• cümə axşamı, 28 mart, 19:22
  • Baku Bakı 13°C

Prokuror: Bir mənzil 3 adama satılıb

09.01.19 12:37 758
Prokuror: Bir mənzil 3 adama satılıb
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Səmayə Babayeva bildirib ki, 2013-cü ildə mənzili Eldəniz Cəfərovdan 141 min manata alıb: "Bizi istintaqa çağıranda bildik ki, mənzili başqa şəxslərə də satıblar".
Prokuror qeyd edib ki, S.Babayevanın aldığı mənzil daha 3 nəfərə satılıb. Zərərçəkmiş isə bundan xəbərsiz olduğunu, heç bir şikayət və tələbinin olmadığını söyləyib.
Prosesdə zərərçəkmiş Gülbacı Hüseynova ifadəsində deyib ki, həyət evlərini S.İbrahimova verib, əvəzində ona 8 mənzil vəd edilib: "Bu barədə Sahib müəllimlə danışdıq, mənzilləri isə bizə Məzahir Cəfərov göstərdi. Sonra problem yarandı, biz şikayətçi olduq. Bundan sonra zərərimiz ödənildi və şikayətim yoxdur".
Zərərçəkmiş Mədinə Bağırova isə bildirib ki, 2015-ci ildə Xətai rayonunda Məzahir Cəfərovdan 74 min manata ev alıblar. İstintaq dövründə evlərinin başqa şəxslərə satıldığını öyrənən zərərçəkmiş bildirib ki, hazırda da həmin mənzildə yaşayırlar.
Növbəti proses yanvarın 16-na təyin edilib.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər. Cinayət işində 52 zərərçəkmiş var.
Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.
Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.
banner

Oxşar Xəbərlər