• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

Qadın əllərinin yumşaq gücü Rusiya və Azərbaycanı birləşdirir

27.08.19 21:30 3296
Qadın əllərinin yumşaq gücü Rusiya və Azərbaycanı birləşdirir
Bu gün qadınların rolu təkcə ayrıca götürülmüş cəmiyyətdə deyil, həmçinin onların əməkdaşlığının dinc inkişaf və millətlərin qarşılıqlı zənginləşməsi üçün resursa çevrilməyə qadir olduğu dövlətlərarası səviyyədə də artır. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya müasir Azərbaycanda qadınların rolu və onların xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi sahəsində imkanları barədəAZƏRTAC-ın müxbiri ilə söhbətində danışıb.
- Nataliya Rudolfovna, hər hansı müsəlman ölkəsindən söhbət düşdüyündə mütləq qadınların və kişilərin bərabər hüquqları məsələsi ortaya çıxır. Siz kənardan Azərbaycanın bu sahədə nailiyyətlərini qiymətləndirə bilərsinizmi?
- Qısaca olaraq bu cür cavab verərdim: Bakı dünyada çadranı atmış qadına heykəl qoyulduğu yeganə müsəlman ölkəsidir. Çünki, Azərbaycan müsəlman Şərqinin ilk dövləti olaraq qadınlara kişilərlə bərabər hüquqları 100 il əvvəl verib. Müqayisə üçün bildirim ki, fransız qadınlar yalnız 1944-cü ildə seçkilərdə iştirak hüququnu əldə ediblər. Səudiyyə Ərəbistanında isə yalnız ötən il qadınlara avtomobil idarə etməyə icazə verilib. Beləliklə, bu ölkələrdən hansında qadın daha azaddır? Mən deyərdim ki, məhz Azərbaycan ənənələrin və inkişafın vəhdəti üzrə unikal nümunə kimi qadınlara öz imkanlarını tam şəkildə gerçəkləşdirmək şəraiti yaradıb.Müasir Azərbaycanda qadınlara münasibətdə dövlət siyasəti milli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, qadınlara qarşı ayrı-seçkiliyin bütün təzahürlərinin ləğvi haqqında Konvensiyanı ratifikasiya etdirib. Respublikada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, bir sıra qanunlar, o cümlədən məişət zəminində zorakılıq hallarının qarşısının alınması və gender bərabərliyinin təmin olunması sahəsində qanunvericilik aktları qəbul edilib. Bu gün ölkədə gender ekspertizasının rəyi olmadan heç bir qanun və ya dövlət proqramı qəbul edilmir. Gender bərabərliyinin möhkəmləndirilməsi üzrə tədbirlərə isə respublikanın büdcəsindən hər il milyonlarla dollar vəsait ayrılır.
- Azərbaycan qadınlarının respublikanın ictimai həyatında iştirakı ilə əlaqədar nə düşünürsünüz?
- Bunun ən parlaq nümunəsi Birinci vitse-prezident və UNESKO-nun xoşməramlı səfiri, ölkəni bütün dünyada layiqincə təmsil edən Mehriban xanım Əliyevadır. Hesab edirəm ki, Mehriban xanım ailə həyatını və ictimai fəaliyyəti birlikdə həyata keçirə bilən nümunəvi müasir qadındır. Ümumiyyətlə, Azərbaycan siyasətində qadın ənənələrinin kökü qədimlərə gedib çıxır: XII əsrin əfsanəvi qadını Möminə Xatun xalqın yaddaşında özünün hazırcavablığı və dərin zəkası ilə qalıb. Həmçinin, Puşkinin nağılından Şamaxı çariçasını da xatırlamaq olar. Onun adının mənşəyi Azərbaycanın Şamaxı şəhəri ilə bağlıdır.Müasir Azərbaycanda zərif cinsinin nümayəndələri kişilərlə birlikdə hakimiyyət strukturlarına, qanunverici və icra orqanlarında təmsil olunurlar. Məsələn, onlar Milli Məclisin deputatlarının 17 faizini təşkil edir, bələdiyyələrdə isə son seçkilərin yekunlarına görə qadınların sayı 6 dəfə artıb. Elm, səhiyyə və təhsil sahələrində daha çox qadın fəaliyyət göstərir. Həm də Azərbaycanda ali və orta ixtisas səviyyəli qadın mütəxəssislərin sayı kişilərdən çoxdur.
- Bütün dünyada qadınların təsirinin daha çox artdığı mühüm sahələrdən biri də iqtisadiyyatdır. Siz Azərbaycan qadınlarını bu planda necə xarakterizə edərdiniz?
- Həqiqətən, qadınların biznesdə qazandığı uğurlar təkcə onların ailəsinə deyil, həm də ümumilikdə ölkə iqtisadiyyatına fayda gətirir. Qadın intuisiyası isə alışılmış proseslərə qeyri-standart prizmadan baxaraq gəlir əldə olunmasının yeni imkanlarını görməyə imkan verir. Azərbaycan son illərdə biznes sahəsində əsl qadın bumu yaşayır. Sahibkarların sayı 143 minə yüksəlib ki, bu da biznes icmasının üçdəbiri deməkdir. Aqrar sektorda isə qadınlar hətta rəhbər vəzifələrin 50 faizini tuturlar. Bu cür fəallığın səbəbi dövlətin qadın resurs mərkəzlərinin yaradılması istiqamətində səyləridir. Bu mərkəzlərə xüsusən kənd rayonlarında böyük ehtiyac duyulur. Həmçinin, xüsusi qadın biznes-inkubatorlarının açılması planlaşdırılır. Onlar zərif cinsin nümayəndələri üçün yeni iş yerlərinin açılmasına, biznesin inkişafına və qadın sahibkarlığı sahəsində yeni sərmayə imkanlarının axtarılmasına şərait yaradacaq.Azərbaycanın Qadın Sahibkarlığı Assosiasiyası rusiyalı həmkarları ilə əlaqələr yaratmağa səy göstərir. Biz yaxınıq, eyni dildə danışırıq, bir-birimizi çox yaxşı başa düşürük və bütün bu imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır. Xüsusən, Bakıda keçirilən IX Regionlararası Rusiya-Azərbaycan forumunda imzalanmış ikitərəfli əməkdaşlıq haqqında sazişin bir neçə maddəsində qadın biznesinin stimullaşdırılması nəzərdə tutulub. Rusiyada qadınların biznesə cəlb olunmasına kömək göstərilməsi üzrə bir sıra proqramlar həyata keçirilir. Ölkələrimiz qadınların maliyyə müstəqilliyinin təmin olunması sahəsində təcrübə mübadiləsi apara bilərlər.
- Sizin fikrinizcə, qadınlar hələ də ölkələrimizin daha da yaxınlaşmasına kömək edə bilərlərmi?
- Zərif cinsin nümayəndələri münaqişələrin nizama salınmasına, gərginliyin azaldılmasına, konstruktiv dialoqun təşkilinə çalışır və bu da dövlətlərarası əməkdaşlığın inkişafında və xalq diplomatiyasında çox mühüm rol oynayır. Mövcud olan ənənəyə müvafiq olaraq Rusiya və Azərbaycanın qadın ictimai təşkilatları birlikdə fəaliyyət göstərirlər. Bizim RAD mərkəzi Rusiya və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşma və etimadın təmin edilməsinə xidmət edir, onun fəaliyyəti Azərbaycan mədəniyyəti və incəsənətinin qadın nümayəndələri tərəfindən həmişə müsbət rəylər alır. Daha qlobal perspektivdə qadınların əməkdaşlığı bələdiyyə və regional səviyyədə rəhbərliklər, parlamentarilər və ictimai liderlər arasında uğurlu təcrübə mübadiləsinin qurulmasına kömək edə, məhz qadın xalq diplomatiyası prizmasından ölkəmizdəki vətəndaş cəmiyyətini inkişaf etdirə bilər.Nəzdində RAD mərkəzinin fəaliyyət göstərdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev tez-tez təkrar edir ki, qadınlar təbiət etibarilə əmin-amanlıq tərəfdarıdırlar və bu güclü potensialdan ölkələrimiz arasında dinc yanaşı yaşamağın, mədəni dialoqun, humanitar və iqtisadi tərəfdaşlığın inkişafında istifadə etmək zəruridir.
banner

Oxşar Xəbərlər