• cümə, 29 Mart, 12:13
  • Baku Bakı 14°C

Prometeyin turist gətirən mağarası - Fotolar

17.01.19 10:30 1312
Prometeyin turist gətirən mağarası - Fotolar
Yanvarın 15-də bir qrup azərbaycanlı media nümayəndələri Gürcüstana səfər etdik. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Beynəlxalq Turizm Təşviqi İdarəsinin təşkilatçılığı ilə baş tutan turda Kutaisi şəhərinin turizm potensialı ilə tanış olma imkanları qazandıq.

İlk dəfə Gürcüstanda olan biri kimi, mənə aydın oldu ki, bu ölkə təkcə Borjomidən, Batumidən və Tbilisidən ibarət deyil. Tbilisi hava limanında düşər-düşməz, bizi Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisiyə apardılar. Yol boyu köhnə binalar, sovet dövründən qalmış evlər, mağazalar, maşın təmiri ilə məşğul olan usta sexləri bizi müşayiət etdi. Fasilələrlə, 5 saata Kutaisiyə çatdıq.

Əslində, Kutaisini müasir, texnologiyanın üstünlük təşkil etdiyi bir şəhər kimi təsəvvür etsəm də, yanıldım. Kutaisi köhnə və tarixi binaların qorunub saxlandığı bir şəhərdir.

Tarixin müasirlikdən üstün olduğu şəhər

Kutaisi Gürcüstanın qərbində, İmereti diyarında yerləşir və bu bölgənin ən böyük şəhəridir. Paytaxt Tbilisidən təxminən 221km uzaqlıqdadır. Kutaisi sovet dövründə ağır metallurgiya sənayesi mərkəzi olub. Məhz ona görə, şəhərdə köhnə metallurgiya zavodlarının qalıqları dağıdılmış vəziyyətdə də olsa, saxlanılıb. Gördüyümüz bu köhnə zavodlar turistlərin daha çox marağına səbəb olur. Bələdçi deyir ki, şəhər metallurgiya sənayesi kimi inkişaf etdiyi üçün insanlar burada daha çox idi, çünki işçi qüvvəsinə ehtiyac vardı. İndi o zavodlar bağlanıb, insanlar işsiz yaşaya bilmədiyi üçün başqa və daha çox inkişaf etmiş şəhərlərə üz tutublar. Əvvəllər şəhərin əhalisi 300.000 nəfərdən çox olub. İndi isə vəziyyət bir qədər başqadır. Kutaisi qədim Kolxida krallığının paytaxtı olub. Bura 1921-ci ildə ruslar tərəfindən işğal olunub. Sovet hakimiyyəti illərində mərkəzi hökumət Kutaisinin inkişaf etməsi üçün çoxlu sayda sənaye müəssisələri tikdirib. Həmin illərdə Kutaisi Gürcüstanın ikinci böyük şəhəri statusuna sahib olub. 1991-ci ildə Gürcüstanın müstəqilliyini əldə etməsindən sonra ölkədə iqtisadi tənəzzül başlayıb. Bu, Kutaisinin iqtisadiyyatına da təsir göstərib, şəhərdəki sənaye müəssisələrinin demək olar ki, hamısı bağlanıb. Bağlanan müəssisələr indi xarabalığa çevrilib. Kutaisidə yeni tikilmiş binalar, villalarla demək olar ki, rastlaşmadıq. Bu şəhərdən sovet dövrü insanların qoxusu gəlir. Yol boyu müşahidə etdiyimiz evlərdə daş hasarlar görmədik. Hasar əvəzinə ya bitki örtüyü, ya da kiçik naxışlı dəmirlər, taxta parçaları hörməklə kifayətləniblər. Şəhərdə XIX əsrdə tikilmiş Dram Teatrı, Opera Evi var. Orada olduğumuz müddətdə teatrda tamaşa olmadığı üçün teatrların binalarını seyr etməklə kifayətləndik.

Çörək və çaxır

Burada əhali az olsa da, gülərüz, mehribandırlar. Hər bir evdə çörəklə yanaşı, çaxırın da olması mütləqdir. Kutaisidə olduğumuz müddətdə bizi yerli mətbəxlə də tanış etdilər. Bildirdilər ki, hər bir şəhərin özünəməxsus yeməkləri var. Təkcə xaçapuri bütün Gürcüstana məxsusdur. Burada təqdim olunan çaxırları isə insanlar özləri ev şəraitində hazırlayırlar. Çaxırın rəngi bizim adət etdiyimiz qırmızı yox, sarı və portağal rəngindədir. Bu çaxır tez təsirləndirməklə yanaşı, nəfis giləmeyvə ətirli və heyranedici dada sahibdir. Bizdə qapıdan girən qonağa çay təklif olunursa, Kutaisidə isə çaxır təklif edilir. Süfrəyə düzülən təamlar duzlu və həddən artıq sarımsaqlı idi. Gürcülər yemək hazırlayarkən sarımsaq və istiotdan çox istifadə edirlər. Onu da qeyd edim ki, ənənəvi gürcü süfrəsi Borjomi suyu ilə başlayır. Borjomidən sonra süfrəyə "sasivinin" -yəni qoz sousunda bişirilmiş hinduşka təqdim edilir. Onların pomidor sousu da çox sevilir. Kutaisidə xanımlar gündəlik yemək hazırladıqları kimi, pendir də hazırlayırlar. Hər xanımın tutduğu pendir isə fərqli dad verir. Gürcü mətbəxində pendirdən qəlyanaltı, eləcə də, müxtəlif xörəklərin tam hüquqlu inqrediyenti kimi istifadə edirlər.

Prometeyin qeybə çəkildiyi mağara

Kutaisiyə gələr-gəlməz, buranın ən maraqlı bir məkanına - Prometey mağarasına yollandıq. Bu mağara Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən təyin edilmiş III dərəcəli kateqoriyaya aiddir. Mağaranın ümumi uzunluğu 11 km olsa da, ziyarətə ancaq 1060 metri açıqdır. Mağara ilk dəfə olaraq 1984-cü ilin 15 iyununda Vaxuşi Baqrationi adına Coğrafiya İnstitutunun ekspedisiyası tərəfindən kəşf olunub. Bələdçi deyir ki, XX əsrdə kəşf olunmasına baxmayaraq, bu mağaranın girişi çoxdan yerli əhaliyə məlum idi. 1985-ci ildə mağara daxilində xüsusi quraşdırma işləri aparılıb. 150 metrlik tuneldə işıqlandırma sistemi mükəmməl şəkildə həyata keçirilib. Bu da eksponatların daha möhtəşəm görünməsinə şərait yaradır.

Mağaranın Prometeylə bağlılığını da maraqlı əhvalatı var. Prometey mağarası bu ada görə Amirani haqqında məşhur bir Qafqaz mifinə borcludur. Əfsanədə deyilir ki, Amirani də Prometey kimi, tanrıları qəzəbləndirdi və sonda cəzalandırıldı. Ancaq yunan nəhəngindən fərqli olaraq, qəddar tanrılar Amiranini qayada deyil, böyük bir mağarada zəncirləyirlər. Rəvayətə görə, bu yer də Kumistavidədir. Yəni mağaranın yerləşdiyi kənddə...

Açığı, mağaraya daxil olanda düşündük ki, tarix kitablarından öyrəndiyimiz kimi, insanların qədim zamanlarda məşkunlaşdıqları, küləkdən, vəhşi heyvanlardan qorunmaq üçün sığındıqları yeraltı bir məkandır. Ancaq gördüklərimiz yanlış düşüncədə olduğumuzu göstərdi. Əsrlərlə mağaranın yuxarı hissəsindən qrunt suları damcılayıb. Mağaranın divarları ilə sızmış su və palçıq bərkiyərək daşlaşıb.

Mağarada yayda da, qışda da temperatur 14 dərəcə olur. Əynimizi qalın geyinib mağaraya daxil olanda sonra çox getməmişdik ki, tərləməyə başladıq. Getdikcə hava daralırdı. Bələdçi deyir ki, mağaranın havası asma xəstələri üçün xeyirlidir. Biz mağaraya günün sonunda daxil olduğumuz üçün yeraltı qayıqdan istifadə edə bilmədik. Bələdçi deyir ki, bu mağaranı ildə 180 min turist ziyarət edir. Turistləri cəlb etmək üçün məhz mağaraya Prometeyin adı qoyulub. Mağaranı nə qədər gəzsək də, nə Prometeyin heykəlini gördük, nə də onun harada, hansı şəkildə zəncirlənməsi ilə bağlı bir işarə. Mağarada gəzmək üçün isə qiymətlər fərqlidir. Belə ki, qayıqdan istifadə 35, qayıqsız adi gəzinti üçün 20 lari ödənilməlidir. Burada VİP xidmət də göstərilir. VİP xidmət zamanı mağaraya yalnız siz daxil olursunuz. Mağaranı gəzib qurtarana qədər sizdən başqa heç kim ora buraxılmır. VİP xidmətin qiyməti isə 100 lari təşkil edir. Tələbələr tələbə biletləri ilə müraciət etsələr, onlara güzəşt edilir, 5 lari ödəyirlər. Bu güzəşt uşaqlara da aiddir. Mağaranın ətrafında isə turizm obyektləri otellər, restoranlar fəaliyyət göstərir. Bələdçi deyir ki, ziyarətçisi olduğumuz bu mağara Kutaisiyə turist gətirən ən maraqlı turizm obyektidir. Məhz bu mağaranı görmək üçün dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Kutaisini gəzməyə davam edirik. Ardı var...

Xəyalə Rəis
Bakı-Kutaisi



banner

Oxşar Xəbərlər