• bazar ertəsi, 23 dekabr, 22:31
  • Baku Bakı 8°C

Proqnozların alt-üst olduğu il - TƏHLİL

30.12.21 09:15 479
Proqnozların alt-üst olduğu il - TƏHLİL
Ekspertlərin fikrincə, 2022-ci ildə Türkiyənin regional, qlobal əhəmiyyəti daha da artacaq. Ermənistanla sərhədlərin açılması ilə nüfuzunu bu ölkəyə də yaymış olacaq. Ən əsası, qlobal nəqliyyat xəritəsində imtiyazlı yerə malik olan qardaş ölkə bu mövqeyi daha əlverişli hala gətirməyə çalışacaq.
2020-ci il başa çatan ərəfədə əksər beyin mərkəzləri, ekspert və nüfuzlu media vasitələrinin proqnozu belə idi ki, növbəti il müharibələr, pandemiyanın daha da güclənəcəyi və iqtisadi böhranlar ili kimi tarixə düşəcək. Lakin indi başa çatmaqda olan ili analiz etdikdə, proqnozların özünü doğrultmadığı üzə çıxır. Düzdür, ilin ilk üç ayında koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə etirazlar bir sıra ölkələri bürüyəndə, dərhal həmin mərkəzlər az qala sevinclə proqnozlarının reallaşdığını iddia etməyə tələsdilər. Lakin bu aksiyalar geniş miqyaslı deyil, lokal xarakter daşıdı. Ara-sıra bir sıra ölkələrdə dövlət çevrilişləri, gurultulu qətllər, sürpriz hakimiyyət dəyişiklikləri yaşansa da, dünyanın gedişinə təsir edəcək hadisələr baş vermədi. İranla bağlı gərginliyin müharibə həddinə çatacağının gözlənildiyi halda, qəfil diqqət bura yox, onun qonşusu Əfqanıstana yönəldi. NATO hərbi kontingentinin Əfqanıstanı tərk etməsi və ardınca "Taliban"ın hakimiyyəti ələ keçirməsi dünyanı şoka saldı. Hər kəs də həyəcanla 2000-ci illərdə yaşananların təkrarlanacağını gözlədi. Hələ ki, dünya birliyi bu ölkədə yaşanan prosesləri seyrçi kimi izləməkdə davam edir. Necə deyərlər, yaşayarıq, görərik. 2021-ci il iqtisadi canlanma, pandemiyanın fəsadlarının aradan qaldırıldığı il kimi də yadda qalacaq. Ümid etmək olar ki, 2022-ci il dünyaya sabitlik, pandemiyanın son qoyulduğu il kimi, ən əsası, münaqişələrin həll olunduğu il kimi tarixə düşəcək.
ABŞ-ın imicinə zərbə vuran olay
2021-ci ili analiz edərkən, qəribə səslənsə də, ABŞ-da yaşanan gərgin olay vurğulanmalıdır. İlin əvvəlində dünyanın gözü Birləşmiş Ştatlara yönəldi. 46-cı prezident Co Baydenin hakimiyyətə gəlişi ilə Kapitoliyə hücumlar və nəticədə beş nəfərin ölümünə səbəb olan hadisə dünyada şok effekti doğurdu. Çoxları buna görə postunu tərk etməyə hazırlaşan Donald Trampı günahlandırdı. Proseslər irimiqyaslı aksiyalara çevrilməsə də, ölkədə ciddi rezonans doğurdu. Liberal dairələr Vaşinqtondakı hadisələri Donald Trampın təhriki ilə kütlənin çevriliş cəhdi, sadəcə keçici epizod kimi təqdim etməyə çalışdı. Konqres 1814-cü ildəki ingilis hücumundan sonra ilk dəfə bu cür güc tətbiqinə məruz qaldı. "Demokratiyanın hər iki ayağının axsaması” kimi şərh edilən bu olay Vaşinqtonun başqa ölkələrə kurs sırımaq haqqını itirdiyi fikrini yaratdı. "Demokratiyanın beşiyi” sayılan ABŞ-da yaşananlar təkcə Trampın rəqibləri deyil, dünyanın əksər ölkələri, beynəlxalq təşkilatlar, hətta Respublikaçılar Partiyasının üzvləri tərəfindən də kəskin pislənilib. Amerikalılar başqa ölkələrə ixrac etdikləri prosesləri, nəhayət, özləri də yaşadı. Analitiklərin fikrincə, elitaların qarşıdurması Amerikanın parçalanmasına səbəb ola bilər. Necə dəyərlər, artıq ortada təcrübə var və bir neçə ildən sonra bu yaranın yenidən qanayacağını istisna etmək olmaz.
Ukrayna dünyanın diqqət mərkəzində olacaq
Çoxları bu qənaətdə idi ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra növbəti gərginlik Ukraynada yaşanacaq. Onların da proqnozlarında həqiqət var idi. Qarabağ zəfərinin təsiri altında olan rəsmi Kiyev sürətlə silahlanmaya start verdi. Əvvəlcə Türkiyədən pilotsuz uçuş aparatları aldı, ardınca da NATO ilə sıx əməkdaşlıq proqramına start verdi. Lakin gözlənilənlərin əksinə olaraq irimiqyaslı hərbi əməliyyatlar baş vermədi. Lokal xırda toqquşmalar nəzərə alınmazsa, müharibə baş vermədi. Ümid etmək olar ki, bu il də müharibə olmayacaq. Lakin Rusiya lideri Vladimir Putin ənənəvi son mətbuat konfransında çoxsaylı suallara verdiyi cavabların heç birində "Rusiya Ukraynaya müdaxilə etməyəcək”, "müharibə olmayacaq” fikrini səsləndirmədi. Bu da ciddi narahatlıq doğurur. Rus ekspertləri hesab edir ki, Putinin məntiqi aydındır: Ukrayna NATO üzvlüyünə qəbul olunarsa və ya Ukraynada ABŞ hərbi bazaları peyda olarsa, bu, Rusiyanın qonşu ölkəyə müdaxiləsi üçün əsas olacaq. Rusiya Ukrayna ilə bağlı hadisələrin inkişafının müxtəlif ssenarilərini nəzərdən keçirir və onlardan biri odur ki, Kreml Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş əldə etməsə, qondarma qurumların müstəqilliyini tanıya bilər. Bu da, 2022-ci ilin yanvarında baş verə bilər.
Qərbin maraqları daha təhlükəli görünür
Ukrayna ilə yanaşı, ən maraqlı proseslər Əfqanıstanda yaşana bilər. Amerikanın hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi və "Taliban” qruplaşmasının bu ölkədə hakimiyyəti ələ keçirməsindən sonra regionda baş verən hadisələrə maraq daha da artıb. Ən təhlükəli hal odur ki, Qərb Əfqanıstana soyuqqanlı, Rusiya isə narahatlıqla yanaşır. Qərbin maraqları daha təhlükəli görünür. Mərkəzi Asiyada gərginlik yaratmaq, Rusiyanı və Çini bölgədən sıxışdırıb çıxarmaq. Yəni İraq, Suriya və Afrika ölkələrində yaşananların burada təkrarlanması. Və sadəcə ümid etmək olar ki, proseslər bu ssenari ilə davam etməyəcək.
Türkiyə güc mərkəzinə çevriləcək
Hazırda milli valyutası ilə bağlı müəyyən çətinliklər yaşayan qardaş Türkiyəyə gəldikdə, gələn il onun regional, qlobal əhəmiyyəti daha da artacaq. Ermənistanla sərhədlərin açılması ilə nüfuzunu bu ölkəyə də yaymış olacaq. Ən əsası, qlobal nəqliyyat xəritəsində imtiyazlı yerə malik qardaş ölkə bu mövqeyi daha əlverişli hala gətirməyə çalışacaq. Türkiyə bütün nəqliyyat növlərinin istifadə oluna biləcəyi rahat ölkədir. Bu sahədə yeni əlaqələr qurmaq və mövcud olanları inkişaf etdirmək həm öz iqtisadiyyatını dəstəkləmək, həm də tərəfdaş ölkələrlə əlaqələri gücləndirmək deməkdir. Türkiyə Çinin İpək Yolunu canlandırmaq məqsədi daşıyan "Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və Çinin Avropaya açılmasında mühüm rol oynayır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər