• cümə, 19 Aprel, 03:13
  • Baku Bakı 18°C

Qadınların qənimi Tolstoy

17.06.19 11:30 1998
Qadınların qənimi Tolstoy
Eyzlinq Loftus BBC-nin ekranlaşdırdığı "Hərb və sülh” romanında yetim və kasıb balaca Sonyanı canlandırmaq üçün seçiləndə digər qəhrəmanlarla birgə uzun bir yola çıxdığını bilirdi. Balaca pişik kimi başqalarının kölgəsinə sığınmağı, hamı tərəfindən "təmiz bir çiçək” kimi təqdim edilib günah təmizləyici olmağı sınaqdan keçirən ingilis aktrisa: "Tolstoyun qəhrəmanlarına layiqincə həyat vermək çətindir” – deyir. Təklifi qəbul etmədən əvvəl bu romanı oxumamışdımı?! Çətin olacağını bilmirdimi?! "Əlbəttə, oxumuşdum. Çətin olacağını da bilirdim, çünki digər şirkətlərdən fərqli olaraq, BBC üçün işləmək hər zaman daha məsuliyyətlidir. Sən əsrlər boyu qorunması planlaşdırılan proyektdə oynayırsan. Amma ekranlaşdırılan belə romanların qəhrəmanlarını canlandırmaq həqiqətən çox çətindir. Romanı oxuyan milyonlarla insanın hərəsinin beynində bir obraz var. Sən əlbəttə ki, onların hamısına oxşaya bilməzsən. Amma ümumi müsbət rəy almaq üçün həddindən artıq əmək sərf etməlisən. Hələ ki, Tolstoy kimi minillik əzablarla yüklənmiş qəhrəmanlar yaradan bir yazarın romanından kimisə canlandırmaq...”
Görüşdüyümüz məkanın lap küncdəki masalarından birində onunla aktyorluğu və "Hərb və sülh”ü müzakirə edirik: "Nə ədəbiyyatda, nə kinematoqrafiyada heyranı olduğum kimsə yoxdur. Özüm də sektorda hələ qısa zamandır olmağıma baxmayaraq, danışmağa başlayanda kənardan "bilmiş” kimi göründüyüm üçün yaradıcı adamlardan bir müddət sonra yoruluram. Niyəsə belə bir ictimai rəy var ki, incəsənət adamlarında "tanınmışlıq” xəstəliyi olur. Amma biri elə Tolstoy. Onun adını niyə birinci çəkirəm, çünki həyatı tamamilə qavramanın, onun tamhüquqlu sahibi olmağın yolunu Tolstoy şüurlu şəkildə tapmışdı. Mən Sonyanı canlandırandan sonra Tolstoyun tərcümə olunmuş bütün yaradıcılığını oxudum. Bilmirəm, kiminsə diqqətini cəlb edib, ya yox. Onun əzabdan keçmədən xoşbəxtliklə mükafatlandırılmış qəhrəmanı yoxdur. O hətta mənfi, pulgir, riyakar obrazları belə istəklərinə nail olmaq üçün mütləq büdrədir”.
Nigaranlıqla alnını ovxalayır: "Bilirsən, mən xanım Selfrici də oynamışam. O da mini serial idi və çox dəbdəbəli bir kino idi. İndi BBC bütün "Hərb və sülh”-lərə meydan oxuyacaq versiyası ilə gəlir. İzləyici mütləq mənada burada BBC-nin qüdrətini keyfiyyət, sujet, texniki imkanlar və s. kimi detallarda hiss edəcək. Amma qərar verə bilmirəm ki, dünya ədəbiyyatının pop starının buna ehtiyacı varmı? Ya da "Hərb və sülh” daha təsirlidir, qüdrətlənir? Bu romanın qüdrəti, ovsunu həyatın cah-cəlalından, dəbdəbəsindən könüllü şəkildə imtina etmiş bir yazarın qələmindən çıxmasındadır bəlkə də. Ona görə "Hərb və sülh”ün ekran versiyaları proqnozlaşdırılan uğuru qazanmır. Bir məsələyə də diqqət çəkmək istəyirəm. "Anna Karenina” deyəndə indi hamının ağlına Tolstoydan çox, Keyra Naytli gəlir. Mən o filmi izləyəndə öz-özümə fikirləşdim ki, əgər Tolstoy bu dövrdə yaşasaydı, mütləq Keyra ilə evlənərdi. Onun elə təbiəti də Annanınkı ilə birəbir eynidir. "Anna Karenina”nın həmin versiyasının möhtəşəm uğurunun sirri məhz Tolstoyun həyatdan çəkib çıxartdığı obrazın bir əsrdən də çox sonra yenidən özünü, Keyranı tapmasındadır. Yəni, bu qədər dəbdəbə Tolstoyun qüdrətli hekayəsinə, qüsursuz qəhrəmanlarına nəsə əlavə etmir. Bu mənim nəzərimdə film şirkətlərinin öz aralarındakı nümayişdir”.
Keyranın aktyorluğu teatr məktəbində də müzakirə olunubmuş: "Debatda Conat İqker adlı bir tənqidçi vardı. Bu rol haqqında mənim fikirlərimi təsdiqləyərək danışdı. İqker dedi ki, biz Keyranın yaratdığı Annaya kimi Tolstoyun qəhrəmanına ürəyimiz ağrıyaraq, yanaşmışıq. Halbuki aktrisa Tolstoyun qadını nə qədər amansızlıqla qamçıladığını var gücü ilə oxucuya da, ədəbiyyatçılara da ötürdü. Belə bir qəhrəmanı bu günün müəllifləri yaratsa, "mazoxist” damğası yeyər. Amma Tolstoy bu dözülməz əzablar qarşısında Annanı sındırdıqdan sonra, sanki onun ruhunu əzizləyir. Əslində, bunun özü belə nə qədər həyatidir. Cəmiyyətdə mövcud olarkən, insanların didib, parçalamaq istədikləri qəhrəmanlar mübarizədə uduzduqdan sonra sahiblənilir, əzizlənir, haqqında təəssüf və saxta kədərlə xatirələr danışılır”.
Müsahibə zamanı gözümdən qaçmayan detalı da oxucumla paylaşmaq istəyirəm. Eyzlinq indi Selfric kimi yox, Sonya kimi danışır. Düzdür, onun aksenti tamamilə fərqlidir: "Uzun hekayələrin televiziyaya oturması ciddi məsələdir. Məsələn, "Hərb və sülh” kimi nümunələri seriallaşdırmaq oxucunun bezməsi riskini gözə almaqdır. Amma məsələ ondadır ki, Tolstoy romanı ilə bunu da sığortalayırsınız. Necə ki, oxucu kimi biz bu romanı hər dəfə maraqla oxuyuruq, izləyici də eynilə. Sonyanı oynayandan sonra müəllimlərimlə söhbətimdə dedim ki, dram dərslərində mütləq Tolstoy romanları canlandırılmalıdır. Dünya ədəbiyyatında, kinosunda bundan daha öyrədici dram üslubu yoxdur. Bəli, daha ağır dramlar da var. Amma onlardan nəsə öyrənmək də çətindir, duyğular əzabın çox altında qalır. Bu oxucunu da, izləyicini də yorur. Tolstoyun romanlarını qadın aktyorlar xüsusilə oxumalıdırlar. Bunlar tədris üçün "A” sinif materiallardır”.
Romanı oxuyanda keçirdiyi duyğuları da elə aktyorvari təsvir edir: "O vaxt hamı kimi Sonya obrazına o qədər də diqqət yetirməmişdim. Çəkilişlər boyu başa düşdüm ki, Tolstoy bu romanda az əhəmiyyətli obraz yaratmayıb. Sadəcə romanın formatına uyğun olaraq, hadisələri bir neçə obraz üzərində mərkəzləşdirib. Sonya, bəlkə də, romanın müəllif tərəfindən ən kobud münasibət görən qəhrəmanıdır. Yetim, kasıb, himayəsində olduğu ailənin mənfəətləri naminə hər cür fədakarlıq etməsi gözlənilən, hər zaman günahkar elan edilən bir qızdır. Tolstoy onu nəinki bunlarla hətta sevgi sirri ilə də sınayır. Bəli, onun bütün qəhrəmanları eniş-yoxuşlar görür. Amma qadın qəhrəmanlarına qarşı Tolstoy, sanki, daha qəddar, amansızdır. Mən bunu sadəcə Sonya üzərindən iddia etmirəm. Annanı, Nataşanı, Maşanı, Sonyanı və digər qadın obrazları Tolstoy olmazın duyğularla sınağa çəkir. Sonya ailəsini və Nikolayı itirdiyi üçün nə qədər bədbəxt bir obraz təsiri bağışlayırsa, Nataşa da mənfəətli və riyakar vədlərin qurbanı kimi bir o qədər bədbəxtdir. Qadınlar nəinki öz duyğularının, seçimlərinin nəticələri ilə mübarizə aparır, hətta kişilərin güc və iqtidar mübarizələrinin də alətinə çevrilirlər”.
Rusiya və Litvadakı xüsusi məkanlarda aparılan altı aylıq çəkilişlərdən sonra gələn bir film təklifi ilə Eyzlinq psixoloji boşluğa düşür. Şimali İrlandiyada qardaşını müdafiə etmək üçün öz həyatını fəda edən bir qadının hekayəsini canlandırmaq ona çox çətin gəlir. Meneceri və film şirkəti ilə aparılan danışıqlar fayda vermir: "Bu rolu ifa etmədiyim üçün sonralar çox peşman olacağımı dedilər. Bilmirəm. Bu fədakar bir qadının real həyat hekayəsi idi. Amma mən o altı ay ərzində artıq Sonyaya çevrilmişdim. Bunu ilk dəfə Cud Loudan (aktyor "Anna Karenina”da Annanın həyat yoldaşını canlandırıb – red.) eşidəndə açığı xoş qarşılamamışdım. Çünki biz aktyoruq, roldan-rola sürətlə keçid almaq qabiliyyətimizlə seçilirik. Amma həqiqətən Tolstoyun qəhrəmanlarının təsirindən romanları oxuyanda günlərlə çıxmaq olmur. Mən isə on hekayədə yaşamışdım. Sonyanın təlatümlü səhnələrini canlandırarkən bəzən eyni səhnəni iyirmi dəfə çəkməli olmuşuq. Burada təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, bu qətiyyən mənim təcrübəsizliyimlə əlaqədar deyil.
Aylarla Sonya kimi yaşamaq, danışmaq, düşünmək, geyinmək, kədərlənmək məni tamamilə dəyişmişdi. Məsələn, gündəlik arzular, qayğılarla bağlı belə fərqli düşünməyə başladım. Bu təkcə obraza öyrəşmək məsələsi deyil. Serialda oynayanlar onda hər yeni filmdə cild dəyişdirməli olardı. Ya da hər aktyor cəmi bir serialda oynayardı. Sadəcə bayaq danışdığımız o abu-havanın ovsunu məsələsi var. Tolstoyun qəhrəmanlarının duyğularını yaşadıqca, canlandırdıqca, insan özününkülərdən utanır. Onların arzuları ilə həyəcanlandıqca özünün dünyəvi hərisliyinə məəttəl qalır. Onlar kimi danışdıqca, dərinləşdikcə, sahib olduqları əhəmiyyətsizləşir. Mən Sonyadan sonra uzun müddət moda ilə, reklam təklifləri ilə, tətil planları ilə maraqlanmadım. Məncə, rejissorların da son dövrlər geriyə tarixə, ədəbiyyata qayıtmalarının səbəbi məhz budur. Dövrün bayağılığı, təkrarçılığı, duyğusuzluğu sanki yaradıcılığı da öldürür. Bəzən fantastik qiymətlərlə işləyən aktyorlar belə filmi xilas edə bilmir. Ona görə, artıq əlimə gələn hekayələri diqqətlə oxuyuram. Həqiqətən "Hərb və sülh”də rol almaq mənim üçün illərlə qazandığım təcrübə və biliklərə bərabər bir fürsət oldu. Məsələn, mən bundan sonra Sonya obrazının altında bir rolu əsla oynamayacam”. Çiyinlərini dartır: "Məcbur deyiləm, bu rol seçimi deyil, keyfiyyət seçimidir”.
Eyzlinq Loftus
Mənbə: "Guardian” (10 yanvar 2016)
İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər