• cümə, 29 Mart, 14:31
  • Baku Bakı 14°C

Qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb

26.06.19 13:21 586
Qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
Bütün dünyada qadınlar gender bərabərliyi məsələlərində eyni suallarla rastlaşırlar. Bu sualların cavablandırılması üçün qarşıya çıxan maneələrin dəf olunması yolları araşdırılır. Avropa Şurasında gender bərabərsizliyinin, qadınlara qarşı diskriminasiyanın, onların iqtisadi asılılığının, eləcə də onlara qarşı zorakılığın aradan qaldırılması, məşğulluğun və bərabər hüquqların təmin olunması məsələlərini müzakirə edirik. Qeyd olunan məsələlər ölkəsindən və milliyyətindən asılı olmayaraq bütün qadınları narahat edən mövzulardır.
Bu fikirləri AŞPA-nın yay sessiyasında "Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası: nailiyyətlər və çətinliklər” adlı birgə müzakirələrdə çıxış edən nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva söyləyib.
Deputat bildirib ki, müasir dövrdə gender bərabərliyinə yalnız əsas insan haqqı kimi yanaşılmır, o, həmçinin cəmiyyətin tərəqqisini, dayanıqlı və hərtərəfli iqtisadi inkişafını təmin edən müasir cəmiyyət qurmağın təməllərindən biri hesab edilir. Məşğulluq sahəsində kişilərlə qadınların potensialından eyni səviyyədə istifadə edilməsi gender bərabərliyinin təmin olunmasında həlledici rol oynayır. Son yüzillikdə qadınlar bir çox hüquqlar əldə etməklərinə baxmayaraq, gender bərabərliyi məsələsi hələ də tam həllini tapmayıb. Stereotiplər, özünə inamın zəif olması qadınların sosial aktivliyinə birbaşa təsir edir.
"Qadınların səlahiyyətləndirilməsi, onların hüquq və imkanlarının genişləndirilməsi ötən əsrin 70-80-cı illərindən etibarən müxtəlif ölkələrdə milli hökumətlərin əsas prioritetləri sırasına daxil edilib, insan hüquq və azadlıqları ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. Lakin gender bərabərliyinin təmin olunması, qadın hüquqlarının qorunması məsələlərində hələ də bir çox boşluqlar mövcuddur və bu sahə xüsusi diqqət tələb edir”,-deyə S.Fətəliyeva vurğulayıb.
Qeyd edib ki, müzakirə olunan məruzələr müasir dövrdə qanunvericilik səviyyəsində qadınların böyük dəstəyə ehtiyacı olduğunu bir daha göstərir. Bu dəstək qadınların özünə əminliyinin artmasına və hər an qarşıya çıxan maneələri dəf etməsinə kömək edə bilər. Coğrafi məkan və milliyyətindən asılı olmayaraq, qadınlar özlərinə daha çox inanmalıdırlar. Çox zaman qadınlar özlərini kişilər qədər işə həsr edə biləcəklərini, qabiliyyətlərinin və potensiallarının olduğunu sübut etmək məcburiyyətində qalırlar. Buna görə də qadınlara daha çox etimad göstərməklə, onlara güvənərək, müxtəlif sahələrdə təmsil olunmaq imkanı verməklə gender ayrı-seçkiliyini aradan qaldırmağa nail olmaq, eyni zamanda, onlara qarşı zorakılığa və hüquq bərabərsizliyinə son qoymaq olar.
Deputat vurğulayıb ki, bu məsələlərdə cəmiyyət və dövlətin dəstəyi ilə yanaşı, qadınların bir–birinə dəstəyi də böyük əhəmiyyət daşıyır. Yalnız belə yanaşma ilə yaranmış böşluqların aradan qaldırılmasına nail olmaq mümkündür.
"Fəxrlə qeyd etməliyəm ki, təmsil etdiyim ölkədə ötən il qadınların seçmək və seçilmək hüququnun əldə etməsinin 100 illiyi qeyd olunub. Bu mənada ölkəmizdə qadın hüquqları mövzusu önəm daşıyır və Azərbaycanda qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Gender bərabərliyinin əsasları Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər”, - deyə S.Fətəliyeva qeyd edib. Bildirib ki, qadınların bütün sahələrdə təmsil olması üçün Azərbaycanda münbit şərait yaradılıb, onların məşğulluq potensialından maksimum istifadə edilməsi gəlir əldə etmələrinə və iqtisadi müstəqillik qazanmalarına, sosial risklərdən sığortalanmalarına şərait yaradır. Bu gün bu sahədə təcrübələrimizi bölüşməklə, müxtəlif suallara cavab tapmağa, müzakirələr vasitəsi ilə məsələlərin həlli istiqamətində müsbət nəticələr əldə etməyə çalışırıq. Hər bir qadın öz hüquqları uğrunda mübarizədən çəkinməməli, özünə güvənərək, siyasi və iqtisadi həyatda iştirakçılıq imkanlarından istifadə etməlidir. Yalnız belə olduğu halda qadınlara qarşı hər cür zorakılığın aradan qaldırılmasına nail olunar, cəmiyyət həyatının bütün sahələrində qadınların hüquq və imkanlarının genişlənidirilməsinə yönələn mükəmməl strategiyalar həyata keçirilər.
banner

Oxşar Xəbərlər