil ki, Qafqaza səfəri, Qafqaz səyahəti adlı müxtəlif janrlı bədii əsərlərə rast gəlmək mümkündür. Həm ordunun tərkibində, həm də öz istəyi ilə Qafqaza gələn rus yazarları buranın təbiəti və yerli əhalisi ilə yaxından tanış olub. Mixail Lermontov, Aleksandr Puşkin, Bestujev-Marlinski, Lev Tolstoy, Vasili Veliçko, Nikolay Tixinov, Vladimir Makanin kimi rus şair və yazıçılarının yaradıcılığında Qafqaz müharibəsi mövzusuna rast gəlmək mümkündür.
Haqqında yazdığım kitab "Tarix”, "Dağlı xarakteri”, "Klassik rus ədəbiyyatı”, "Memuar ədəbiyyatı və publisistika”, "Sovet dövrü rus ədəbiyyatı”, "Müasir rus ədəbiyyatı”, "Başqa ədəbiyyatlar” və "Son söz” bölmələrinə ayrılıb. Bu bölmələrdə isə tədqiqat daha da xüsusi sahələrə yönəlməklə öyrənilib, maraqlı nəticələrə gəlinib.
Kitabın daha bir önəmi Qafqaz regionunda baş verən hadisələrin rus ədəbi mühitində necə təsvir olunması, necə qəbul edilməsi ilə bağlıdır. Tədqiqatda rus yazarlarının, şairlərinin Qafqazda yaşayan mərd və əyilməz xarakterli insanlara olan xüsusi münasibətini, rəğbətini görmək olur. Aparılan müharibə rus ədəbiyyatında müəyyən mənada olduğu kimi əks olunurdu. Çünki, rus yazarları zorakılığın və qan tökülməsinin əleyhinə idilər.
Tamilla Əliyeva rus ədəbiyyatında Qafqaz müharibəsinə olan münasibəti ortaya çıxarmaqla bir sıra qaranlıq məsələlər işıq tutmuş olur. Burada çar əsgərlərinin yerli əhali ilə davranışından tutmuş ruslaşdırma siyasəti, tətbiq edilən sərt qayda-qanunlara qədər bır sıra məsəlləri görmək olar. Yəni bu cür nüansların rus ədəbiyyatında dolğunluğu ilə əks olunması müəllif tərəfindən diqqətə çatdırılır.
Monoqrafiyada Qafqaz xalqlarının ədəbiyyatı və folkloru haqqında da məlumat verilib, rus yazarlarının yerli ədəbiyyatdan və folklordan bəhrələndiyi faktlarla göstərilib. Azərbaycan ədəbiyyatşünaslığında, araşdırma yönü və spesifik cəhətlərinə görə yeni cığır açan "Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı özündən sonrakı araşdırmalara da meydan vermiş olur. Müəllif o zaman baş verən ictimai-mədəni hadisələri araşdırmaqla, əslində, bu gün Qafqazda baş verən hadisələrin kökündə hansı səbəblərin durduğunu da ortaya qoyub.
Həm araşdırma sahəsinin konkret çərçivədə olması, həm də mövzunun bu vaxta qədər demək olar ki, az öyrənilən bir sahə olması monoqrafiyanın əhəmiyyətini ikiqat artırır.

Səxavət Sahil
banner

Oxşar Xəbərlər