Qadınların əmək hüquqlarına etinasız yanaşma - Araşdırma

"Nə işdən tez çıxmaq? Arada
uşaq xəstələnəndə işdən tez çıxa bildiyim hallar olur. Amma bunu qanuni haqqım çərçivəsində
deyil, gizli şəkildə edirəm, iş yoldaşlarım yoxluğumu ört-basdır edirlər. Konkret
desək, işdə mənə uşaqla bağlı heç bir güzəşt olunmur. Deyirlər ki, işdə olmasan
sənin işini kim görəcək? Bir dəfə möhkəm xəstələnmişdim. Hətta bir neçə gün
xəstəxanada yatası oldum. Bununla bağlı yoldaşıma iş yerindən 40 manat yardım
etmişdilər. Amma mənim işimdə bunun adını da çəkən olmadı”.
Bu sözləri bizimlə
söhbətində dövlət teatrlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı
söylədi. Səbəb kimi bildirdi ki, müdiriyyətdən narazılıq etsə, bu, işdə yaxşı
qarşılanmaz: "Əslində, iradımı özlərinə demişəm. Uşağımın 2 yaşı var. Mənə
müəyyən güzəştlər olunmalıdır. Amma bunu etmirlərsə, deməli, məsələni
ictimailəşdirməyim xoşlarına gəlməyəcək”.
Qanunvericilik nə deyir?
Müsahibimizlə bərabər qanunvericiliyi bir daha gözdən keçirdik. Əmək Məcəlləsinin IV bölməsinin on üçüncü fəslində iş vaxtının növləri və tənzimlənməsi qaydaları xarakterizə olunur. 91-ci maddədə qısaldılmış iş vaxtının kimlərə şamil edildiyi yazılır ki, buraya hamilə və yaşyarımadək uşağı olan qadınlar da aiddir və onlar üçün həftəlik iş vaxtı 36 saatdan artıq olmamalıdır. 98-ci maddədə isə gecə vaxtı görülən işlərə yaşı on səkkizdən az olan işçilərlə yanaşı, hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmədiyi yazılıb. 117-ci maddədə uşaqlı qadınların əlavə məzuniyyət hüquqlarından bəhs olunur. 125-ci maddədə isə hamiləliyə və doğuşa görə məzuniyyətlər barədə məsələlər yer alıb.
Məcəllənin X bölməsi tamamilə qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətlərindən bəhs edir. Qanunvericiliyi nəzərdən keçirdikcə, orada qadınların, ələlxüsus da, uşaqlı qadınların hüquqları ilə bağlı kifayət qədər vacib məqamların nəzərə alındığını görürük. Göründüyü kimi, Əmək Məcəlləsində uşaqlı və işləyən qadınlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Amma təəssüf ki, praktikada qanunlara məhəl qoymayan rəhbərlərin az olmadığını görürük. Bəs bu cür qanun pozuntularının qarşısı necə alınır və ya alınmalıdır? Belə halların azalması üçün nə kimi tədbirlərə ehtiyac var?
Bununla bağlı ilk olaraq, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyinİctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev qəzetimizə
açıqlamasında dedi ki, Əmək Məcəlləsində əmək şəraiti ağır, zərərli olan iş
yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə
qadın əməyinin tətbiqi, onların müəyyən edilmiş normalardan artıq ağır
əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb
edilməsi qadağan edilib: "Məcəllədə hamilə qadınlar və azyaşlı uşağı olan
analar üçün əmək münasibətlərində bir sıra imtiyazlar, güzəştlər, əlavə
təminatlar da əksini tapıb ki, bunlar qanunvericiliklə əmək münasibətlərində
ayrı-seçkilik hesab edilmir”.

