• şənbə, 20 Aprel, 16:47
  • Baku Bakı 23°C

Problemsiz müştərilərə hansı güzəştlər tətbiq olunur?

30.01.19 09:30 506
Problemsiz müştərilərə hansı güzəştlər tətbiq olunur?
Neftin qiyməti aşağı düşdükdən sonra ölkədə müəyyən iqtisadi gerilik müşahidə olunmağa başladı. Bu məqam özünü xüsusilə bank sektorunda büruzə verdi. Belə ki, devalvasiyadan sonra problemli kreditlərin sayı xeyli dərəcədə artdı. Bununla belə, bankların əksər müştəriləri öz kreditlərini vaxtlı-vaxtında ödədi. Artıq iqtisadi çətinliklər geridə qalıb. Amma təəssüflər olsun ki, bu gün bir sıra banklar belə müştərilərinə heç bir güzəşt tətbiq etmir. Bəs görəsən nümunəvi müştərilərə güzəşt tətbiq oluna bilərmi? Dünya təcrübəsində belə bir məqam varmı?

İqtisadçı-eskpert Rəşad Həsənov qeyd etdi ki, hal-hazırda sözügedən sektorda ciddi rəqabətlilik yoxdur: "Bankların əksəriyyəti indiki şərtlər daxilində kreditləşmədə çox da maraqlı deyillər. Eyni zamanda, mövcud şərtlər daxilində formalaşmış faiz dərəcələrinə də diqqət etmək lazımdır. Çünki təxminən 10-15 faiz arasında manatla olan depozitləri cəlb edən banklar mövcud inflyasiya şərtləri daxilində və mövcud devalvasiya riskləri qarşısında daha aşağı faizlə kreditləşmə həyata keçirməkdə maraqlı ola bilməz. Yəni bu məntiqsizdir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, təbii olaraq uzunmüddətli dövrdə müştəri bazasının genişləndirilməsini nəzərdə tutan və hədəfləyən banklar problemsiz müştərilərinə müxtəlif formalı və mexanizmlərlə güzəştlər tətbiq edə bilər. Bu tendensiya müəyyən qədər müşahidə olunur. Yəni tam yoxdur demək də doğru olmazdı. Ola bilsin ki, burda öz əksini tapan faiz dərəcələri nisbətən aşağıdır və yaxud təqdim olunan güzəştlər çox da nəzərəçarpan deyil. Amma istənilən halda, güzəştlər tətbiq olunur. Məsələn, bəzi banklar var ki, onlar təkrar və sağlam müştəriləri üçün artıq faiz dərəcələrini mərhələli formada azaldır. Tutaq ki, ilkin olaraq siz manatla krediti 29 faizə götürürsünüzsə, artıq bir neçə müddətdən sonra 3-cü, ya 4-cü kredit götürən zaman siz 22 faizə kredit götürə bilirsiniz. Yəni bu cür kredit güzəştləri olur. Bəzi hallarda komisiondan tam azad etmə güzəşti tətbiq olunur. Yaxud ödənişlə bağlı şərtlərdə müəyyən dəyişiklik edilir. İstənilən halda, banklar çalışır ki, müəyyən qədər mövcud olan sağlam müştəri bazasından daha çox pay alsın”.
Ekspert bildirdi ki, 2014-cü ildən sonra əksər müştərilər faktiki olaraq problemli müştərilər sırasına daxil olublar: "Hazırda kiçik bir marjinal müştəri qrupu qalıb ki, banklar burdan daha çox pay almaq istiqamətində səy göstərir. Amma bankın digər əsas məqsədi mövcud şərtlər daxilində gəlir əldə etməkdir. Belə bir riskli dövrdə banklardan daha ciddi güzəştlərin gözlənilməsi, düşünürəm ki, sadəlövhlük olardı. Amma bank sektorunda rəqabət mühitinin dəyişməsi və daha da inkişaf etdirilməsi təklif olunan güzəştlərin də genişlənməsinə gətirib çıxarar. Qeyd etdiyim kimi, hazırda bank sektorunda rəqabətlilik çox aşağıdır. Bu özü də bizim gözlədiyimiz, yəni vətəndaşın və yaxud da biznesin gözlədiyi güzəştlərin verilməməsinə gətirib çıxarır. Kredit əlçatanlığını daha da çətinləşdirir. Yəni burada məsələ bundan ibarətdir. Əslində güzəşt mexanizmi hər bir bankın özünün müəyyənləşdirəcəyi kredit strategiyasından asılı olan bir yanaşmadır. Bank mümkün qədər vəsaitləri daha çevik formada istifadə edərək gəlir götürməyə səy göstərir. Amma təbii ki, kreditləşmə prosesi özünün gəlirliliyini təmin etməlidir. Buna görə də dünyada banklar tərəfindən müxtəlif mexanizmlər yaradılır. Bəzi hallarda müəyyən sosial qruplara güzəştli kreditlər təklif olunur. Hansı ki, onlar daha sağlam müştəri kateqoriyasına daxil olurlar. Məsələn, Azərbaycanda da bir sıra hallarda bənzər tendensiyalardan istifadə olunur. Bəzi banklar rəsmi şəkildə, xüsusilə də dövlət orqanlarında çalışan müəyyən qruplar üçün hədəfli kreditləşmə təklif edirlər. Burada kreditləşmədə güzəştlər öz əksini tapır. Faiz dərəcələrinin aşağı salınması, kreditləşmə xərclərinin azaldılması, ilkin müəyyən dövr üçün faizlərin geri alınması, əsas kreditin çox hissəsinin isə müəyyən dövrdən sonra geri alınması, müəyyən sosial-iqtisadi layihələr çərçivəsində məqsədli kreditləşmələrdə faizlərin tətbiq edilməsi kimi təcrübələr bizdə də tətbiq olunur. Məsələn, kənd təsərrüfatı təyinatlı biznes layihələrinin maliyyələşdirilməsi zamanı daha aşağı faizlə kreditlər təklif edilir. Yəni, bu kimi müxtəlif metodlar var. Burada əsas məsələ vəsaitin işləkliyinin təmin olunması, gəlirliyin qorunması, eyni zamanda mövcud müştəri bazasında daha çox paya sahib olmaqdır”.

İqtisadçı millət vəkili Azər Badamov söylədi ki, banklar hazırda özünün daimi müştərilərinə müxtəlif güzəştlər tətbiq edir: "Amma qeyd etdiyiniz məsələ hələlik aktual deyil. Yəni problemsiz müştərilərə xüsusi güzəşt növünün tətbiq olunması bir o qədər də geniş yayılmayıb. Çünki hələlik sözügedən sahədə müxtəlif problemlər var. Belə güzəştlərin tətbiq edilməsi heç də asan məsələ deyil. Bunun üçün müəyyən vaxt tələb olunur. Hazırda daha çox sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara müxtəlif güzəştli kreditlər təklif olunur. Gələcəkdə bu tendensiya davam etdirilə bilər”.
Şəbnəm

banner

Oxşar Xəbərlər