• cümə, 19 Aprel, 07:58
  • Baku Bakı 13°C

“Prinsipə düşdüm və o layihəni 13 variantda hazırlayıb təklif etdim” - FOTOLAR

12.06.21 11:30 1469
“Prinsipə düşdüm və o layihəni 13 variantda hazırlayıb təklif etdim” - FOTOLAR
Həsən Ələkbər: "Əlimdəki stəkanı stolun üstünə qoyub tələbələrə dedim ki, mənə 5 dəqiqə vaxt verin, özümə gəlim”
Deyir ki, sifariş götürəndə, maksimum məlumat toplayır, ailədirsə, ailə üzvləri ilə söhbətləşir, detallarına qədər nə istədiklərini tutmağa çalışır. Beləliklə, əksər hallarda ilk dəfədən müştərinin nə istədiyini təqdim edə bilir. Lakin 4-5 faiz hallarda müştəriləri ondan gördüyü işdə nə isə dəyişiklik etməyini istəyirlər, 1 faiz hallarda isə işdən imtina ediblər. Söhbət 3D dizayn sahəsi üzrə mütəxəssis Həsən Ələkbərdən gedir.

Qeyd edək ki, H.Ələkbər Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika ixtisasını bitirib. Bir çox şirkətlərdə dizayner və baş dizayner işləyib. "Park Bulvar”, "Altes Plaza” və "Altes Park” layihələrinin təqdimat müəllifi, "Bayraq Meydanı”nın eskiz layihəsinin, "Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”nin dizayn tərtibatçısı olub. Port-Ələt köçürmə layihəsində, Qobustan, Xalça və Tarix Muzeylərindəki virtual tur layihələrində aparıcı mütəxəssis olaraq iştirak edib. Hazırda özünün şəxsi dizayn studiyasında fəaliyyətini davam etdirir.


- Həsən bəy, riyaziyyat və iqtisadi kibernetika üzrə təhsil alıbsınız, amma 15 ildən çoxdur ki, 3D dizayn sahəsində çalışırsınız. Riyazi sahə maraq, bilik olmadan seçilən istiqamətlərdən deyil. Bəs ali təhsil aldığınız sahədə çalışmamağınızın səbəbi nə oldu?
- Mənim maraqlarım hərtərəfli idi. Riyaziyyatla da maraqlanırdım, incəsənətlə də. Məktəb və universitet vaxtı riyaziyyatda nəticələrim həmişə əla olub. Sadəcə uşaqlıqdan daha çox dizayna maraq göstərirdim. Başqa fakültədə təhsil almağımın səbəbi kompüter texnologiyalarını öyrənmək istəyim idi. O vaxt isə bu təhsili sırf tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsində almaq olardı. 3D dizaynın bir hissəsi dizayna, bir hissəsi texnoloji biliklərə əsaslanır. Düşündüm ki, dizaynı özüm öyrənim, kompüter texnologiyaları sahəsində təhsil alım.

- Dizaynı öyrənməyə nə vaxt başladınız?
- 3-cü kursda oxuyanda, "Digital age” şirkətində İT sahəsində işləməyə başladım. 3D, proqramlaşdırma, multimedia və s. işləri görməli idim. Dizaynı da elə oradakı kompüterdə öyrəndim. Çünki o vaxt mənim evdə kompüter, internet imkanım yox idi. Şirkətdə, az-çox o şərait olduğu üçün işlədiyim müddətdə o fürsətdən istifadə etdim.


- Bir çox şirkətlərdə dizayner və baş dizayner işləyibsiniz. Karyeranızın baş dizayner dönəmi nə vaxt başladı?
- Dizaynda ən önəmli məsələ daim öz üzərində işləməkdir. Ümumiyyətlə, insan nəyi qarşısına məqsəd qoyursa, ona çata bilir. Məqsədə gedən yolda "istəməmək”, "tənbəllik” sözləri var, amma "bacarmıram” yox. Mənim məqsədim məşğul olduğum sahədə daha yüksək səviyyəyə qalxmaq idi. Həmişə də özümə deyirdim ki, cəhd edirəm, alınmasa, onsuz da indiki səviyyəmdə qalacağam, amma alına bilər və mən bunun üçün çalışacağam. Nəticədə 2 il sonra işlədiyim layihələrdə açar rolları oynamağa başladım.

- Sizin sahədə çalışan digər şəxslərlə müqayisədə fərqli nələr edirdiniz?
- 1990-2000-ci illər arasında indiki qədər öyrədici resurs yox idi. Qarşıma iş qoyurdular, deyirdilər ki, bunu reallaşdırmaq lazımdır. Bilmirdim ki, bu işi görə biləcəyəm, yoxsa yox. Kitab yox, "Youtube” yox. İndi proqramda hər hansı funksiya işləməyəndə, internetdə araşdırıb tez həll edə bilirsən. Amma o vaxt belə deyildi. "Bacarmıram”, "bilmirəm” demək əvəzinə, kompüteri qarşıma qoyurdum və hər şeyi özüm etməyə çalışırdım. Proqramda bir funksiyanı işə salırdım və nə baş verəcəyini gözləyirdim. Belə-belə, öyrənirdim. Kompüteri qarışdırırdım. Bəlkə də, öyrənənə qədər kompüteri milyon dəfə format etmişdim. Hər dəfə pozub-yazdıqca, qarışdırdıqca, yeni məlumat əldə edirdim. O vaxt 5 ilə öyrəndiyin məlumatı indi 5 aya öyrənə bilirsən. Hazırda 20-25 yaşım olsaydı, qat-qat çox nailiyyət əldə edə bilərdim.


- 2 illik təcrübədən sonra işlədiyiniz layihələrdə önəmli rolları sizə həvalə etdiklərini dediniz. Son illər bu yanaşma dəyişməyə doğru getsə də, sizin karyeranızın əvvəlinə düşən dövrdə kifayət qədər təcrübəsi olmayan insanlara böyük layihələri həvalə etməyə risk etmirdilər. Bəs bu cəhətdən o xəttə düşməyiniz necə oldu?
- O vaxt tender formasında keçirilən bir neçə böyük layihəyə təklif göndərmişdim. Həmin tenderə yerli şirkətlərlə yanaşı, Türkiyə, İtaliya və s. ölkələrin də şirkətləri müraciət etmişdilər. Sonra həmin layihələrin rəhbərləri məni çağırıb soruşurdular ki, sən bu işi bacaracaqsan? Şübhə ilə yanaşırdılar. Bildirirdim ki, bacaracağam. Bu zaman layihə rəhbərləri mənə deyirdilər ki, sən aşağı məbləğ təyin edibsən, bir az yüksək yaz. Bir az artırırdım, deyirdilər ki, bir az da artır. Deyirdim ki, mənə bəsdir (gülür). Düşünürəm ki, ilk olaraq mənə bu layihələri professionallıq məsələlərinə görə yox, ən münasib qiyməti təklif etdiyim üçün verirdilər. Belədir ki, sən bir işi yaxşı görürsənsə, gələn dəfə iş olanda sənə təklif edirlər, başqalarına məsləhət görürlər və beləcə, tanınırsan. Qorxa-qorxa verdikləri layihələri yaxşı həyata keçirdiyim üçün, sonra da işləri olanda, mənə müraciət edirdilər. Belə hallar da yaşanırdı ki, iştirak etdiyim tenderdə layihəni mənə verməyiblər. Başqa şirkət həmin tenderi udub və işi görmək üçün mənə müraciət edib.

- Qiymətləri məqsədli şəkildə aşağı yazırdınız?
- İlk vaxtlar özümü tanıtmaq, bu işi bacardığımı göstərmək lazım idi. Yəni mən müəyyən işlər görməli idim ki, onlar işimin keyfiyyətinə bələd olsunlar.

- Sonra qiymətləriniz necə dəyişdi və indi necədir?
- Müəyyən müddət sonra qiymətləri normallaşdırdım. Çox yüksəyə də qaldırmadım, real qiymət təyin etdim. Hazırda bir kvadratmetri 20-30 manat arasında dəyişir. Həcm, üslub və s. faktorlardan asılıdır.

- Çalışdığınız sahə gəlirli sahələrdən hesab olunur. Bəzən gəlirli sahədə çalışanların, maliyyələrini idarə etməkdə çətinlik çəkdiklərini deyirlər. Maliyyəyə yanaşmanız necədir?
- Mən 90-cı illərdəki aclığı görmüşəm. Biz Şuşadan Bakıya gəlmişdik, heç nəyimiz yox idi. Elə günlər olurdu ki, çörəyimiz olmurdu, qonşulardan yarım çörək götürürdük. 90-cı illəri görən adam nə bədxərclik edər, nə də xəsislik. O insan bədxərclik edir ki, qazancın, zəhmətin, əziyyətin nə olduğunu, qazandığı pulun dəyərini bilmir. Mən o günləri görmüşəm. Hələ məktəb illərinin sonunda qəzet satıb pul qazanırdım. Universitetə yeni qəbul olduğum dönəmdə ailənin maddi durumu çətin idi. Evdə başqa işləyən yox idi. Anam müəllim işləyirdi, amma yay aylarında onun da gəliri olmurdu və mən işləyib pul qazanmaq məcburiyyətində idim. Səhər saat 9-dan gecə 2-yə kimi işləyib 5 "məmməd” (5 min manat) qazanırdım. Bilyard oyunu keçirilən yerdə nəzarətçi idim. Tələbə vaxtı sosial sorğular aparan bir şirkətdə də işlədim. Ən ciddi gəlirimi orada əldə etmişdim. Yəni mən bu yolları keçmişəm. Aradabir bədxərclik də ola bilər. Həmişə yox, arada olması normaldır (gülür).


- Bəlkə özünüzü daha çox inkişaf etdirməyə sizə güc verən səbəb, elə maddi çətinliklər olub?
- Tamamilə düzdür. Mən belə həyatı görmüşdüm və bir də onu yaşamaq istəmirdim.

- Adınız keçən layihələr biristiqamətli deyil, fərqli işlərdir, fərqli bacarıqlar tələb edir. Bu, necə oldu?
- Mən işi öyrəndikcə, bu sahədə başqa proqramları da araşdırmağa başlayırdım. Videomontaj, audio, animasiyalar və s. bir çox istiqamətləri öyrəndim. 3D-nin bütün sahələri mənə maraqlı idi. Nəticə də ona gətirdi ki, bir deyil, bir neçə istiqamətdə böyük işlər görmək bacarığı formalaşdı. Məsələn, Azərbaycan Dövlət AkademikFilarmoniyasının baş kameral zalının rekonstruksiyasının eskiz layihəsini mən vermişdim. Tarix, Xalça və Qobustan muzeylərinin multimedia diskini hazırlamışam. Bunlar tam fərqli layihələrdir. Bunlarla, paralel dizaynla məşğul olmuşam, klip çəkmişəm. Hər şey mənə maraqlı idi. İşləyə-işləyə seçirdim ki, hansı sahə mənə daha maraqlıdır. Bulvardakı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələtə köçürülmə layihəsinin bütün təqdimatını mən hazırlamışdım. Prezidentə təqdim edilmişdi, imzalamışdı. "İçəri şəhər”in bütün tarixi heykəl və abidələrinin 3D modellərini yığmışam. Fərqli sahələrdir. Amma hamısı 3D-yə bağlıdır.

- Müəllim kimi də fəaliyyət göstərirsiniz. Nə vaxtdan müəllim kimi çalışmaq qərarı verdiniz?
- 8-9 il əvvəl mənim sistemimlə işləyə biləcək işçilər lazım idi, amma tapa bilmirdim. Ona görə, bir neçə tələbə götürüb dərs keçdim və sonra işə götürdüm. 4 il öncə isə "Code Academy”nin dizaynını etmək üçün məni dəvət etmişdilər. Dizaynı bitirəndə, sonra oranın direktoru Ülvi Aslanov mənə akademiyada dərs deməyi təklif etdi. Dedim ki, bu sahədə təcrübəm, insanlar qarşısında çıxış etməklə bağlı xüsusi bacarığım yoxdur, amma yoxlamaq olar. Azərbaycanca danışığım da normal deyildi. Birinci dərsdə başım yanırdı, gördüm ki, dayana bilmirəm. Əlimdəki çay stəkanını stolun üstünə qoyub tələbələrə dedim ki, birinci dəfədir dərs keçirəm, çox həyəcanlıyam. Mənə 5 dəqiqə vaxt verin, özümə gəlim. İlk dərsi deyəndən sonra həvəs yarandı, çox xoşuma gəldi. Ən böyük zövqü isə tələbələrimin nəticələri verir.

- Tələbələrə bütün sirləri öyrədirsiniz?
- (Gülür) Dizaynerlərdə belə xüsusiyyət var ki, bildikləri hər şeyi tələbələrinə öyrətmirlər. Çünki gənc vaxtımda bununla rastlaşmışdım. Dizaynerdən "Bunu necə edirsən?” deyə soruşdum, "demirəm” cavabı aldım. Niyə belə etdiklərinə anlam verə bilmirdim. Adam qorxurdu ki, cavanlar gəlib onun çörəyini alacaq və s. Məncə, bu zaman problem həmin mütəxəssisin özündədir. İrəli getmir deyə, fikirləşir ki, bildiyi nəyisə öyrədən kimi onu keçəcəklər. Mən bildiyim hər şeyi öyrədirəm. Bir neçə tələbəm var ki, bəzi sahələrdə məni keçiblər. Məsələn, 3D-də ən çətin bölmələrdən biri olan modelləşdirmədə güclü mütəxəssis olan tələbəm var. Onun peşəkarı olan adamın, dünyanın istənilən yerində çox yaxşı gəliri ola bilər. Mən onu öyrətdim və o, öz üzərində çox işlədi. Onu, oyunlarla bağlı beynəlxalq şirkətlərdən birinin Türkiyə ofisinə işə apardılar. Keçən dəfə mənə bir işini göndərmişdi, insan bədənini işləyib. Mən onu işləsəm, 2 il vaxt sərf edərəm. Bu tələbəm modelləşdirmədə məni keçib. Bununla fəxr edirəm, ləzzət edir. Amerika, Ukraynada, Azərbaycanda çalışan tələbələrim var.

- Öz şəxsi dizayn studiyanızı nə zaman yaratdınız?
- Birincisi, müştəridən başqa kiminsə qarşısında hesabat verməyi sevmirəm. Şirkətdə işləyəndə, şirkət sənə "bunu et, onu et” deyir. Mən qərar verdiyim formada işləməyi xoşlayırdım. İkincisi, dizayner səhər saat 9-dan axşam 6-ya kimi işləyən adam deyil. Dizayner səhər 9-da gəlsə də, işə 2-də başlayacaq. Saatla işləyənlər də ola bilər, amma tək-tükdür. Bir də şirkətdə işləyəndə, bütün işi sən görsən də, sənin adın arxa planda qalır. Deməli, bir şirkətdə işləyirdim. Bütün layihəni sıfırdan sona kimi mən aparırdım, 24 saat üzərində işləyirdim. Ya layihənin təqdimatında adım olmurdu, ya da 5-6-cı cərgədə yazılırdı. Bu kimi səbəblərdən işdən ayrılıb müstəqil fəaliyyət göstərdim, sonra da öz studiyamı yaratdım.

- Müştərilərin istəklərindən danışaq. Bir mütəxəssis olaraq bu istəklərdə bəyənmədiyiniz nədir?
- Daha çox müştəri "filankəsdə filan şey gördüm, çox xoşuma gəldi, mən də belə istəyirəm” deyir. Qohumda, qonşuda görür, şəklini çəkib gətirir ki, bunu et. Baxıram və görürəm ki, qəşəng deyil. Bir də, ölkədə hamının istədiyi rəng krem rəngidir. Bu rəng mənim də xoşuma gəlir, amma başqa rənglər də var axı.

- Fərqli rəngləri istəyənlər çox azdır?
- Bəli, kimsə boz rəngdə nəsə istəyəndə, təəccüblənirəm. Qeyri-adi, fərqli rəngləri istəyənlər də olur, amma bu şəxslər cavanlar deyil. Qeyri-adi rəngləri daha çox yaşlılar istəyirlər. Demirəm ki bütün gənclər elədir, amma əksəriyyət, rəngarəng olmayan seçimlər edirlər.

- Ən yadınızda qalan işlərinizdən də danışaq.
- Şəmkir şəhərində Gənclər Mərkəzinin dizaynını deyə bilərəm. Birincisi, həyatımda ilk layihə idi ki, eyni zalın 13 variantda dizaynını verdim. O layihə də tender idi. Mən də bir dizayn hazırlayıb göndərdim. Adətən, işdən öncə tam məlumat toplayıram və birinci variantdan hər şeyi tutmağa çalışıram. Çox vaxt ilkin versiyada tuturam. Amma burda birincidə tutmadım, ikinci variantı verdim, alınmadı, üçüncünü verdim, dedilər ki, bu da uyğun gəlmir. Prinsipə düşdüm və o layihəni 13 variantda hazırlayıb təklif etdim. Sonuncu variantı qəbul etdilər və bütün mərkəzin dizaynı mənə həvalə olundu. O işi yaddaqalan edən digər səbəb o idi ki, layihəni həyata keçirmək üçün 3 günlük Şəmkirə getmişdim, amma 3 aydan sonra qayıtdım. Şamaxıda "Asan Xidmət”in dizayn layihəsi də yaddaqalan olmuşdu. Layihə üçün 8 ay Şamaxıda qaldım.


- Yoldaşınız sizin bu iş rejiminizə nə deyir?
- Şamaxıya ailəm də mənimlə gəldi. 8 ay uşaq orda məktəbə getdi. İşlə bağlı harasa uzunmüddətli səfərə gedəcəyəmsə, məndən əvvəl yoldaşım ora gedir, sonra da mən. Rejimimlə bağlı hər hansı problem yoxdur. Bəzən işlə bağlı bir günlük gedəndə də, yoldaşım mənə qoşulur. Həm gəzirik, həm də işimizi görüb qayıdırıq. Amma bu zaman bir günlük səfər mənə 10 günə başa gəlir (gülür).

Aygün

banner

Oxşar Xəbərlər