AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Putin Rusiyanın xarici siyasətinin prioritetlərini açıqladı

Putin Rusiyanın xarici siyasətinin prioritetlərini açıqladı

Siyasət
21 Fevral 2013, 10:01 1548
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik məsələsi Rusiyanın 2013-cü il üçün açıqladığı xarici siyasət konsepsiyasında əks olunub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdə göstərilir ki, xarici siyasət konsepsiyası 2013-cü il fevralın 12-də prezident Vladimir Putin tərəfindən təsdiqlənib. Sənəddə RF-nin xarici siyasət fəaliyyətinin baza prinsipləri üzrə baxışlar sistemi, prioritet istiqamətləri, hədəf və vəzifələri təqdim olunub.

Habelə konsepsiyada deyilir ki, Rusiya MDB məkanında münaqişələrin siyasi-diplomatik yolla nizamlanmasında, Dağlı Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər üzvü olan həmsədr dövlətlərlə qarşılıqlı fəaliyyətdə və Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2011-ci illərdə verdikləri birgə bəyanatlarda irəli sürülən əsas prinsiplər əsasında nizamlanmasında iştirakını davam etdirəcək. Konsepsiyada o da bildirilir ki, Rusiya beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə birgə cavab da daxil olmaqla, MDB ölkələri ilə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək: “Birinci dərəcəli vəzifə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələrin neytrallaşdırılması, Mərkəzi Asiya və Cənubi Qafqazda sabitliyin pozulmasına yol verilməməsidir”. Sənədə əsasən Rusiya Cənubi Qafqazda yaranmış siyasi reallıqları nəzərə almaqla Gürcüstanla o sahələrdə əlaqələrin normallaşdırılmasına hazırdır ki, buna gürcü tərəfi hazır olsun.

Konsepsiyada o da xüsusi olaraq vurğulanır ki, Rusiya xarici siyasətin prioritetləri MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsidir. «Rusiya üzv dövlətlərin hər biri ilə bərabərhüquqlu, qarşılıqlı mənfəət, bir-birinin maraqlarına hörmət və nəzərə alınmaqla münasibətlər qurur. Eləcə də Birlik çərçivəsində inteqrasiya proseslərinin intensivləşməsinə çalışır». Konsepsiyadan o da bəlli olur ki, Moskva Avrasiya İqtisadi İttifaqının formalaşmasını prioritet kimi nəzərdən keçirilir. Bundan əlavə MDB ölkələrində yaşayan ruslara daha çox diqqət ayrılması, onların təhsil, sosial, əmək, humanitar və digər hüquq və azadlıqlarının qorunmasına diqqət ayrılacaq. Kollektiv Müqavilə üzrə Müdafiə Təşkilatının universal beynəlxalq təşkilata çevrilməsi də bu il diqqət mərkəzində olacaq.

Bəlli olduğu kimi, uzun illərdir ki, münaqişənin nizamlanması ilə məşğul olan Moskvanın vasitəçilik missiyası indiyə qədər heç bir nəticə verməyib. Əvvəlki illərdə qatı ermənipərəst mövqe tutan Rusiya sonrakı illər ərzində bu mövqeyini sözdə bitərəfliklə əvəzlədi. Yəni, əvvəl açıq şəkildə Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Ermənistanı müdafiə edirdisə, indi yalnız münaqişənin nizamlanmasının sülh yolu ilə həllinə üstünlük verdiyini bəyan edir. Elə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu sözlərin təsdiqi kimi bu günlərdə bir daha bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli üçün səylərini davam etdirəcək. Belə ki, 2013-ci ildə Rusiyanın xarici siyasətində prioritetlərindən danışan Lavrov qeyd edib ki, rəsmi Kreml növbəti ildə münaqişəli problemlərin həllinin tərəfdarıdır. Rusiya xarici işlər naziri həmçinin deyib: ki, Moskva beynəlxalq gündəlikdə əsas məsələlərin qarşılıqlı məqbul həll yolları isə sona çatmasında maraqlıdır: “Lakin əminliklə demək olar ki, 2013-cü ildə beynəlxalq arenada münaqişələrin qarşısının alınması yenə də prioritet qalacaq. Biz Əfqanıstan, Yaxın Şərq, Şimali Afrika və Koreya yarımadasını diqqət mərkəzində saxlayacağıq. Əlbəttə ki, MDB-də münaqişələrin siyasi həlli üçün aktiv səylərimizi, o cümlədən Dağlıq Qarabağ probleminin həlli istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.

Müşahidəçilər hesab edirlər ki, Moskvanın lap əvvəldən də Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində vasitəçilik missiyasını saxlayacağı bəlli idi. Çünki bunun alternativi ancaq müharibə ola bilər. Hesab edilir ki, Rusiya Dağlıq Qarabağda müharibə başlarsa, açıq şəkildə Ermənistan tərəfdən iştirak edə bilməz. Çünki Rusiyanın Dağlıq Qarabağda mümkün müharibə zamanı Ermənistanı müdafiə edəcəyi ilə bağlı öhdəliyi yoxdur. Rusiya və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq həm iki ölkə arasında, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində həyata keçirilir. Bu yüksək səviyyəli hərbi əməkdaşlıq Rusiyanın Dağlıq Qarabağda müharibə olacağı zaman Ermənistanın tərəfini tutacağı demək deyil. Həm də Rusiya çox gözəl bilir ki, Cənubi Qafqazda yeni müharibənin alovlanması Şimali Qafqaz üçün böyük bir qığılcım olar. Bu da Rusiyaya qətiyyən sərfəli deyil. O ki qaldı Rusiyanın Ermənistanda hərbi gücünü artırmasına, bunu Cənubi Qafqazla bağlı palanın tərkib hissəsi saymaq olmaz. Rusiyanın bu regionda hərbi gücünü artırması İsrailin İrana mümkün raket hücumu və sonradan ABŞ-ın bu müharibəyə qoşulması ehtimalı ilə əlaqədardır. Çünki İranla müharibə birbaşa da olmasa, Cənubi Qafqaz regiona təsir edəcək. Ona görə də Rusiya Qərb dövlətləri və İsrailin İrana qarşı müharibəsinin Cənubi Qafqazın, dolayısı ilə Ermənistanın təhlükəsizliyinə hər hansı təhlükə yaratmaması üçün regionda hərbi gücünü hazırlıq vəziyyətinə gətirir. Yəni, Rusiya İranla müharibənin Cənubi Qafqazda stabilliyi pozacağından ehtiyatlanır. Ona görə də, mümkün ehtiyat tədbirlərini görür. Bəziləri isə hesab edir ki, Dağlıq Qarabağda yeni müharibənin başlanması ehtimalı son dərəcə yüksəkdir. Bu il ərzində münaqişəni kritik vəziyyətə gətirəcək hadisələrin olması mümkündür. Hazırda Rusiya çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər yubatsın. Rusiya Ermənistanın Gömrük İttifaqına (Gİ) qoşulması üçün çalışır. Bu ittifaqa qoşulduqdan sonra Ermənistan tam Rusiyanın mülkiyyətinə çevriləcək və heç bir müqavimət göstərə bilməyəcək. Ekspertlər bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan seçkilər vaxtı Rusiyanın ona köməyi müqabilində Gömrük İttifaqına qoşulmaq üçün 2013-cü ilin yanvar ayında sənədləri hazırlayıb imzalayacağına söz vermişdi. Ancaq hazırda Ermənistan bu ittifaqa qoşulmayıb. Ona görə də Rusiya Ermənistan Gömrük İttifaqına qoşulana qədər Dağlıq Qarabağ münaqişəsini yubatmaq fikrindədir.

Azər NURİYEV