• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

Putinin Paşinyanı təbrik etməməsinə səbəb nədir?

18.12.18 21:02 622
Putinin Paşinyanı təbrik etməməsinə səbəb nədir?
"Məxməri” inqilabdan sonra Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik daha da güclənməkdədir. Seçkilərdən sonra gərginliyin azalacağı barədə ehtimallar isə özünü doğrultmur. Hazırda erməni cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri Rusiya prezidenti Vladimir Putinin hələ də Nikol Paşinyanı növbədənkənar seçkilərdə qələbə qazanması münasibətilə təbrik etməməsidir. Növbədənkənar parlament seçkilərindən 10 günə yaxın vaxt keçsə də, Rusiya prezidentindən təbrik gəlməyib. Bu isə Ermənistan rəhbərliyini möhkəm pərt edib.
Jurnalistlər bunun səbəbini Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkindən soruşublar. Səfir bildirib ki, belə təbrik "dövlətlərarası protokolda nəzərdə tutulmayıb”. "Dövlətlərarası protokol var və orada belə təbriklər nəzərdə tutulmayıb. Təbriklər ancaq təyinatın özü baş tutandan sonra göndərilir. Biz hakimiyyət strukturlarının formalaşdırılması qrafikini izləyirik, ona görə də bununla bağlı suallar meydana çıxmır”- səfir deyib. Ermənistan parlament üsul-idarəçiliyinə keçdiyi üçün Nikol Paşinyan baş nazir statusunda ölkə rəhbəridir və deməli, başqa ölkələrin başçıları diplomatik protokola görə, onun seçkilərdə qələbəsini təbrik edə bilərdi. Rusiya prezidentinə gəldiksə isə, internet mənbələrində Putinin parlament üsul-idarəçiliyinin hökm sürdüyü başqa ölkələrdə baş nazirləri partiyasının seçkilərdə qələbəsi münasibəti ilə təbrik etdiyinə dair çoxlu rəsmi xəbərlərə rast gəlmək olar. Məsələn, Putin Yunanıstanın baş naziri Aleksis Tsiprası partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Rusiya prezidenti İsrailin və Yaponiyanın baş nazirlərinə də analoji təbriklər göndərib.
Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı hədəfə alan bəyanatı şok effekti doğurub. Yayılan məlumatlara görə, Yerevan və Moskva xarici hərbçilərin Ermənistan ərazisində olmasını qadağan edəcək sənəd üzərində işləyirlər. Bu barədə məlumatı Rusiya xarici işlər naziri Rusiya mediasına müsahibəsində verib. Ermənistan ərazisində fəaliyyət göstərən üç ABŞ bioloji laboratoriyası haqqında suala cavab verən Lavrov deyib: "Biz Ermənistanla, Ermənistanın ərazisində xarici hərbçilərin olmayacağına qarantiya verən sənədin hazırlıq prosesini başa çatdırmaq üzrəyik. Bu sənəd həm də hədə və risklər baxımından şəffaflığı təmin edəcək”. Rusiya xarici işlər naziri onu da deyib ki, buna bənzər sənəd Qazaxıstanla da hazırlanır. Jurnalistlərlə söhbətində Lavrov Ermənistandakı ABŞ səfirliyinin kontingent baxımından niyə belə böyük və Rusiya səfirliyinin niyə belə kiçik olduğunu uzun-uzadı izah edib. Lavrov deyib ki, məsələn, Soros Ermənistanda – "bizim məkanımızda” - postsovet ərazisində çox fəal işləyir. Rusiya xarici işlər naziri etiraf edib ki, Moskvanın bütün keçmiş sovet respublikalarında yüzlərlə diplomat və ya QHT saxlamaq üçün maddi imkanı yoxdur. Sözsüz ki, bu açıqlama birbaşa erməni rəhbərliyinə göndərilən mesajdır. Kreml bununla da Yerevana demək istəyir ki, ölkənin ikibaşlı siyasət yürütməsinə göz yummaq niyyətində deyil. Bununla bərabər, nazir Rusiyanın Ermənistandakı bütün siyasi tərəflərlə işləmədiyi haqda iddiaları əsassız adlandırıb: "Mən o fikirlə razıyam ki, biz bütün siyasi güclərlə mütləq işləməliyik, ancaq bunu etmədiyimizi demək düz deyil. Biz hər kəslə nəinki Cənubi Qafqazda, bütün postsovet məkanında işləyirik. Bütün müxalif tərəflərlə çalışırıq”.
Lavrovun bəyanatına dərhal antirusiya çağırışları ilə tanınan "Sasna çrer” qruplaşması reaksiya verib. Onlar hakimiyyətdən Lavrovun bəyanatına reaksiya verilməsini tələb ediblər. "Yaranmış vəziyyətdə Ermənistan hökuməti erməni xalqı üçün şəffaf olmalıdır və imzalanacaq yeni sazişlə bağlı izahat verməlidir. Onun ölkənin suverenliyinə ziyanlı olub-olmayacağına aydınlıq gətirməlidir”, - deyə təşkilatın bəyanatında bildirilir. "Lragir” saytı isə Paşinyanın və Putinin Belarus prezidenti Aleksandr Lukaşenkonun qalmaqallı bəyanatına hələ də reaksiya vermədiklərini şərh edib. Sayt yazır ki, Lukaşenko Paşinyanı aşağılamaqda davam edir: "Maraqlı olan o deyil. Necə olur ki, emosionallığı ilə seçilən Paşinyan ona qarşı total hücuma reaksiya vermir? Digər tərəfdən Putinin susqunluğu da narahatlıq doğurur. Robert Koçaryanı 64 yaşı ilə bağlı təbik edir, digər tərəfdən isə Paşinyanı qələbə qazanması münasibətilə təbrik etməyə tələsmir”. Koçaryanın vəkili Ayk Alumyan öz növbəsində Lukaşenkonun Paşinyanı aşağılamasını şərh edib. "Görürsünüzmü, sizin xalqa qarşı hansı sözlərdən istifadə olunur”, - deyə vəkil bildirib.
"1in.am” isə yazır ki, seçkidən sonrakı sakit atmosferi Lukaşenko doldurmaq üzrədir. Sayt bildirir ki, Belarus prezidenti öz korrektəsiz sözləri ilə bütün normaları aşır: "Lukaşenko artıq Ermənistanın daxili işlərində müəyyən rol oynayır”. Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan da Lukaşenkonun bəyanatını şərh edib. Onun sözlərinə görə, bu, KTMT daxilində müəyyən problemlərin olduğunu göstərir. Yəni, ölkələr arasında mövcud olan qarşılıqlı münasibətlər artıq ictimaiyyət üçün bəlli olub.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər