Puç olan ümidlər - TƏHLİL

Genişlənmək
istəməyən Avropa Ukrayna, Moldova və Gürcüstana üzvlük əvəzinə vahid rouminq
təklif edir. Qərb nəşrinin fikrincə, Avropa İttifaqına "Şərq tərəfdaşlığı” ilə
münasibətlərdə yeni ideyalar lazımdır.
Avropa İttifaqı növbəti dəfə Ukrayna, Gürcüstan və
Moldovanın qurumun tamhüquqlu üzv olmaq ümidlərinin üstündən xətt çəkib. İllər
uzunu ən müxtəlif ideya və təşəbbüslərlə bu ölkələrin başlarının altına yastıq qoyan Aİ üzvlük
məsələsində növbəti dəfə geriyə addım atıb. Qərbin "TVP info” nəşri yazır ki,
Avropanın xarici siyasətinin əsas alətlərindən biri - qonşu ölkələrin quruma
üzvlük kimi perspektivi artıq tükənib. Brüssel onlara əlavə heç nə verə bilmir.
Bu da o anlama gəlir ki, Avropa İttifaqı genişlənmək istəmir. Çıxış yolunu
Polşa göstərib və Avropa İttifaqının "Şərq tərəfdaşlığı" ideyasını
hansısa yolla xilas etmək üçün bu ölkələrə xüsusi güzəşt və üstünlüklərin
verilməsi təklifi ilə çıxış edib.
Tələm-tələsik keçirilən telekonfrans
Bəlli olduğu kimi, ötən həftə Brüsseldə Aİ-nin
Şərqə doğru genişlənməsinin əsas aləti rolunda çıxış edən "Şərq
tərəfdaşlığı"nın altıncı sammiti keçirildi. Rusiyanın Gürcüstana
müdaxiləsindən sonra Polşa və İsveçin təşəbbüsü ilə yaradılan və bu planda
gürcü xalqı ilə Avropanın formal həmrəyliyini nəzərdə tutan proqram Kremlin
hədələdiyi Ukraynaya siyasi dəstək verilməsini nəzərdə tutur. Son toplantıda
vəziyyətin gərginliyini nəzərə alan Litva, Moldova, Ukrayna, Gürcüstan və Polşa parlamentlərinin beynəlxalq
əlaqələr üzrə komitələri tələm-tələsik telekonfrans keçirərək tək simvolik
deyil, həm də praktik əhəmiyyət kəsb edən (Moldova heyəti daxili texniki
prosedurlar səbəbindən sənədə imza atmayıb) sənədə imza atıblar. Onun
əhəmiyyətini anlamağa, "Şərq tərəfdaşlığı”nın necə inkişaf etdiyini, hansı
çətinliklərdən keçdiyini araşdırmağa çalışaq.
Polşa
siyasətinə qarşı alman maneəsi
Əsas faktor ondan ibarətdir ki,
daha çox Polşa şərq sərhədləri ətrafında vəziyyətin inkişafında maraqlıdır və
Moskvanın nüfuzunun artmasına qarşı çıxır. Ehtiyat edir ki, bu, gələcəkdə onun
torpaqlarına müdaxiləyə gətirib çıxara bilər. Polşa gözəl anlayır ki, Rusiya ilə
qarşıdurmaya getmək ona baha başa gələ bilər, imkanları çox məhduddur. Polşa, SSRİ
dağıldıqdan sonra özünə hami kimi NATO-nu gördü və sürətlə ona doğru hərəkət
götürdü. Tez bir zamanda da ona üzv də oldu. Polşa aktiv şəkildə yeni-yeni
layihələrlə çıxış etdi ki, bunların da sırasında "Şərq tərəfdaşlığı"
proqramı ilk sırada yer alıb. İlk illərdə Polşa-İsveç layihəsi maraqların postsovet
məkanında yayılmasını hədəf götürmüşdü. Bunun ardınca Avropa Qonşuluq siyasəti
ideyası ortaya atıldı. Lakin Polşanın bu siyasətinə qarşı Almaniya çıxış
edirdi. Rəsmi Berlin 2015-ci il miqrasiya böhranına qədər istəmirdi ki, Aİ cənubda
aktivlik göstərsin.
İndi bəlli olur ki...
Polşanın təşəbbüsü ilə "Şərq
tərəfdaşlığı" sürətli şəkildə gündəmə girdi və altı ölkəni ora dəvət
etdilər - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna.
Birinci sammit 2009-cu ildə Praqada baş tutdu. Lakin heç bir Avropa ölkəsinin
lideri ora qatılmadı. 2011-ci ildə ikinci sammit də eyni tale yaşadı. Əhalisi
42 milyon olan "Şərq tərəfdaşlığı” ölkələri üçün ilk illərdə büdcə 3,6 mlrd.
avro idi ki, bu da optimistlik üçün əsas vermirdi. Köklü dəyişiklik isə
Ukraynada yaşanan 2014-cü il
inqilabından sonra baş verdi. Sonrakı illərdə isə üç ölkə - Moldova, Gürcüstan
və Ukrayna Assosiativ üzvlük haqqında sazişə qoşulmaqla "Şərq tərəfdaşlığı”nın
əsas hədəflərini müəyyən etmiş oldular. Lakin indi bəlli olur ki, Avropa
İttifaqı bundan başqa onlara nə isə ciddi bir təklif etmək niyyətində deyil.
İndi Polşa diplomatiyasının əsas hədəfi köklü dəyişikliyə nail olmaq və
yuxarıda adları çəkilən dövlətləri Qərb istiqamətinə çəkməkdir.
Almaniya Ukraynaya nəinki kömək edir, əksinə...
"Şərq
tərəfdaşlığı”nın iki üzvü - Azərbaycan və Ermənistan bir il əvvəl hərbi
münaqişə yaşadı. Münaqişə də göstərdi ki, Avropa İttifaqı Qafqazda beynəlxalq
oyunçu qismində götürülmür. Daha bir üzv dövlət - Belarus isə siyasi böhran
yaşayır və Polşa, Litva və Latviya, yəni NATO və Aİ ilə düşmənçilik edir. "Şərq
tərəfdaşlığı”nın iki əsas üzvü Ukrayna və Gürcüstana təhlükəsizlik məsələsində
nəsə təklif etmək isə mümkün deyil. Aparıcı Avropa dövlətləri, məsələn,
Almaniya isə Ukraynaya nəinki kömək
edir, əksinə, bu ölkənin silah alınması prosesini bloklayır. Aİ son illər digər
sahələrdə Kiyev, Kişinyov və Tbilisiyə sadəcə vizasız gediş-gəlişdən başqa nəsə
təklif edə bilməyib. Artıq nəsə də verə bilmir, çünki Aİ-nin iri ölkələrində
elektorat Avropa qapılarını yeni üzvlərə aça biləcək hər hansı bir addıma qarşı
çıxır. Bununla da, Aİ əhəmiyyətli xarici siyasət alətindən məhrum olub – ona
qoşulmaq istəyən qonşu ölkələrin arzusunu ürəyində qoyub.
Yeni
inteqrasiya vasitələri tapılmalıdır
Gəlinən qənaət
budur ki, "köhnə” Aİ genişlənmək istəmir. Gürcülər, moldovanlar və ukraynalılar
qərbyönümlü orientasiyasını qoruyub saxlamaq istəyir, amma o halda ki, Avropa
ilə yaxınlaşmada irəliləyiş görəcəklərsə. Nəşr yazır ki, Assosiativ üzvlük
haqqında razılaşma, geniş və azad ticarət zonası, vizasız gediş-gəliş artıq öz
potensialını tükəndirib. Nəyi hədəf götürüblərsə, ona da çatılıb. Avropa İttifaqı
bundan miqyaslı nə isə təklif etmir. Bu səbəbdən də cəmiyyətdə qəbul ediləcək
və reallaşa biləcək yeni konkret hədəflər axtarıb tapmaq gərəkdir. "Aİ-Üçlük”
rouminq ümumi zonasının yaradılması bu kontekstdə tərəfdaşlıq ölkələrindən
aktiv iqtisadi miqrasiya üçün yaxşı nümunə ola bilər. Belə inteqrasiya
vasitələri çoxdur- onları axtarıb tapmaq və doldurmaq gərəkdir. Polşadan çıxan
parlament impulsu Avropa İttifaqına "Şərq tərəfdaşlığı” ilə münasibətlərdə yeni
ideya tapmağa kömək edə bilər.
Azər NURİYEV
