• şənbə, 20 Aprel, 06:57
  • Baku Bakı 14°C

Professor: “delta” və “delta plus” ştamları eyni mutantlardır

05.07.21 16:30 240
Professor: “delta” və “delta plus” ştamları eyni mutantlardır
Yeni növ koronavirus (COVID-19) infeksiyasının mövcud mutant ştamlarına, o cümlədən "delta” və "delta plus”a görə, stressə və depressiyaya düşməyə əsas yoxdur. Bu virus infeksiyasının özündən güclü "qatil” mutant ştamı yoxdur. Mutant ştamların Yunan hərflərilə adlandırılması qəbul olunduğuna görə, növbəti adlandırılmalarda da hərf ardıcıllığı saxlanılacaq. Hazırda üzərində müşahidə aparılan daha 5 mutant ştam müvafiq olaraq - epislon, zeta, eta, teta deyə adlandırılacaq. Bunları ona görə deyirəm ki, əvvəla, gələcəkdə bu mutantların adını eşidəndə qorxmayasız, ikincisi və ən əsası isə, Yunan əlifbasında cəmi 24 hərf olduğuna və hər ay genom fərqliliyi göstərən 2 mutant əmələ gəldiyinə görə, koronavirusun artıq fəsli infeksiya statusu aldığına şübhə etməyəsiniz. Mutant ştamlar törətdiyi klinik əlamətlərdən bir və ya bir neçəsinə görə, COVID-19-dan fərqlənə bilər. Onu da qeyd edim ki, koronavirusun özündən güclü və qorxulu mutantının yalnız 8-10 ildən sonra yaranma ehtimalı ola bilər.
AZƏRTACxəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev koronavirusun "delta” və "delta plus” ştamları barədə ətraflı məlumat verib.
O qeyd edib ki, SARS CoV2-in genom fərqliliyi göstərən 4 xüsusi aktiv ştamı olduğu bildirilir: "Onlar Britaniya (B.1.1.7), Cənubi Afrika (B.1.351), Braziliya (P.1) və Hindistan (B.1.617.2). ştamlarıdır və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə "narahatlıq törədən variantlar” adlandırılan xüsusi qrupda birləşdirilir. Bu ştamları ilk tapıldığı ölkələr üzrə ardıcıllıqla etiketləşdirmək məqsədilə, ÜST mayın 31-də onların Yunan hərfləri ardıcıllığı üzrə adlandırılmasını məsləhət bilib. Nəticədə, Böyük Britaniya ştamı "alfa”, CAR-da tapılan "beta”, Braziliyada tapılan "qamma”, Hindistan ştamı isə "delta” ştamı adlandırılıb. Maraqlıdır ki, həmin tarixdən ÜST "delta” ştamını xüsusi olaraq ayıraraq, onu "qlobal narahatlıq törədən” ştam adlandırıb.
Hazırda bu ştama dünyanın 90-dan çox ölkəsində rast gəlinir. İyunun 21-də isə Hindistanın Maxaraştra ştatının 4 rayonunda 20 nəfərin "delta” ştamından genom fərqliliyi göstərən koronavirus serotipinə yoluxduğu bildirilib və bunu "delta plus” adlandıriblar. İddia olunur ki, bu ştam daha yoluxucu və daha öldürücüdür. Anticisimlərin effektivliyini həm xəstəliyi keçirmişlərdə, həm də peyvənd olunmuşlarda kəskin şəkildə azaldır, hazırda mövcud olan peyvəndlərə qarşı daha dözümlüdür. Hətta iddia olunur ki, Böyük Britaniyada bu ştam ilə xəstələnən vaksinasiya olunmuş insanlar belə həyatını itirir. Belə bir statistika verilir: 7 nəfər ilk peyvənd dozasını alandan sonrakı 21 gündə, 12 nəfər isə ikinci dozadan sonraki 14 gün ərzində dünyasını dəyişib. Rusiyada bir az da irəli gedib deyirlər ki, bu ştamlarla xəstələnmiş