Əmək hüquqlarınız pozulursa...
E.Babayev diqqətə çatdırdı
ki, hər bir işçinin, eləcə də qadın işçilərin onların qanunvericilikdə nəzərdə
tutulan əmək hüquqlarının pozulduğu hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək hüquqları
var. Amma 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə
yoxlamaların aparılması iki il müddətinə dayandırılıb və yalnız vətəndaşların
müraciətləri əsasında həmin müəssisələrdə araşdırmalar aparılır: "Dövlət Əmək
Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti ciddi şəkildə
araşdırılır, əmək hüquqlarının pozulması halı aşkar edildiyi təqdirdə
qanunvericiliyə uyğun şəkildə tədbirlər görülərək, işçi hüquqlarının bərpası
təmin edilir”.
E.Babayev onu da qeyd etdi
ki, iş yerlərində qadınların, həmçinin hamilə qadınların və azyaşlı uşağı olan
anaların Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək hüquqlarının pozulması
halları ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə edilən müraciətlərin
sayı son illərdə minimuma enib. 2015-ci il ərzində Xidmətə qeyd olunan hallarla
bağlı bir neçə müraciət daxil olub. Həmin müraciətlər yaş yarımına çatmamış
uşağı olan qadınlara uşağını yedizdirmək üçün əlavə fasilələrin, 14 yaşınadək
iki uşağı olan qadınlara əlavə məzuniyyətin verilməsi, belə qadınlar üçün
natamam iş gününün müəyyən edilməsi və s. ilə bağlı olub: "Müraciətlərlə bağlı
konkret tədbirlər görülüb, müvafiq şəxslərin hüquqları bərpa edilib. Lakin cari
ilin ötən dövrü ərzində qadınların, həmçinin hamilə qadınların və azyaşlı uşağı
olan anaların əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi
Xidmətinə heç bir müraciət daxil olmayıb.
Maarifləndirmə tədbirləri görülməlidir
Milli
Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva da söhbətimiz
zamanı əmək prosesində hamilə və azyaşlı uşağı olan qadınlar üçün bir sıra
güzəştlər nəzərdə tutulduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycan hüquqi və
demokratik ölkə olduğundan bütün proseslər qəbul edilmiş qanunlar və qərarlar
əsasında tənzimlənir: "Düşünürəm ki, Əmək Məcəlləsində bütün məsələlər
incəliklərinə qədər nəzərə alınıb. Məsələn, məcəllənin 52-ci maddəsində
göstərilir ki, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək
müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir. Eyni zamanda, hamilə
qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən
sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar attestasiya
edilmir və sertifikasiyadan keçirilmir. Bunlar isə məcəllənin 66-cı və 67.1-ci
maddələrilə tənzimlənir. Həmçinin, qanunvericilikdə nəzərdə tutulub ki, hamilə,
habelə üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə, ezamiyyətdə olduğu
vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində onların
əmək müqaviləsinin ləğv edilməsi qadağandır”.

Məhkəməyə tələsməyin – işinizdən olarsınız
VətəndaşlarınƏmək
Hüquqlarını MüdafiəLiqasınınsədriSahib Məmmədovla da əlaqə
saxlayıb onlara bu mövzuda müraciət edilib-edilməməsi ilə maraqlandıq. Liqa
sədri bildirdi ki, əslində, bu kimi məsələlər, qanun pozuntuları məhkəmə yolu
ilə tənzimlənir. Amma bu, onların müraciət edən şəxsə son məsləhətləridir.
Çünki indiyə qədər praktikada məhkəmənin işçi üçün sərfəli çıxış yolu olduğunu görməmişik, hətta qərar işçinin xeyrinə olsa belə:
"Hər zaman uşaqlı qadınların hüquqlarından danışılır. Amma onunla bir yerdə yaşayan
ata da uşağa baxmaq üçün bu cür hüquqdan istifadə edə bilər. Nəzərə çatdırım
ki, qadının uşağı fasilələrlə yedizdirmək haqqı var. Əgər o, iş vaxtı evə gedib
qayıda bilmirsə, həmin vaxtları birləşdirib işdən daha tez çıxa bilər. Amma belə
məqamlar qanunda əksini tapsa da, praktikada çox az tətbiq olunur. Olunursa da,
yalnız dövlət sektorunda rast gəlinir. Özəl sektorda bu barədə heç danışan yoxdur.
Amma bəzi dövlət müəssisələrində də belə məsələlər formal şəkildədir. Bəlkə də,
qanuna ciddi şəkildə əməl olunsa, qadınlara qarşı olan gizli diskriminasiya bir
az da dərinləşər. Çünki qadın işə gəlməyəndə yük işəgötürənin üzərinə düşür. İşəgötürən
qadın hamilə olduğu müddətdə onun qadın məsləhətxanasına getməsinin pulunu da
özü ödəməlidir. Doğuşa görə məzuniyyətə gedəndə də ilk 14 günün pulunu o ödəməlidir.
Qadın işə qayıtdıqdan sonra bütün imtiyazlardan istifadə edərsə, yenə də o hesabları
müdiriyyət ödəməlidir. Bütün bunlar qadınlara qarşı gizli diskriminasiya yaradır.
Ona görə də potensial ana olacaq qadınlara qarşı ayrı-seçkilik olur. Təəssüf ki,
bəzi yerlərdə bu qanunlar ümumiyyətlə, tətbiq olunmur, heç tətbiq olunmaq üçün mexanizm
də yoxdur. Belə hallara nəzarəti Dövlət Əmək Müfəttişliyi Xidməti yerinə yetirir”.

Qanun hamı üçündür
Açıqlamalardan başqa bir
sual doğur – məgər qanunlar ancaq dövlət müəssisələri üçün nəzərdə tutulub?
Qanunlar özəl qurumlara şamil edilmirmi? Bu sualımıza cavabında S.Məmmədov dedi
ki, qanunlar hamı üçündür. Amma faktdır ki, dövlət qurumlarında əmək müqavilələri
bağlanır, qurumun pis-yaxşı həmkarlar ittifaqı olur. Amma elə yerlər var ki, orada
heç əmək müqaviləsi yoxdur və bəzi özəl sahələrdə ümumiyyətlə, özbaşınalıqdır: "Məsələn,
şadlıq evində tutaq ki, 200 nəfərə yaxın işçi var. Onun 5-6-sı ilə əmək müqaviləsi
bağlanır. 1-2 nəfərlə də mülki hüquqi müqavilə bağlanır. Belə bir vəziyyətdə hansı
hüquqdan danışmaq olar? Orada çalışanlar heç bir bədbəxt hadisədən sığortalanmırlar.
Ümumi şəkildə desək, Əmək Məcəlləsində yazılanların nümunəvi şəkildə tətbiqi faktı
yoxdur”.
İtirən yenə də işçi olur
S.Məmmədov bildirdi ki, belə
hallarla qarşılaşanlara məsləhət verməyə çətinlik çəkir. Çünki çıxış yolu kimi məhkəməyə
müraciət etmək olar. Amma bu zaman da işçi ilə işəgötürən arasında münasibətlər
pozulur. İşəgötürən məhkəmənin qərarı ilə işçinin hüquqlarını bərpa etsə də, içində
ona qarşı kin yaranır və əlinə fürsət düşən kimi bu qisası ondan alır. Təbii ki,
bu da Əmək Məcəlləsi ilə qadağan olunub. Amma iş prosesidir və işçi hər hansı bir
xətaya yol verə bilər. Bu zaman da rəhbər ona güzəştə getmir: "Bütün hallarda, işçilər
öz hüquqlarını tələb etməlidirlər. Bu, hər kəsin haqqıdır. Amma bunu dava ilə yox,
xoş şəkildə də demək, bildirmək olar. Bəzən sakit şəkildə rəhbərliyə bildirəndə
ki mənim belə bir imtiyazım var və ondan istifadə etmək istəyirəm, o, razılaşır.
Ona görə də məsləhət görürəm ki, işəgötürənlə sülh yolu ilə danışıb anlaşsınlar”.
Həmsöhbətimiz onu da dedi
ki, ölkədə iş yerləri çoxdur. Kiçik saylı iş yerləri daha çoxdur. Dövlət Əmək Müfəttişliyinin
işçi heyətinin sayı təxminən 300 nəfərdir. Belə olan halda isə onlar bütün iş yerlərini
nəzarətdə saxlaya bilmirlər: "Ümumilikdə belə məsələlər, qanun pozuntuları üçün
məhkəmə institutu var. İnsan hüquqları üzrə müvəkkilə də şikayət etmək olar. Administrativ
qaydada yuxarı orqanlara şikayət etmək mümkündür. Gördüyünüz kimi, qaydalar, mexanizmlər
var. Amma onun istifadə praktikası azdır. Məhkəmə bizim üçün son çıxış yoludur.
Çalışırıq ki, məsələ konfliktsiz həll olunsun. İş yerindəki konflikt işçinin xeyrinə
bitmir. Bu, bütün dünyada belədir, tək bizdə yox. Bəzən ABŞ kimi inkişaf etmiş
ölkələrdə işçini xəbərdarlıq belə etmədən işdən çıxarırlar. Amma praktikada müsbət
nümunələr də var. Biri var qanunla tənzimlənən məsələlər, biri də var kollektivçilik
münasibətləri. Məsələn, ölkəmizdə yaxın qohumlar rəhmətə gedərkən şəxsin məzuniyyət
götürmək hüququ var. Amma Azərbaycan ənənəsində müdiriyyət onu öz hesabına məzuniyyət
götürməyə qoymur. Özü həmin günlərin pulunu ödəyir və deyir ki, get qohumunu dəfn
et, işə gəlməməyə icazə verirəm. Mənfi hallardan danışanda, müsbət məqamları da
qeyd etmək lazımdır. Bütün işəgötürənlərin qəddar olduğunu və işçinin istismar olduğunu
demək olmaz. Körpə uşağı olan analara da müəyyən şərait yaradırlar”.

"Təmiz
Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məşğulluqla
bağlı onlara müraciətlərin çox olduğunu söylədi: "Qadınlar iş tapmaqda problemlərlə
qarşılaşırlar. Məsələn, 1-3 yaş arası uşaqlar üçün körpələr evləri yoxdur və adətən
uşaqları bağçalara pulsuz yerləşdirmək olmur. Bu da qadınların vəziyyətini bir
az da ağırlaşdırır. Bəzi işlərdə müqavilələr bağlanmır və rəhbər istədiyi qədər
məbləğ təklif edir. Bəzi işədüzəltmə agentlikləri var ki, onlar qadınların sənədini
götürür, ilk ödənişin yarı faizini istəyir. İşəgötürən də bir müddət qadının
əməyindən istifadə etdikdən sonra onu bir bəhanə ilə işdən çıxarır, işini
bəyənmədiyini deyir. Bu isə istismar faktıdır. Düşünürəm ki, çıxış yolu qadınlar
arasında kiçik sahibkarlıq fəaliyyətinin gücləndirilməsidir. Bunun üçün isə
bank sistemi qadınlara faizsiz kredit götürmə imkanı yaratmalıdır. Bu, bir çox ölkələrdə
tətbiq edilib və effektli nəticə verib. Əgər qadın iqtisadi cəhətdən güclü
olmasa, onun istənilən formada istismarı qaçılmazdır”.
Şəfa Tapdıq
Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosu tərəfindən jurnalistlər arasında "Əmək hüququ: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusuna elan etdiyi məqalə müsabiqəsinə təqdim edilir
