AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Putin SSRİ-nin bərpasına çalışır?

Putin SSRİ-nin bərpasına çalışır?

Siyasət
12 Dekabr 2012, 15:51 2469
Növbəti dəfə Rusiya prezidenti kürsüsünə qədəm qoyduqdan sonra prioritet kimi Avrasiya İttifaqının genişləndirilməsini götürən Vladimir Putinin planları Qərbdə geniş narahatçılıq doğurmaqdadır. MDB-nin fəaliyyətsiz, ölü bir quruma çevrildiyini anlayan Rusiya prezidenti nəyin bahasına olursa-olsun ona alternativ təsisatlar yaratmaqda israrlı göründüyü göz önündədir. Qərbdə isə onun bu planları keçmiş SSRİ-nin bərpasına cəhd kimi qarşılanır. Elə bu yaxınlarda ABŞ dövlət katibi Hillari Klinton da açıq şəkildə bunu bəyan edib. Onun sözlərinə görə, regionun yenidən sovetləşdirilməsi istiqamətində fəaliyyətlər müşahidə edilir:

“Lakin bunun adı əvvəlki kimi olmayacaq. Bu Gömrük Birliyi, Avrasiya Birliyi və ya başqa adda adlandırılacaq. Ancaq biz bununla yanılmamalıyıq. Biz əsas məqsədin nə olduğunu bilirik və fəaliyyətimizi elə qurmalıyıq ki, bu prosesi ləngidək və ya qarşısını alaq”.

Qeyd edək ki, həmin bəyanatında Putin bildirib ki, Rusiya, Belarus və Qazaxıstan tərəfindən yaradılan Gömrük Birliyi və vahid iqtisadi zona gələcəkdə Avrasiya Birliyinin yaranması üçün təkan olacaq. Klintonun ittihamını əvvəlcə Rusiya xarici işlər nazir Sergey Lavrov cavablandırıb və bunu əsassız fikir adlandırıb. Ardınca da Dövlət Dumasının spikeri Sergey Narışkin Klintonun bəyanatını vəzifəsindən getməkdə olan bir şəxsin son sözü adlandırıb. Qeyd edək ki, Hillari Klinton dövlət katibliyi vəzifəsinə gələn il son qoymalıdır. Prezident Putin isə məsələyə daha sərt yanaşıb. Rusiya prezidenti bəyan edib ki, Sovet İttifaqının bərpası cəhdinə dair ittihamları xarici həmkarlarının mənasız iddiasıdır.

Lakin ekspertlər bu qənaətdədir ki, Rusiya həqiqətən də MDB məkanını növbəti dəfə dəyişməyə cəhd göstərir. Elə MDB dövlət başçılarının Aşqabat sammitində vahid rubl məkanının yaradılması barədə təkliflər də bunu təsdiq edir. Bəziləri hesab edir ki, avrozonada baş verən böhran MDB-də vahid valyutanın yaradılması məsələsini müəyyən qədər arxa plana keçirib. Yəni bu məsələ çoxdan bəri idi ki, gündəmdə idi. Belə bir yanaşma formalaşdı ki, Avropanın inkişaf etmiş ölkələri vahid valyutanın yaradıb, onun dövriyyə məzənnəsini qoruyub saxlaya bilmirsə, o zaman zəif inkişaf etmiş ölkələri olan MDB-də vahid valyutanın dövriyyəyə buraxılması və saxlanılması çətin olacaq. Yaxın vaxtlarda MDB-də vahid valyutanın yaradılmasının mümkün olmadığı da bildirilir. Çünki, hələlik bunun üçün real resurs yoxdur. Son zamanlar MDB -nin daxilində gedən iqtisadi əlaqələr xeyli zəifləyib. Bu baxımdan da vahid valyutanın dövriyyəyə buraxılması xeyli çətinləşib. Kreml eyni zamanda MDB-ni Rusiyanın tam şəkildə nəzarət etdiyi bir məkana çevirməyə can atır. Bu istiqamətdə isə Azad İqtisadi Zona yaradılmasına çox ciddi səy göstərir. Bununla bağlı müqaviləni Azərbaycan, Özbəkistan və Türkmənistandan başqa, MDB-yə üzv olan digər bütün dövlətlər artıq imzalayıb. Həmin müqavilə onu imzalayan ölkələr arasında ticari-iqtisadi münasibətlərin hüquqi əsaslarının sadələşdirilməsini, bir sıra çoxtərəfli və MDB-nin yüzə yaxın ikitərəfli sahəsində azad ticarət rejimini tənzimləyən sənədlərin əvəzlənməsini nəzərdə tutur. Bundan əlavə vaxtilə MDB ölkələrində valyuta nizamlanması və valyuta nəzarəti sahəsində siyasətin əsas prinsipləri haqqında razılaşma, həmçinin 2020-ci ilə qədər birlik dövlətlərinin dəmiryol nəqliyyatının strateji inkişafının konsepsiyası haqqında qərar da imzalanmışdı.

Yeri gəlmişkən, Rusiya prezidenti dünən bəyan edib ki, 2015-ci ildən MDB daxil olmaqla bütün ölkələrin vətəndaşları üçün Rusiya Federasiyasına girişə yalnız xarici pasportlarla icazə verilməlidir. Onun bu fikri də MDB-ni yeni, fərqli bir quruma çevirmək istədiyindən xəbər verir. Prezident qeyd edib ki, lazımi nəzarətin yoxluğu effektiv miqrasiya uçotunu aparmağa imkan vermir: “2015-ci ildən gec olmayaraq, Rusiyaya girişə başqa ölkələrin daxili pasportları ilə deyil, yalnız xarici pasportlarla xüsusi icazə verilməlidir. Müvafiq idarələrdən Birlik ölkələrindəki həmkarları ilə bu məsələni həll etməyi xahiş edirəm”. Putin “heç kəsə problemlər yaratmağın lazım olmadığını” vurğulayıb və zəruri olduqda maksimum maliyyə və texniki kömək göstərilməsinə çağırıb. Putin, həmçinin Rusiya imperiyasında və SSRİ-də doğulmuş, indiki vətəndaşlığından imtina edib daimi yaşayış üçün Rusiyaya köçmək istəyən həmyerlilərə - rus dilinin və rus mədəniyyətinin daşıyıcılarına, onların nəsillərinə “Rusiya vətəndaşlığının verilməsinin sürətləndirilməsini" tapşırıb: “Rusiya yalnız əlavə qazanc əldə edib getmək istəyənlərə deyil, köçmək, həmişəlik məskən salmaq və Rusiyanı öz vətəni hesab edən yeni güclərin, ağıllı, təhsilli, zəhmətkeş insanların axınına ehtiyac duyur”.

Xatırladaq ki, hazırda MDB sıralarında Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna təmsil olunur.
Ekspertlər qeyd edir ki, bəzi önəmli faktorları nəzərə aldıqda, Azərbaycanın MDB-nin azad ticarət zonasının yaradılmasına dair müqaviləyə qoşulmaması təqdirəlayiq hadisədir. Çünki MDB-nin özünün gələcək taleyi elə yarandığı gündən müəmmalı xarakter daşıyır. Ona görə də, özünün mövcudluğu müəmmalı xarakter daşıyan bir qurum çərçivəsində yaradılacaq azad ticarət zonasının effektiv ola biləcəyinə inanmaq sadəlövhlük olar. Əslində, sözügedən müqaviləyə imza atan dövlətlərin sırasına diqqət yetirdikdə, həmin ölkələrin müxtəlif faktorlar üzrə Rusiyadan ciddi şəkildə asılı olduqlarını da görmək mümkündür. Həmin ölkələrin müqaviləni MDB-nin azad ticarət zonasının effektiv olacağına inandıqlarına görə deyil, sadəcə, Rusiyanın tələbinə uyğun olaraq və Kremli qəzəbləndirməmək məqsədilə imzaladıqlarını da düşünmək olar.

Azər NURİYEV