şəxs, hətta küçədə səki ilə yanından keçəndə belə, digəri də yoluxur. Bu halda əsas klinik simptomlar COVID-19-da müşahidə olunan klassik əlamətlərlə (boğaz ağrısı, əzələlərdə ağrı və s.) yanaşı, mədə-bağırsaq funksiyasının ağır dərəcədə pozulması, diareya, eşitmə pozuntusu, xüsusən aşağı ətraflarda qanqrenaya səbəb ola bilən mikrotromboz halıdır. Şotlandiyada Edenburq Universiteti əməkdaşlarının fikrincə, bu ştamla yoluxma halında hospitalizasiya riski 1,85 dəfə artır və onun "alfa” ştamı müqayisədə patoloji fəallığı 60 faiz yüksəkdir”.
Musa Qəniyev bildirib ki, "delta” və "delta plus” ştamları ilə yoluxanlar arasında göstərilən klinik əlamətlər üzrə əsaslı fərqlilik yoxdur: "Bu ştamların ilk dəfə tapıldığı və vətəni hesab olunan Maxaraştra ştatı Hindistanın mərkəzi hissəsidir. Bu ərazi üzrə əhalinin sıxlığı çox yüksək, iqlimi tropik musson, yayı isə çox isti olduğundan, istənilən infeksiya zamanı müşahidə olunan ilkin klinik əlamətlərdən biri, kompensator reaksiya kimi diareyadır. Digər tərəfdən, "delta” və "delta plus” ştamları fərqli yox, eyni mutantlardır. Onların yeganə fərqi K417N-də baş verən nöqtə mutasiyasıdır. Yəni, virusun tacında hüceyrəyə keçidi təmin edən zülal fraksiyasında lizin aminturşusunun aspargin aminturşusu ilə əvəz olunmasıdır. Lizindən fərqli olaraq aspargin aminturşu dəyişikliyi heç bir halda ştamın patogen fəallığının yüksəlməsinə səbəb ola bilməz. Bu, qeyri-mümkündür. Eləcə də, bu mutasiya halı, həmçinin kəskin genom fərqliliyi göstərməyən müxtəlif ştamlarda da var. Deməli, bu ştamın patoloji fəallığının yüksək olması reallıq deyil. Çünki bu halda mövcud peyvəndlər modifikasiya olunmalı, onların yeni versiyaları hazırlanmalıdır”.
Professorun dediyinə görə, istənilən halda, şəxsi gigiyena qaydalarına ciddi əməl edilməli, zərurət yarandıqda, fərdi qoruyucu vasitələrdən istifadə olunmalı, xüsusən "abnormal” ünsiyyət vasitəsi olan flematologiyaya (öpüşməyə) birdəfəlik son qoyulmalıdır: "Əks halda, COVID-19 olmasa da, digər viral infeksiyaların qurbanı olacağıq. Arzuolunmaz hal odur ki, bu "abnormal” ünsiyyət forması hazırda yaşlı insanlar arasında müşahidə olunmur (ölüm qorxusuna görə), yalnız cavan adamlar arasında (əvvəlkindən də çox) yayılıb. Diqqət edin, məhz bu səbəbdəndir ki, Birləşmiş Krallıqda koronavirusun "delta” ştamına yoluxma 12-20 yaş qrupları arasında ən yüksək-pik həddə çatıb. Digər tədqiqata görə, "delta” ilə yoluxma riski xüsusən flematologiyanın daha çox müşahidə edildiyi gənc, imkanlı uşaqlar arasında yüksəkdir. Rusiyada analoji hal, yəni virusun əsasən gənclər arasında yayıldığı rəsmən elan olunub. Bu, COVID 19-un gəncləşməsi deyil, yalnız ünsiyyət forması ilə əlaqədardır.
Koronavirusa münasibətdə sayıqlıq əldən verilməməlidir. Bu infeksiya ilə bağlı istənilən yeni məlumat hər kəs tərəfindən ciddi qəbul olunmalı, təhlil edilməli və bu mübarizənin gələcək strategiya və taktikası düzgün qurulmalıdır”.
banner

Oxşar Xəbərlər