şənbə, 13 Avqust, 20:26

Baku Bakı 33°C

Prezidentlərin geniş tərkibdə görüşü olub - VİDEO

icon 416 icon 21 iyun 2022 | 16:30 Prezidentlərin geniş tərkibdə görüşü olub - VİDEO

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.

Kaspi.az xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.

Prezident Şavkat Mirziyoyevin çıxışı

-Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır. Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq.

Hörmətli görüş iştirakçıları, İlham Heydər oğlu ilə keçirilən məhdud tərkibdə, məhdud formatlı bugünkü görüşdə fikrimcə, biz ikitərəfli münasibətlərimizin bütün məsələləri barədə çox əyani, açıq, səmimi söhbət etdik, hətta hansı istiqamətlər üzrə real nəticə olması üçün nə etməli və necə etməli olmağımız barədə danışdıq. Əlbəttə, son illər biz etimada əsaslanan dialoqumuzu və praktiki əlaqələrimizi əhəmiyyətli dərəcədə fəallaşdırmışıq. Bu gün mühüm siyasi sənəd – Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul olunacaq. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimiz mövcuddur. Biz ticarətdə, sənayedə, kooperasiyada dinamik artım müşahidə edirik. Biz yalnız bu gün bu barədə tənqidi, ciddi danışdıq, qeyd etdik ki, əslində, əmtəə dövriyyəsi 6 dəfə artıb, lakin bu barədə tənqidi fikirləşməyə dəyər və biz bu məsələləri çox ciddi təhlil etdik. Birgə müəssisələrin sayı 4 dəfə artıb. Uğurlu əlamətdar layihələr arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından istifadə etməyin zəruri olduğunu göstərir.

Bizim görüşümüz ərəfəsində səmərəli biznesforum keçirilib, 1,5 milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var.

Həmçinin razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq.

Hörmətli nümayəndə heyətinin üzvləri, nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığımız strateji xarakter daşıyır. Biz Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyətindəyik. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir.

Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə ölkələrimizin Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək. Biz bu istiqamətdə birinci dərəcəli məsələlərin həlli üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılaşdıq. Biz həm də xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Biz bu məsələləri uzatmırıq, ilk görüş gələn ay Daşkənddə olacaq. Əlbəttə, nəqliyyat nazirləri, investisiya və iqtisadiyyat nazirləri xarici işlər nazirlərinin himayədarlığı ilə işləyəcəklər. Fikrimcə, ona görə ki, bizim çox ciddi niyyətlərimiz var.

Kənd təsərrüfatında kooperasiyanın gücləndirilməsini çox vacib hesab edirəm. Söhbət ipək istehsalı üzrə klaster yaradılmasından, pambıqçılıq sahəsində layihələrdən, innovasiya araşdırmalarının tətbiqindən gedir. Bizim nazirlər bu günlərdə bütün perspektiv istiqamətlər üzrə yol xəritəsini razılaşdırmalı və vaxt var ikən öz təkliflərini verməlidirlər.

Çoxplanlı əməkdaşlığın genişlənməsində birbaşa regionlararası əlaqələrə mühüm rol ayrılır. Biz razılaşdıq ki, ən yaxın vaxtlarda paytaxtlarımız və iri şəhərlərimiz tərəfdaşlıq münasibətləri quracaqlar. Bu gün baza sazişi imzalanacaq. Bundan əlavə, bu il Daşkənddə regionların birinci forumunu və onların sənaye potensialı sərgisini keçirməyi təklif edirik.

Humanitar məsələlərdə mütəmadi olaraq qarşılıqlı Mədəniyyət və Kino Günləri keçirmək, ali məktəblər, elmi müəssisələr, idman və gənclər təşkilatları arasında mübadilələri və əlaqələri genişləndirmək lazımdır. İşgüzar və humanitar əlaqələrin möhkəmlənməsi turizm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Azərbaycan Prezidentinin turizm üzrə ayrıca proqram qəbul edilməsinə xüsusi diqqətinə, bu təklifi dəstəkləməsinə görə ona minnətdaram. Bu il birgə Özbəkistan-Azərbaycan turizm yarmarkası keçirilməsini təklif edirik. Biz çox zəngin mədəni irs abidələrimizin bərpası və qorunub saxlanması sahəsində sıx qarşılıqlı faydalı əməkdaşlığı da inkişaf etdirməyə hazırıq.

Bundan əlavə, bu gün hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində mühüm sənəd qəbul ediləcək. Müdafiə nazirləri artıq bu gün bizim bu sazişlərin reallaşdırılması üzrə birinci dərəcəli addımları müəyyən etməlidirlər.

Hörmətli İlham Heydər oğlu, hörmətli nümayəndə heyətinin üzvləri. Bir daha vurğulamaq istərdim ki, ölkələrimiz çox böyük potensiala malikdir. Bu gün biz məhdud tərkibdə görüşdə bütün istiqamətlər üzrə potensiallarımızı bir daha çox ətraflı müzakirə etdik və hökumətlərarası komissiyaların həmsədrlərinə və ya sədrlərinə tapşırıqlar verdik ki, ən yaxın vaxtda, bu ilin noyabrında Səmərqənddə keçiriləcək görüşə qədər real nəticə olsun. Ən başlıcası, biz qarşılıqlı münasibətlərimizin müsbət təcrübəsini qazanaq. Nümayəndə heyətinin bütün üzvlərinə demək istəyirəm ki, indiyə qədər bizim bu cür etimada əsaslanan açıq söhbətimiz olmayıb. Bu gün biz çox səmimi formada açıq etiraf etdik ki, çox böyük imkanlarımız var, lakin təəssüf ki, nəticələr azdır. Bu nəticələr onu göstərir ki, İlham Heydər oğlunun tarixi səfəri özlüyündə bizim münasibətlərə yeni təkan verməlidir. Mən bizim bugünkü danışıqlardan tam razıyam, çünki istəyirdim ki, bu görüş tarixi olsun – bu, həqiqətən tarixidir, bu mənada ki, bizim qarşılıqlı münasibətlərimizin böyük potensialında böyük iz qoyacaq və bu, real nəticə olacaq.

İlham Heydər oğlu, Sizi Özbəkistanda bir daha salamlayıram və məmnuniyyətlə sözü Sizə verirəm.

x x x

Prezident İlham Əliyevin çıxışı

-Sağ olun, hörmətli Şavkat Miromonoviç, hörmətli özbək qardaşlar.

İlk növbədə, qonaqpərvərliyə və dəvətə görə bir daha təşəkkür etmək istərdim. Mən qardaş Özbəkistana səfər etməyimə və gələcək qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanına malik olduğuma görə çox şadam. Bu səfər həqiqətən tarixi səfərdir. Mən Şavkat Miromonoviçin çıxışında qeyd etdiyi istiqamətlər üzrə onun fikirləri ilə tamamilə şərikəm. Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq. Dünən və bu gün bizim həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanıb və imzalanacaq. Bir də, əlbəttə, siyasi sənəd – bizim inkişafımızı çox illər əvvəlcədən istiqamətini müəyyən edən birgə Bəyannamə.

Qarşılıqlı iqtisadi fəaliyyət məsələlərinə gəldikdə, mən Şavkat Miromonoviçin dedikləri ilə həmrəyəm. Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik. Ona görə ki, bu gün biz qarşılıqlı beynəlxalq fəaliyyətin mühüm məsələlərini müzakirə etdik və əlbəttə, bütün beynəlxalq strukturlarda daimi qarşılıqlı dəstəyi böyük məmnunluqla qeyd edirik. Şavkat Miromonoviç bizim əməkdaşlıq etdiyimiz təşkilatlar barədə danışdı. Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik.

Mən, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinizə görə ayrıca təşəkkürümü bildirmək istərdim. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.

Əlbəttə, dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib. Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq.

Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllinə görə Şavkat Miromonoviçə təşəkkür edirəm. Mən dəstək üçün müraciət edəndə dərhal kömək göstərildi və bu, həmin sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağımıza imkan verdi. Biz bu gün həm də kənd təsərrüfatı fəaliyyətinin başqa istiqamətləri ilə bağlı məsələləri müzakirə etdik. Əminəm ki, bu istiqamətlər üzrə də mühüm uğurlar əldə ediləcək. Əlbəttə, mən səfərdən əvvəl də, səfər çərçivəsində də Özbəkistanın bugünkü sənaye potensialı haqqında çox eşitmişəm. Bu gün sənaye potensialı, onun bir hissəsi ilə texnoparkda tanış olmaq imkanı olacaq. Əminəm ki, bu, müştərək layihələrin praktiki reallaşdırılması baxımından da bizim kooperasiyamız üçün çox vacibdir. Qarşılıqlı ünsiyyət çərçivəsində görürük ki, artıq yaxşı elementlər var. Konkret olaraq Hacıqabulda avtomobil zavodu. Mənə bu gün deyildi ki, avtomobil istehsalı nomenklaturunu genişləndirmək və istehsal edilən avtomobillərin sayını artırmaq planlaşdırılır. Özbəkistan haqlı olaraq bu müəssisə ilə fəxr edə bilər. Bilirəm ki, Özbəkistanda belə müəssisələr az deyil.

Qarabağın bərpası işində qardaş köməyinə görə, Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına görə də ayrıca təşəkkürümü bildirmək istərdim. İşlər artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, bizə verilmiş ilk belə böyük hədiyyədir. Biz Qarabağı hələlik öz gücümüzlə bərpa edirik. Əlbəttə, qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Ona görə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra biz Şavkat Miromonoviçlə görüşəndə o, belə bir təşəbbüs irəli sürdü və bu təklif minnətdarlıqla qəbul edildi. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Mən Şavkat Miromonoviçin apardığı islahatları – Özbəkistanın investisiya baxımından cəlbediciliyinin, sənaye potensialının artırılması, sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirirəm. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində, o cümlədən Bakıda da dəfələrlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Əlbəttə, Özbəkistan kimi müsbət demoqrafik dinamikaya malik olan ölkə bu təhdidlərin öhdəsindən gəlir. Sənaye istehsalı, iş yerləri, xalqın sosial rifahı – bütün bu mövzular daim Prezidentin diqqət mərkəzindədir və Azərbaycanda biz də, əminəm ki, Özbəkistan sakinləri də bu istiqamətlərdə böyük nailiyyətlər, böyük tərəqqi görürlər. Biz buna şadıq. Biz dostlar kimi, qardaşlar kimi Sizin uğurlarınıza sevinirik. Əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək. Biz də, əlbəttə, öz tərəfimizdən qarşılıqlı fəaliyyətimizi genişləndirmək üçün səy göstərəcəyik. Biz bu gün çox mövzular barədə ətraflı söhbət etdik. Ən başlıcası odur ki, bütün tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik.

Qonaqpərvərliyə görə bir daha sağ olun. Ümidvaram ki, bu gün də, sabah da Sizinlə bu fəal, səmərəli dialoqu davam etdirəcəyik.

x x x

Prezident Şavkat Mirziyoyev: Bir daha sağ olun, İlham Heydər oğlu. Özbəkistanda son illərdə aparılmış islahatlara qiymət verildi. Əlbəttə, biz indi çox mürəkkəb dövrdə yaşayırıq və bu mürəkkəb dövrdə biz bir-birimizi tapmalıyıq.