AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Prezident Qobustan rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

Prezident Qobustan rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

Siyasət
01 May 2013, 17:46 1757
Prezident İlham Əliyev dünən Qobustan rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə Heydər Əliyevin xatirəsini yad edərək onun Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov dövlətimizin başçısına Qobustanda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib.

Azərbaycan Prezidenti Qobustana səfəri çərçivəsində rayon mərkəzindəki parkda Bayraq Meydanında yaradılmış şəraitlə tanış olub. İki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılıb. Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

Daha sonra prezident Qobustan İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir.

Həmin gün dövlətimizin başçısı Qobustanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Bildirilib ki, gənclərin ilkin sənət və peşə vərdişlərinə yiyələnmələrini təmin etmək və bütövlükdə onların intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə tikilmiş Mərkəzdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə görüşlərini əks etdirən fotoguşə yaradılıb. Yetişməkdə olan nəslin daha çox maraq göstərdiyi peşələrin sirlərinə yiyələnmələri üçün Mərkəzdə müxtəlif kurslar və studiyalar fəaliyyət göstərəcək. Kompyuter kursları, rəqs və rəsm studiyaları, atıcılıq klubu üçün xüsusi otaqlar ayrılıb. Buradakı internet–kafe və 3D kinozalı gənclərin asudə vaxtlarını mənalı keçirmələrini təmin edəcək.

Mayın 1-də İlham Əliyev Qobustan-Xilmilli avtomobil yolunda aparılan yenidənqurma işləri ilə də tanış olub. Məlumat verilib ki, yolun tikintisinə 2011-ci ilin sentyabrında başlanılıb. Bu yol 13 min nəfər əhalinin yaşadığı altı kəndi rayon mərkəzi ilə birləşdirir. Qobustan-Xilmilli yolunun ümumi uzunluğu 23 kilometrdir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən vacib əhəmiyyət kəsb edən həmin infrastruktur obyektinin reallaşdırılmasına 2011-ci ildə 2 milyon, ötən il isə 5,3 milyon manat vəsait ayrılıb. Yeni yol Qobustan rayonunun Xilmilli, Sündü, Bəklə, Nabur, Cəyirli və Çalov kəndlərinin sakinlərinin rahat gediş-gəlişinə hərtərəfli imkan yaradır.

Prezident İlham Əliyev burada sakinlərlə görüşüb, yeni yolun açılışı münasibətilə onları təbrik edib.

Sakinlər bu gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.