• cümə axşamı, 18 aprel, 15:30
  • Baku Bakı 22°C

Pulunu ödə, amma gediş haqqın olmasın...

17.07.19 13:38 27613
Pulunu ödə, amma gediş haqqın olmasın...
Bu günlərdə redaksiyamıza "Bakı Kart”-ın ödəmə terminalı ilə bağlı şikayət daxil olub. Şikayətçi bildirir ki, dayanacaqda quraşdırılan terminalların birinə ödəniş etdikdən sonra hesabına pul köçməyib. Buna baxmayaraq terminal heç bir qəbz verməyib. Şikayətçi deyir ki, işə gecikdiyinə görə, məcbur olub yaxınlıqdakı metro stansiyadakı terminal vasitəsilə ödənişi həyata keçirib.
İstənilən halda belə halların yaşanması arzu olunan deyil. Xüsusilə ilə işə və ya dərsə gecikdiyimiz vaxtda vətəndaşların bu kimi neqativ hallarla rastlaşması əlavə stress yaradır. Bəs görəsən bu məsələ necə tənzimlənməlidir? Ümumiyyətlə, dayanacaqlarda ödəmə ilə bağlı problemlər yaşadığımız zaman kimə müraciət etməliyik?
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyir ki, ödəmə terminallarının hər birinin üzərində bu xidməti həyata keçirən qurumun və ya şirkətin əlaqə nömrələri qeyd olunub. Neqativ hallar zamanı vətəndaş həmin nömrə ilə əlaqə saxlaya bilər: "Çox zaman belə problemlər texniki məsələlərdən irəli gəlir. Parklama terminallarında da belə hallara rast gəlinir. Yəni sən pulu ödəyirsən, amma hesabına oturmur. Bəzən isə hətta terminal çek də vermir. Burada məqsəd vətəndaşı aldatmaq və yaxud onun cibinə girmək deyil. Sadəcə olaraq, ödəmə terminallarında müəyyən texniki nasazlıqlar zamanı neqativ hallar yaşanır. Belə olan halda, qeyd olunan əlaqə nömrələrinə zəng vurmaq olar. Təbii ki, bu, vətəndaş üçün əlavə vaxt itkisi və əziyyətdir. Yaxşı olar ki, aidiyyəti qurumlar bu məsələni diqqətdə saxlasınlar. Vaxtlı-vaxtında ödəmə terminallarının texniki servislərini həyata keçirmək lazımdır ki, vətəndaşlar bu kimi hallarla rastlaşmasınlar. Bu aparatlara nəzarət də gücləndirilməlidir. Burada söhbət böyük məbləğdən getmir. Ona görə də, hər hansı mənimsəmə faktından söhbət gedə bilməz. Metropoliten daxilində nasazlıq yarandığı zaman qurumun texniki servis şöbəsinə müraciət etmək olar. Dayanacaqlardakı terminallarla bağlı isə Bakı Nəqliyyat Agentliyinə müraciət edilə bilər”.
Ekspert Elməddin Muradlı bildirdi ki, "Bakı kart”larla bağlı uzun müddətdir ki, müxtəlif problemlər yaranıb: "Düşünürəm ki, bu problemlər kartlarla bağlı müəyyən təkmilləşmə işinin həyata keçirilməsi zərurətini ortaya çıxarır. Bu barədə dəfələrlə fikir söyləmişik. Bu gün ölkəmizə böyük turist axını var. Onlar da "Bakı kart”lardan istifadə edirlər. Ona görə də, bu məsələ ilə bağlı ciddi düşünmək lazımdır. Metropoliten və Bakı Nəqliyyat Agentliyi islahat aparmalıdır. Bildiyim qədəri ilə ödəmə terminalları Türkiyəyə məxsus şirkətlərin birinin qurduğu sistemlə fəaliyyət göstərir. Təəssüflər olsun ki, həmin şirkət servis xidmətlərini vaxtlı-vaxtında yerinə yetirmir. Bu kimi hallar indiki dövrdə heç bir halda yaşanmamalıdır. Bütün avtobus dayanacaqları terminallarla təmin edilməli və həmin terminallar işlək vəziyyətdə olmalıdır. Daimi olaraq bu terminallara texniki baxış keçirilməlidir. Hər bir terminalın üzərində xidmətin əlaqə nömrəsi qeyd olunmalıdır ki, vətəndaş problem olduğu zaman harasa müraciət edə bilsin. Həmçinin onlayn qaydada ödəniş imkanları yaradılarsa, daha yaxşı olar. Mobil telefon, plastik kartlar vasitəsilə insanlar ödənişlərini həyata keçirməlidir. Bu sistemi qurmaq elə də çətin bir məsələ deyil. Biz texnologiyanın inkişaf etdiyi dövrdə yaşayırıq. Yəni texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda belə bəsit problemlərin yaşanması insanlarda haqlı narazılığa səbəb olur. Ona görə də, aidiyyəti qurumlar sözügedən məsələ ilə bağlı ciddi iş ortaya qoymalıdır. Əgər şirkət özünü doğrultmursa, onu digəri ilə əvəz etmək mümkündür. Amma təəssüflər olsun ki, bəzən vətəndaşlar terminallara qarşı məsuliyyətsiz rəftar edirlər. Çox vaxt terminallara kənardan müdaxilə edilir və onlar sıradan çıxır. Bir çox hallarda siqaret kötüyü, başqa ölkənin əskinaslarını daxil edirlər. Terminallar təmir olunduğu zaman bunun şahidi olmuşuq. Bunu edənlərin məqsədi ziyan vurmaqdan başqa nə ola bilər ki? Ona görə də, onların üzərinə müşahidə kamerası yerləşdirilməlidir. Müdaxilə edən, zərər vuran hər kəs tapılaraq cəzalandırılmalıdır. Belə məsələlər ictimailəşdirilməlidir ki, neqativ hallar yaşanmasın. Bu, Azərbaycanda ilk dəfə tətbiq olunan bir sistemdir. Müəyyən problemlərin olması qaçılmazdır. Amma çalışıb bəsit problemlərə görə vaxtımızı boş yerə xərcləməməliyik. Hal-hazırda bütün avtobusların nağdsız ödənişlərə keçməsi məsələsi müzakirə edilir. Digər tərəfdən isə insanlar gediş kartına ödəniş etməkdə çətinlik çəkirlər. Qeyd edim ki, neqativ hal zamanı BNA-nın 141 nömrəli qaynar xətti ilə əlaqə saxlamaq olar. Düşünürəm ki, bu məsələ ilə bağlı ayrıca servis xidməti təşkil olunmalıdır ki, Bakı-kartla bağlı həmin xidmətlə əlaqə saxlaya bilək”.
Məslə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, Bakı metro stansiyalarında 148 ədəd ödəmə terminalı fəaliyyət göstərir. Bundan əlavə, avtobus dayanacaqlarında "Bakı kart”a məxsus 51 ədəd ödəmə terminalı mövcuddur: "Onların fəaliyyəti ilə bağlı, adətən, problem yaşanmır. Ödəmələrdə neqativ hallar ən çox "Milli Ön” aparatları ilə bağlı olur. "Bakı kart” bu aparatlara inteqrasiya edilir. "Bakı kart”ın ödəmə terminallarında hər hansı nasazlıq yaşandığı zaman sistemdə özünü göstərir. Bu zaman həmin əraziyə texniki personal yönəldilir və mümkün olan ən qısa müddətdə nasazlıq aradan qaldırılır. "Milli Ön” aparatlarında yaşanan problemlərlə bağlı isə şirkətin özü ilə əlaqə saxlamaq lazımdır. Müraciət edildiyi zaman əməkdaşlar bu problemi aradan qaldırır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər