Psixoloji test: olsun, olmasın?
Son
vaxtlar müəllim-şagird, valideyn-müəllim münasibətlərində baş verən xoşagəlməz
hadisələr müəllimlərin işə qəbulunda psixoloji müsahibə məsələsini gündəmə gətirir.
Bunun zəruriliyini düşünənlər də, əks mövqedə olanlar da var.
Ölkənin təhsil
sferasında son vaxtlar müəllim-şagird, valideyn-müəllim münasibətlərində baş
verən xoşagəlməz hadisələr müəllimlərin işə qəbulunda psixoloji müsahibənin
birmənalı olmasa belə lazımlığını gündəmə gətirdi.Dünya ölkələrində,
əslində, çoxdan həyata keçirilən bu kimi testlər bütün sahələrdə iş üçün müraciət
edənləri əhatə edir. Belə ki, psixoloji testlər ən çox diqqətlilik, yaddaş,
işçinin reaksiya sürəti, habelə onun xasiyyəti, davranışları ilə bağlı göstəricilərini
ölçür. Pedaqoqlarla bağlı isə hesab edilir ki, pedaqogikanın, həqiqətən də,
onların işi olub-olmadığını öyrənmək üçün gələcək müəllimlər və ya seçdikləri
peşəyə şübhə edənlər üçün psixoloqla söhbət etmək faydalıdır.
Psixoloji hazırlıq və ümumi dünyagörüşü
Müəllimlərin
psixoloji müsahibəyə cəlb olunması lazımdırmı? Bizim ölkəmizdə də bu suala cəmiyyətdə
baş verən hadisələr fonunda müxtəlif cavablar eşidilir.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin
müdiri Eşqi Bağırov"Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda
keçirilən onlayn brifinqdə "Kaspi”nin mövzu ilə bağlı sualını cavablandırarkən məsələnin diqqətdə olduğunu bildirib: "MİQ
imtahanları zamanı bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları,
psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq
müvafiq komissiya tərəfindən yoxlanılır. Bu xüsusi əhəmiyyət kəsb edir. Bəzən
müəllimlərin nəticələri məhz dünyağörüşü və psixoloji müsahibəyə görə qaneedici
hesab edilmir. Müəllimlərin müsahibə mərhələsində psixoloqlar da iştirak edəcək”.
Psixoloqların peşəkar dəstəyi
Prosesin
bizim təhsil sferasında necə nizamalanacağını qeyd etməzdən öncə, qonşu ölkələrin
təcrübələrinə nəzər salaq. Belə ki, Rusiyada müəllimlərin psixoloji müsahibəyə
cəlbi ilə bağlı üst-üstə düşməyən fikirlər yer alıb. "Psixoloqlar məktəb müəllimləri
ilə işləməlidir”- deyə Moskva şəhər Milli Valideyn Komitəsi təhsil müəssisələrində
yeni vəzifənin tətbiqini təklif edib. Bu fikir son həftələrdə Rusiya
paytaxtında baş verən müəllim-şagird qalmaqallar zəncirinin nəticəsidir:
"İnternetdə müəllimlərin şagirdlərə qarşı kobud davranışlarını əks etdirən bir
neçə video peyda oldu. Bu hallar bir daha sübut edir ki, müəllimlər
psixoloqların peşəkar köməyinə ehtiyac duyurlar. Müəllimlərin belə dəstəyə
ehtiyacı var, çünki biz onların bizə, uşaqlara, cəmiyyətə borclu olduqlarını
düşünməyə öyrəşmişik, halbuki cəmiyyət onlara lazımi diqqət yetirmir, o cümlədən
maddi”.
Belarusda
da müəllim-şagird-valideyn üçbuçağı baxımından vəziyyət ürəkaçan deyil. Yerli ekspertlərin
dediyinə görə, yeni nəsillə üz-üzə olmaq müəllimləri psixoloji seminar və
treninqlərin ən maraqlanan, minnətdar dinləyiciləri və fəal iştirakçısına çevirib.
Psixoloqlar isə yaxalarını kənara çəkirlər: "Dövlət müəllimləri dəstəkləmək
yollarını tapmalıdır”.
Daha müasir yanaşmalar
Kembric Universitetinin professoru Qərib Mürşüdov "Kaspi”yə
açıqlamasında Böyük Britaniya Təhsil Nazirliyinin tələblərindən danışaraq qeyd
edir ki, müəllimin tədris etdiyi dərsi bilmək ancaq pedaqoji işin bir hissəsi
hesab edilir: "Sinif idarə edilməsi, müxtəlif bacarıqlı şagirdlərə müxtəlif
yanaşma və s. tələb olunur”. Professor müəllimlərin işə qəbulunda ayrıca
psixologiya imtahanını zəruri hesab etmir. Amma sinif psixologiyasını, şagird
psixologiyasını bilmək və istifadə etmək vacib sayılır: "Müəllimlərin elementar səviyyədə
uşaq psixologiyasını bilməsi də vacibdir. Bu baxımdan İngiltərə, Şotlandiya,
Uels və Şimali İrlandiyanın özünəməxsus tələbləri var. İngiltərədə müəllim
olmaq istəyənlərin bakalavr dərəcəsi olmalıdır və onlar birillik müəllim təlimatı
kursu keçməlidir”.
Psixologiya fənninin tədrisinə diqqət
Ölkəmizdə
təhsil ekspertlərinin də məsələyə münasibəti birmənalı deyil. Yəni müəllimin
psixoloji müsahibəyə cəlbini zəruri və lazımsız hesab edənlər var.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, müəllim dərsi idarə edə bilmirsə, deməli,
sinfi ələ almağı bacarmır, sinfi ələ ala bilmirsə, deməli, uşaq
psixologiyasına, dərsin metodikasına lazımınca yiyələnməyib. Yəni son zamanlar
məktəblərimizdə baş verən olaylar, dərs prosesində müəllim-şagird münasibətlərində
yol verilən qeyri-etik hərəkətlər məhz buna işarədir. "Çünki pedaqogikanı
psixologiyasız, metodologiyasız, uşaq fiziologiyasız təsəvvür etmək mümkün
deyil. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində
duran insandır. Məktəblərdə baş verənlər bir növ məktəbin pedaqogikadan,
psixologiyadan, fiziologiyadan ayrı düşməsinə işarədir. Müəllimi təkcə hansısa
məlumatları əzbərləyib, lazımi keçid balı toplamaqla qiymətləndirmək yanlış
yanaşma olardı. Buna görə də müsabiqənin test imtahanı ilə yanaşı, müsahibə mərhələsində
onun psixoloji hazırlığı ilə əlaqədar məqamlara da diqqət yetirmək nəinki
lazımdır, hətta son dərəcə zəruridir”. Ekspertin fikrincə, məktəblərdə psixoloq
ştatının olması ilə kifayətlənmək olmaz və bütün baş verənlərin məktəb
psixoloqu ilə əlaqələndirilməsi də heç də ədalətli mövqe sayılmazdı. Belə ki, hər
bir müəllimin özü də psixoloji keyfiyyətlərə malik olmalıdır: "Çünki, müəllimlik
missiyadır, yaradıcı işdir. Bunun üçünsə, ilk növbədə ali məktəblərimizin müəllimlik
ixtisaslarında psixologiya fənninin tədrisinə diqqət artırılmalıdır. O ki,
qaldı ayrıca psixoloq müsahibəsinə, buna əlavə lüzum görmürəm”.
Nəinki məktəblərdə,
bağçalarda da lazımdır
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədərtəhsilinpedaqogikası
kafedrasının baş müəllimiXalidə Həmidovanın fikrincə, psixoloji müsahibə nəinki məktəblərdə, həmçinin
bağçalarda da nəzərə alınmalıdır: "Müəllimlərin testdən keçirilərək təhsil müəssisəsinə
buraxılması daha yaxşı olar. Hətta təkcə MİQ imtahanları zamanı deyil, bir neçə
ildən bir - attestasiyalar, akkreditasiyalar aparılan vaxtı da bu prosesdən
keçmələrinin təmin olunması məqsədəuyğundur”. Pedaqoq hesab edir ki, bu müsahibələr
psixoloji prosesi izləməsi, bu sferada yaranan problemləri necə aradan
qaldırması yollarının axtarılması üçün müəllimlərin öz üzərində işləməsinə gətirib
çıxaracaq: "İstənilən müəllim pedaqoji təhsil aldığı müddətdə minimum bir il
psixologiya dərsləri keçir. Müəllim ən azından bu prosesi bilir. Müəllimin
psixoloji durumu çox vacib məsələdir. Çünki bağçalarda da, məktəblərdə də fərqli
davranış sərgiləyən müəllimlər olur. Fikrimcə, psixoloji müsahibə çox şeyi dəyişəcək.
Müəllimləri öz işlərinə daha məsuliyyətli yanaşmaya təhrik edəcək. İstənilən
halda, müəllimlər bu müsahibələrə hazır olacaq”.
Təcrübələr
göstərir ki, müəllim-şagird-valideyn münasibətlərinin tam nizamlanmasında pedaqoji reseptlər və "sehrli” üsullar kifayət
etmir. Müəllimlərin təhsil işçilərinin ixtisasının artırılması üçün universitet
və institutlarda əlavə psixoloji təhsil almaq, beynəlxalq təlimlərə qatılmaq
imkanı var.
Təranə Məhərrəmova