• şənbə, 20 Aprel, 06:59
  • Baku Bakı 14°C

Qadağan zonasında gəziş

04.07.16 11:22 2272
Qadağan zonasında gəziş
Deməli, ucqar dağ kəndinin ilkinliyə sadiq, səmimi olduğu qədər də sadəlövh olan əhli illərdi ki, dünyanın işdəklərindən elə də baş çıxara bilməyən uşaqlara beş addımlıqdakı sirli dərə haqqında dürlü nağıllar danışır. Belə bir inam var ki, kim o sirli, müəmmalı dərəyə enmək xəyalına düşsə, ora qədəm bassa dönüb şeytan olacaq. Bu səbəbdən də bütün kənd uşaqları üçün o şeytan dərəsinin sınırları əbədi olaraq qapanıb, nə gedəni, nə gələni var.
Qəzavü-qədər də elə o şeytan dərəsinin beşaddımlığında baş verir. Necə olursa ana balaca Qəribini etmədiyi bir suçun üstündə cəzalandırır. Balaca oğlan bu ədalətsiz tənbehi qəbul etmir, daxili etirazını Şeytan dərəsinin üstünə tökmək qərarına gəlir və dönüb var gücüylə o sirli, qorxulu dərəyə sarı qaçır. Gözlənilmədən verilən qərar ananı çaşdırır. Handan-hana özünü toparlayıb körpəsinin arxasınca haray təpir ki, "Qərib hey, geri dön, getmə bala, getmə, dönüb şeytan olarsan!”
Əslində? söhbət coğrafi bir ərazidən, maddi şəkildə mövcud olan bir dərədən getmirdi. O dərə heç kəsin heç kəsə arzulamadığı, qıymadığı pisliklərin, xəyanələrin, şeytanlığın simvolu idi. Əslində, o sadə, sadəlövh kənd əhli övladlarına "pisliyə, xəyanətə, şeytanlığa meyl etməyin, dönüb özünüz də şeytan olarsınız” demək istəmişdilər.
Aradan upuzun aylar, illər keçəcəkdi, zaman ötüb, vaxt yetişəcəkdi... Təbii ki, anasına ərk edib Şeytan dərəsinə sarı yan alan o uşaq da böyüyəcəkdi. Və günlərin birində qələmi götürüb ilk əsərini yazmağa başlayacaqdı ki, indi hərdən kimə qarşısa qeyzlənir, əsəbiləşirəmsə, ürəyimin başında gəzdirdiyim bir arzumun gerçəkləşməsi üçün kiməsə üz tutmaq istəyirəmsə o zaman qeybdən qulaqlarıma anamın səsi gəlir: "Qərib hey, gözlə ha, bala, birdən dönüb şeytan olarsan”.
Bu, görkəmli yazıçı, yaxın günlərdə Yazıçılar Birliyinin Natəvan klubunda 80 illik yubileyi qeyd edilən Qərib Mehdinin "Qərib, hey...” hekayəsində yazılanlardı.
Qərib Mehdi öz dərin müşahidələrinin məhsulu olan iynəboylu (deməli, çox yığcam, lakonik) hekayələri ilə kiçik janrın böyük imkanlarını yetərincə ortaya qoya bildi. Bu iynəboyu hekayələrin özü belə onun hansı ədəbi dəyərlərə sahib çıxması özünü apaydın ifadə edir. Bu qəbildən olan "Təklik” əsərində oxuyuruq: "Təkləndi. Yolu haçalandı; biri özünə aparırdı, o birisi Allahlığa.
Hansı yolu seçməli idi? Çətinliklə üzləşmişdi. Heçə dönmək qorxusu onu birinci yoldan çəkindirirdi. Həmişə var olmaq istəyini isə həyata keçiməyə gücü çatmırdı”. Mətləbi məhz bu cür yığcam, bitkin və lakonik şəkildə ifadə edə bilmək bacarığı yalnız Qərib Mehdi kimi sözün yerini, qədir-qiymətini bilən, kiçik janrın böyük imkanlarına bələd olan bir sənətkara məxsusdu. "İlan” əsərində olduğu kimi: "İlan... öz yolu, öz amalı olan canlı. Düz yolda əyri getmək, sürünmək onun yaşam tərzidi. Qıvrılmasa ovunun üstünə atıla bilmir. Qıvrılmırsa, rəqibini çalıb zəhərini tökə bilmir. Qıvrılmasa şirin yuxuya gedə bilmir.
O, hər saat düz vəziyyətdə gözə görünmür. Görünürsə, demək ölmüşdür. Bu da ilanın düzlük sindiromudur...”
Elə ilk andaca hiss olunur ki, Qərib Mehdi öz müşahidələrində dəqiq, dərin və özünəməxsusdu. Bu deyilənlərə "gözlənilməzdi” fikrini də əlavə etsək onun yazı üslubunu bütövlükdə əhatə etmiş olarıq.
Qərib Mehdinin sevərək yaratdığı sadə insanların hər kəsə tanış, doğma obrazı oxucuya təlqin edir ki, boyu vətən boyda olmayanların saatı əbədiyyətə işləmir. Baxışları al günəşdə qovuşmayanların ömür-gün qaranlıqları tale ortağına dönüb yaşayır. Yuxusunu axar sulara söyləməyənlər boğulub qalırlar dar quyularda. Qərib Mehdi o söz adamlarındandı ki, yarım əsrdən çoxdur qələmi onun sözünü eşitmir, əmrinə tabe olmur, yəni, onun əlində qələm özü göstəriş vermək səlahiyyətindədi. Bir icraçı yazı adamı kimi o, daim qələminin, deməli, ruhunun ardınca gedir. Qələm onu o yerlərə çağırır ki, özünün də yazdığı kimi, "oralarda həyat bütün ziddiyyəti, çalarları, işıqlı – kölgəli tərəfləri ilə mövcuddur, sözünü açıq deyə bilir”. Lakin bütün bu məqamların özündə belə. Q.Mehdi bir yazıçı kimi öz fərdiyyətini hifz edə bilir, yazıçı tənhalığının hücrəsinə çəkilmək səlahiyyətini özündə saxlayır. Necə deyərlər, təklənməkdən qorxmur. Yaxşı bilir ki, təklənmək ilk növbədə özünə qovuşmaq, özüylə qalmaqdır. İnsan belə vəziyyətdə özü-özünü dönüb-dönüb də yenidən ələyib ələkdən keçirə bilir. Təklənənlərin uduzduğu və qazandığı yeri apaydın görür. Bu prosesdə könüllü təklənənlərin qazancı daha çox olur. Q.Mehdi də hər bir istedadlı qələm adamı kimi, ilk növbədə könüllü uduzmağının, uduza bilməyinin xoşbəxtidi. Qərib müəllim ədəbi mətbəxin iç dünyasına yaxşı bələd olan bir söz adamı kimi keçid dövrünün başıpozuqluğunun el ədəbiyyatını ev ədəbiyyatına, ovqat poeziyasını lirikaya çevrilməsinin ağrısını çəkənlərdəndi. Qərib müəllim vicdanlı bir qələm adam kimi Allahın yaratdıqlarını bəndələrin çarmıxa çəkmələrinə qarşı üsyankar ruhunu bütün yaradıcılığı boyu diri saxlaya, hifz edə bilənlərdəndi. Bu barədə olan düşüncələrini o, daha çox xoş bir gülüş, incə yumor duyğusu ilə qələmə alır. Onun gülüşünün xəmirinə bir qayda olaraq bədii təhkiyə və publisistika komponentləri də qatılır, bəzi hallarda lirik ünsürlər, fəlsəfi çalarlar, folklor deməcələri də qatılır. Eyni zamanda Q.Mehdini bu məqamda davamlı olaraq bir açıqlama-giriş də özünə çəkir. Yazıçı haqlıdı ki, çox vaxt belə girişlərin ağrısı gülüşündən betər olur. O, yazı prosesində, necə deyərlər, qadağan olunmuş zonalarda gəzişməyi çox sevir. O, yazıçı xoşbəxtliyini sözünün qüdrətində, sözünün ömürlü olmasında, sənətinin qət etdiyi məsafəsinin genişliyində görə-görə 80-ni haqlıdı. Qarşıdan 90-ın, 100-ün səfası gəlir. Bənzərsiz sənət yolunda cəfa çəkmişlərin səfa haqqı həmişə durur.
GÜLAYƏ
banner

Oxşar Xəbərlər