• cümə, 29 Mart, 19:03
  • Baku Bakı 14°C

Prezidentin sərəncamları dövlətimizin sosialyönümlü olmasına əyani sübutdur

20.06.19 13:30 383
Prezidentin sərəncamları dövlətimizin sosialyönümlü olmasına əyani sübutdur
Minimum aylıq əməkhaqqının və müxtəlif kateqoriyalı işçilərin maaşlarının artırılması barədə Prezident tərəfindən imzalanmış sərəncamları sosial sahədə inqilabi dəyişiklik adlandırardım. Gördüyümüz kimi, cari il ərzində minimum əməkhaqqı iki dəfə, özü də xeyli artırılıb. Mart ayında minimum əməkhaqqı artırılaraq 180 manata çatdırılıb, sentyabrın 1-dən isə bu məbləğ 250 manata bərabər olacaq, yəni daha 70 manat artırılacaq. Mən bunu ona görə inqilabi dəyişiklik hesab edirəm ki, çoxsaylı insanlar imkansızlar kateqoriyasından çıxacaq. Beləliklə, həm minimum əməkhaqqı, həm də çoxsaylı insanların maaşları artırılır. Ekspertlərin fikrincə, bu sərəncamlar təqribən iki milyon nəfərə aid olacaq və bütün bunların icrası üçün təqribən 700-800 milyon manat lazım gələcək.
Milli Məclisin deputatı, Parlamentin əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova bu fikirləriAZƏRTAC-a müsahibəsində söyləyib.
E.Axundova deyib: "Bir fakt məndə böyük məmnunluq doğurur ki, Müdafiə Nazirliyinin və güc orqanlarının digər bölmələrinin müxtəlif kateqoriyalı – bizim dövlətçiliyimizi, ölkəmizin sərhədlərini, asayişi qoruyan hərbi qulluqçuların maaşları 40 faiz artırılıb. Bu, çox sanballı artımdır, çox düzgün və ədalətli addımdır, çünki Azərbaycan müharibə vəziyyətində olan ölkədir, biz bədxah "qonşularımız” tərəfindən təcavüzü dəf etməyə hər an hazır olmalıyıq. Buna görə də hərbi qulluqçulara layiqli əməkhaqqı verilməsi, o cümlədən, qoşunlarımızın, ordumuzun daha da möhkəmlənməsinin, ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasının rəhnidir. Ona görə ki, insan layiqli əməkhaqqı alanda öz yerini qiymətləndirir, ondan möhkəm yapışır. O, yaxınları üçün narahat deyil, çünki onlara sanballı məvacib göndərə bilir. Təbii ki, bu da bizim rəşadətli hərbçilərimizin əhvalına, onların döyüş və mənəvi ruhuna müsbət təsir göstərir.
Pensiyaçıların sosial baxımdan dəstəklənməsi, əlbəttə, çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü sayəsində bu il pensiyaların minimum məbləğinin ikinci dəfə artırılması nəzərdə tutulur. Bu məbləğ indiki 160 manatdan 200 manata çatdırılacaq. İl ərzində pensiyaların ümumi artımı təqribən 74-75 faiz təşkil edəcək. Bu, çox ciddi artım və pensiyaçıların böyük ordusu üçün çox böyük dəstəkdir. Əlbəttə, bu, çox böyük işdir və təxminən 600 min nəfərə aid olacaq. Bu sərəncamların əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. İndi başlıca məsələ ondan ibarətdir ki, dövlət və biz hamımız ticarət sahəsində bəzi nadürüstlərin fəaliyyətinə nəzarət edək, çünki onlar bu artım barədə eşidən kimi ərzaq mallarının qiymətini daha çox artırmaq istəyəcəklər. Buna yol vermək olmaz.
Əməkhaqqının və pensiyaların artırılması təkcə sosial məsələ deyil, həm də mədəni, mənəvi və əxlaqi məsələdir. Görünür, Prezident İlham Əliyev bütün bunları nəzərə alıb. Sosial sahədə bütün bu müsbət dəyişikliklər xalqın hakimiyyətə etimadının möhkəmlənməsinə şərait yaradır. Bu, onu göstərir ki, iqtidar öz vətəndaşlarının əməkhaqqını artırmaq üçün zəruri ehtiyatlar tapmağı bacarır. Bu, həm də ona dəlalət edir ki, bizim iqtisadiyyatımız düzgün istiqamətdə inkişaf edir və bir neçə il bundan əvvəl başlanmış iqtisadi islahatlar bu gün öz bəhrəsini verir.
Dövlət büdcəsindən sosial sahəyə külli məbləğdə vəsait ayrılması ölkəmizin iqtisadi inkişafının hansı istiqamətdə getməsi baxımından çox əlamətdardır. Prezident tez-tez deyir ki, bizim dövlət siyasətimiz sosialyönümlü siyasətdir. Bu sərəncamlar dövlətimizin sosialyönümlü olmasının ən əyani sübutudur. Mənim fikrimcə, çoxsaylı insanlar bu inqilabi addıma görə Prezidentə minnətdar olacaqlar. Zənnimcə, sentyabrın 1-dən etibarən bizim vətəndaşlarımız bu dəyərli sərəncamların sanballı nəticələrini hiss edəcəklər, mən də, öz növbəmdə, bu sərəncamları yalnız ürəkdən alqışlaya bilərəm”.
banner

Oxşar Xəbərlər