• cümə, 26 Aprel, 07:04
  • Baku Bakı 12°C

Pulmonoloq: Bu templə davam etsək, yayın sonuna epidemiyanı unudacağıq

24.06.21 18:15 495
Pulmonoloq: Bu templə davam etsək, yayın sonuna epidemiyanı unudacağıq
Bu gün etiraf etməliyik ki, ölkəmizdə koronavirus epidemiyası tam idarəolunan vəziyyətdədir. Həm xəstəliyə yoluxma, həm də ölüm hallarının azalması dövlət tərəfindən düzgün və vaxtında atılan addımların nəticəsidir.
Xeyli müddətdir ki, COVID-19-a yoluxanların sayı 20-70 arasında dəyişir və ev sahibliyi etdiyimiz idman tədbirlərindən sonra da nəticələr yaxşı oldu.
AZƏRTACxəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri, pulmonoloq Ədalət Abdullayev deyib.
"Proqnoz etdiyimiz kimi bu yayın sonuna xəstəliyi unutmağa başlayacağıq. Bu nailiyyətləri əldə etməyimizin əsas səbəblərindən birincisi həqiqətən dövlət tərəfindən həyata keçirilən tədbirlərdir. Ehtiyac olanda sərt karantin tədbirləri görüldü, vəziyyət stabilləşəndə həmin məhdudiyyətlər yumşaldıldı.
Pandemiya ilə mübarizədə digər əsas və effektiv vasitə kütləvi vaksinasiyadır.
Ermənistanda bir müddətdir ki, peyvəndləmə işinə başlanılıb, lakin cəmi 60 min nəfər peyvənd olunub. Bizim səhiyyə ocaqları bir günə eyni sayda vətəndaşı peyvənd edirlər. Mən bunu böyük fəxrlə deyirəm. Bunun nəticəsində bu gün 3 milyon dozadan çox vaksin vurulub. 2 milyona yaxın vətəndaş peyvəndin birinci dozasını, 1 milyondan çox insan isə ikinci dozanı qəbul edib. İndiyədək 335 mindən çox vətəndaş isə koronavirusa yoluxub. Bu rəqəmlər Azərbaycan üçün ciddi bir rəqəmlərdir. Bu templə davam etsək, yayın sonuna epidemiyanı unudacağıq.
Ancaq toylara icazə, açıq havada maskasız gəzmək, idman zallarının açılması kimi yumşalmaların hamısını normal qəbul edək, son dərəcə məsuliyyətli davranaq və qonşu dövlətlərdə olanlara nəzər salaq. Məsələn, Rusiyada əhalinin 10 faizi peyvənd olunub və yumşalmalar tərəfə addımlar tez atıldı. Nəticədə virusun "Delta” ştamı çox sürətlə yayılmağa başladı. Bizdə və dünyanın hər yerində vaksinasiyanın könüllü olduğu halda Rusiya məcburi peyvənd yoluna əl atmalı oldu.
Vaksinasiya tempi aşağı olan Gürcüstanda da yumşalmağa doğru atılan sürətli addımlar yoluxma sayını artırdı. Nəticədə vəziyyət getdikcə pisləşir”, - deyə Ə.Abdullayev qeyd edib.
Mütəxəssis bildirib ki, peyvənd olunmama həm əhali, həm də səhiyyə üçün böyük problemlər yaradır: "Yadımızdan çıxarmayaq ki, 8-9 ay əvvəl səhiyyə sistemimiz böyük yük altında işləyirdi. Səhiyyə işçilərinin dövlət tərəfindən düzgün stimulyasiyası da müsbət nəticə verdi. Fədakarlıq edən tibb işçiləri daha da həvəslə işləməyə başladılar.
Nə qədər tez peyvəndlənmə işini bitirsək, o qədər tez rahat və əvvəlki həyat tərzimizə qayıtmış olarıq. İsrail əhalisinin peyvəndlənmə işini tam bitirdi və bu ölkədə demək olar bütün məhdudiyyətlər aradan götürülüb.
Azərbaycan Qafqaz regionunda vaksinasiyaya ən tez başlayan və ən uğurlu nümunə göstərən ölkədir. Çünki vaksinasiyanı düzgün və vaxtında apardığına görə yaxşı da nəticə əldə edib. Bu qlobal bəladan tezliklə qurtulmaq üçün əhalini peyvəndlənmədə daha da aktiv olmağa çağırıram”.
banner

Oxşar Xəbərlər