• cümə, 19 Aprel, 04:08
  • Baku Bakı 18°C

Prezidentlərin növbəti görüşü nə vəd edir?

06.11.13 08:15 1398
Prezidentlərin növbəti görüşü nə vəd edir?
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Jak Foru (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki regionda səfərdə olublar. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və bu istiqamətdəki perspektivlərlə yanaşı, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gerçəkləşməsini də müzakirə ediblər. Bəs görəsən təşkil olunması ilin sonuna planlaşdırılan görüş hansı nəticələr verəcək?
Bu mövzuda qəzetimizə açıqlama verən politoloq Elman Nəsirov söylədi ki, həmsədrlərin əsas istəkləri prezidentlərin növbəti görüşünü təşkil etməkdir. Çünki ölkə başçıları sonuncu dəfə 2012-ci ilin yanvarında Soçidə görüşüblər və o vaxtdan indiyə qədər heç bir görüş təşkil olunmayıb: “Xatırladım ki, prezidentlər 2009-cu ildə altı dəfə, 2010-cu ildə üç dəfə, 2011-ci ildə iki dəfə, 2012-ci ildə isə cəmi bir dəfə görüşüblər. Bundan sonra prezidentlər səviyyəsində heç bir danışıqlar aparılmayıb. Düşünürəm ki, həmsədrlər ölkəmizdə keçirilən prezident seçkilərindən sonra belə bir görüşün təşkil olunmasında maraqlıdırlar. Təbii ki, bu məsələdə Azərbaycanın mövqeyi bəllidir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz münaqişənin dinc və danışıqlar yolu ilə həllinə tərəfdarıq. Amma Azərbaycanın bu danışıqlara “danışıqlar naminə” getmək niyyəti yoxdur”.
Müsahibimiz vurğuladı ki, Azərbaycan Ermənistanın tətbiq etdiyi permanent danışıqlar taktikasını qəbul etmək niyyətində deyil: “Neçə illərdir ki, Ermənistanın mövqeyində heç bir pozitiv dəyişiklik yoxdur. Onlar öz riyakar siyasətlərini davam etdirirlər. Hətta deyərdim ki, irəliləməkdənsə, mövqelərində əvvəlkindən də betər geriləmə var. İşğalçıların aqressiyaları daha da artıb. Buna misal olaraq, Ermənistan prezidentinin oktyabrın 2-də, AŞ PA-da verdiyi bəyanatı xatırlatmaq yerinə düşər. Hesab edirəm ki, bu, danışıqlar prosesinə arxadan vurulan zərbədir. Sarkisyan 20 faiz torpağımızın işğalını 30 faizə qədər qaldırmaq niyyətində olduğunu açıq-aşkar söylədi. Və bunu çəkinmədən beynəlxalq birliyin gözü qarşısında etdi”.
Ermənistan prezidentinin işğalı genişləndirməsi barədə sərsəm bəyanatından hər kəsin xəbərdar olduğunu deyən politoloq hesab edir ki, həmsədrlər bu məsələyə xüsusi bənd ayırmalıdırlar. Çünki Sarkisyanın bu cür davranışı nəticə etibarı ilə danışıqlar prosesinin tamamilə pozulmasına gətirib çıxarır: “Sərsəm çıxışlar ucbatından danışıqlarda heç bir irəliləyiş yoxdur. Belə vəziyyətdə həmsədrlər çox mürəkkəb bir məsələni həll etməlidirlər. Çünki Ermənistan rəhbərliyi yeni işğal planları haqda danışır və bununla sanki Azərbaycanı hədələyir. Torpağı zəbt olunan Azərbaycan isə sülhün tərəfindədir. Biz işğalın sona çatacağı günü səbirsizliklə gözləyirik və ATƏT-in Minsk qrupundan da yalnız bunu tələb edirik. Zənnimcə, Minsk qrupu ən azı öz simasını qoruyub saxlamaq üçün müəyyən addımlar atmalı, Ermənistana təsir etməyə çalışmalıdır”.
Çünki sadalananlar baş vermədiyi təqdirdə danışıqlar nəticəsiz qalacaq, münaqişənin həllində irəliləyiş əldə olunmayacaq. Bununla da, sülh danışıqlarının həlli şübhə altına düşəcək: “Münaqişənin iki həlli yolu var – dinc və ya müharibə yolu. Göründüyü kimi, Ermənistan münaqişənin sülh yolu ilə həllinə zərbə vurur. Bu məsələdə isə təəssüf ki, beynəlxalq təşkilatların passiv və ya heç olmayan reaksiyasını müşahidə edirik. Onlar bu cür etinasız yanaşmaları ilə işğalçı tərəfi daha da şirnikləndirir, növbəti cinayətləri törətməyə sövq edirlər. Düşünürəm ki, həmsədrlər Ermənistana müəyyən təzyiq və təsir mexanizmləri formalaşdırmasalar, heç bir nəticə əldə olunmayacaq. Belə olan halda heç kimin istəmədiyi müharibə variantı aktuallıq kəsb edə bilər”.
Politoloq Qabil Hüseynli bildirdi ki, ATƏT-in Minsk Qrupu danışıqlarda irəliləyiş əldə etmək üçün Madrid prinsiplərinin bənzəri olan bir modeli həll variantı kimi ortaya qoyacaq: “Məncə, prezidentlərin görüşündə sürpriz ideya təklif olunacaq. Bu ideya isə Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş beş rayondan daha çox torpağımızın qaytarılması ilə bağlıdır. Hesab edirəm ki, beş rayon və Laçının on üç kəndinin azad edilməsi məsələsi aktuallaşdırılacaq. Bu, hətta reallaşdırıla bilər. Yəqin ki, bu zaman müəyyən şərtlər irəli sürüləcək. Şərtlərin bəziləri mətbuatda əksini tapıb. Lakin yazılanların həqiqətə uyğun olub-olmaması barədə birmənalı fikir söyləmək mümkün deyil”.
Q.Hüseynli qeyd etdi ki, adı çəkilən rayonların boşaldılması Rusiyanın iradəsi ilə bağlı olan haldır: “Rusiya bu məsələdə Ermənistana təzyiq göstərməklə özü müəyyən üstünlüklər əldə edə bilər. Ruslar Azərbaycandan müəyyən güzəştlər “qoparmaq” istəyirlər. Söhbət ölkəmizin Gömrük İttifaqı və Avrasiya İttifaqına daxil olmasından gedir. Hələ ki, Azərbaycan bu məsələlərə münasibət bildirilməyib. Amma danışıqlar prosesi gedir. Məncə, bu prosesinin çox hissəsi məxfi xarakter daşıyır”.
Müsahibimizin fikrincə, Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə, münaqişənin sülh yolu ilə həll olunmasında irəliləyiş ola bilər: “Qarşı tərəf yenə də Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini iddia edəcəksə, həmsədrlər əziyyət çəkib görüş təşkil etməsinlər. Çünki bu cür danışıqlar prosesinin faydası olmayacaq. Vurğulamaq istərdim ki, məsələnin həlli Ermənistanla Azərbaycandan çox Rusiyadan asılıdır. Bundan savayı əsas güc payı Amerika və Fransa dövlətləridir. Onlar ədalətli mövqe nümayiş etdirib Ermənistanı konstruktivliyə meylləndirə bilsələr, o zaman arzuladığımız nəticədən danışa bilərik”.
Onu da deyək ki, həmsədrlər yenə məsələnin həllinə cəhd etməyib necə deyərlər, nala-mıxa vura bilərlər. Bu onlardan gözlənilən hərəkətdir. Bu səbəbdən xatırlatmaq istərdik ki, Azərbaycan öz torpaqlarını istənilən yolla geri qaytarmaq hüququna malikdir. Bu məqam həm də BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən, təcavüzə məruz qalmış Azərbaycan qeyri-dinc yolla torpaqlarını işğaldan azad edə bilər. Müharibə variantını qəbul etməyən ATƏT və onun Minsk qrupu bu məqamı və bir milyon soydaşımızın qaçqın həyatı yaşadığını unutmasa, yaxşı olardı.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər