AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Prezident mediaya göstərilən dəstəyi şəffaflaşdırdı”

“Prezident mediaya göstərilən dəstəyi şəffaflaşdırdı”

Siyasət
02 May 2013, 09:41 1604
Mayın 2-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Milli Televiziya və Radio Şurasının və Mətbuat Şurasının birgə təşəbbüsü ilə «Azərbaycanın media məkanı: mövcud durum və perspektiv vəzifələr» mövzusunda konfrans keçirilib. 3 may Ümumdünya mətbuat azadlığı gününə həsr olunmuş tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.

Bu gün Azərbaycanda azad mətbuat var

Ə.Amaşov bildirib ki, 1993-cü ildə BMT-nin qəbul etdiyi qərar əsasında dünyanın hər bir yerində bu tarix qeyd olunur. O, bu günün mahiyyətinə toxunaraq deyib ki, heç bir ölkədə hökumət mətbuatın azadlığına mane olmamalı, senzuraya yol verməməli, jurnalistlərin informasiya almaq azadlığı təmin edilməli, jurnalistlər həbs edilməməlidir: “Hər il BMT bu günlə bağlı ənənəvi bəyanatını yayır, dünyada söz və mətbuat azadlığının səviyyəsini dəyərləndirir, tövsiyələrini irəli sürür. Azərbaycanda da 3 may tarixi qeyd olunur. Ölkədə mətbuatın vəziyyəti, dünəni, bu günü barədə müzakirələr təşkil edilir. Bu gün Azərbaycanda azad mətbuat var».

MŞ sədri deyib ki, bu gün Azərbaycanda “KİV haqqında” liberal qanun mövcuddur. Bu qanun Azərbaycanla eyni zamanda müstəqillik əldə edən ölkələrdə, eləcə də Şərqi Avropa ölkələrinin qanunvericiliyi ilə eyni səviyyədədir, hətta deyərdim ki, onlardan da təkmildir. Əminəm ki, yaxın gələcəkdə “Diffamasiya haqqında” Qanun qəbul ediləndən sonra KİV-lə bağlı Azərbaycanda qanunvericilik daha da təkmilləşəcək. Bütün tələblərə cavab verə biləcəkdir.

Vətəndaş cəmiyyəti quruculuğunun məzmunu

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müstəqillik illərində bir çox sahələrdə Azərbaycanın gələcək inkişafının bünövrəsinin qoyulduğunu, onun əsasının yaradıldığını və bu bünövrə üzərindən də inkişaf getdiyini xatırladıb. O, bu məsələlərdən birinin də demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralistik zəmində media, mətbuat və informasiya azadlığı, cəmiyyət həyatında informasiya azadlığı təminatı olduğunu bildirib: “Hər üç fəaliyyət bir-biri ilə bağlıdır. Demokratik dövlət mütləq şəkildə bu dövlətin həyatında ictimai-siyasi institutların mövcudluğunu ehtiva edir. Yəni bu, dövlətin tərkibində mütləq şəkildə hakimiyyət uğrunda yarış institutları, siyasi partiyalar mövcud olmalıdır. Vətəndaş təşəbbüslərini həyata keçirən QHT-lər mövcud olmalıdır. Bunlar müxtəlif sahələr üzrə dövlətin görüb-görə bilmədiyi işlərə vətəndaş təşəbbüslərini əlavə etməlidirlər. O cümlədən cəmiyyət həyatında gedən bütün prosesləri azad şəkildə müzakirəyə çıxaran media, elektron KİV-lər, azad internet olmalıdır. İnsanlar gördüklərini, düşündüklərini bir-biri ilə paylaşmalıdırlar. Hakimiyyət institutlarının, onların opponenti olan müxalifət institutlarının fəaliyyətini şəffaf şəkildə dəyərləndirmək imkanlarına malik olmalıdırlar, seçiciləri hakimiyyət mandatının formalaşmasına istiqamətləndirməlidirlər. Bütövlükdə medianın vəzifəsi, vətəndaş cəmiyyəti quruculuğunun məzmunu, demokratik dövlət prosesinin məğzi budur”.

Jurnalist fəaliyyətinin demokratik tənzimlənməsi

PA rəsmisi Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu kursuna 1992-ci ildə başlanıldığını, 1995-ci ildə bunun Azərbaycanın Konstitusiyasına salındığını söyləyib. Qeyd edib ki, 1995-ci ildən bu günə qədər Azərbaycanda bu sahədə inkişaf davamlı olaraq yüksələn xətlə həyata keçir: “Azərbaycanda media tarixinə qızıl hərflərlə yazılmış və bütün dövrlərdə jurnalistikamızın yaddaşına həkk olunmuş senzuranın ləğv olunması 1998-ci ildə avqust ayının 6-da ümummilli lider Heydər Əliyevin fərmanı ilə həyata keçirilib. Bu artıq Azərbaycan mediasının gələcək inkişafının əsasında dayanıb. Bu fərmanda sözün həqiqi mənasında demokratik dünya ölkələrində artıq təcrübədə özünü təsdiqləmiş, sınaqdan keçmiş media azadlığı, siyasi plüralizm prinsipi və jurnalist fəaliyyətinin demokratik tənzimlənməsi məsələləri öz əksini tapıb. O dövrdən başlayaraq biz Azərbaycanda media azadlığını təmin etmək siyasətini siyasi plüralizmi Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas prioritet vəzifəsi kimi ortaya qoymuşuq. Bu vəzifə də dönmədən həyata keçirilir. Əlbəttə, 1998-ci ildən bu günə qədər biz düşünsək ki, media sahəsində bütün problemlər həll olunub, bir o fərmanla hər şey aradan qalxıb, biz tam şəffaf və tam problemsiz bir mediya mühiti yaratmışıq, əlbəttə bu belə deyil. Bu, ədalətsizlik olardı. Hesab edin ki, biz senzura buzunu əridəndən sonra cəmiyyətdə nə yaranıb. Deyək ki, böyük bir göl yaranıb. O gölün içərisində azad jurnalistika mühitinə düşmüş jurnalistlər üzür. Onun içərisində sakinlərlə onların münasibətləri formalaşır, məmurlarla jurnalistlərin münasibətləri formalaşır, mətbuatla cəmiyyətin münasibəti formalaşır, bir növ mətbuatla cəmiyyət üz-üzə qalır. O vaxta qədər mətbuatla senzura üz-üzə idi. Senzura lazım olanı saxlayırdı, olmayanı çıxarırdı. Amma 1998-ci ildən sonra media ilə biz cəmiyyəti üz-üzə buraxdıq”.

Azad sözə və yaradılmış şəraitə fərqli münasibət

Ə.Həsənov mediada çalışan insanların hamısının savadlı, təhsilli jurnalist olmadığını vurğulayıb. Onun fikrincə, heç də hamı məsuliyyətli insan deyil, cəmiyyətin etik normalarını, jurnalistin peşə davranış normalarını eyni səviyyədə əxz etmir, əməl eləmir: “Hər bir insanın jurnalistikada azad sözə, yaradılmış şəraitə də, senzuraya da münasibəti fərqlidir. Bundan doğaraq da cəmiyyətdə mühüm problemlər yarandı. Yadınızdadırsa, 1998-ci ildən sonra biz nə qədər məhkəmə prosesi yaşadıq, nə qədər jurnalistlər həbs olundu, nə qədər jurnalist ayrı-ayrı insanların onlara qarşı fiziki təzyiqi ilə üzləşdi. Amma bu keçilməsi, qaçılması mümkün olmayan proses idi və biz bunu yaşamalı idik. Çox şükür ki, getdikcə bu məsələlər rəvan bir məcraya düşür. İnkişafımız yavaş-yavaş bu sahədə öz tendensiyalarını formalaşdırır. Azərbaycan hakimiyyətinin iradəsində azad sözü, azad media mühitini formalaşdırmaq, bu institutun əsgərlərini getdikcə peşəkarlaşdırmaq və onların qələmi vasitəsilə cəmiyyətin idarə edilməsində, hakimiyyətin idarəçiliyi, cəmiyyətin hakimiyyətlə münasibətlərinin şəffaf bir ortamını yaratmaq. Bu da artıq öz nəticələrini verib. Bəzi beynəlxalq təşkilatlarının iddia etməsinin əleyhinə olaraq, Azərbaycanda sözün həqiqi mənasında azad media mühiti mövcuddur. Heç bir jurnalist bu gün barmağını qatlaya bilməz ki, o istədiyi hadisə haqqında istədiyi informasiyanı toplamaq və yaymaq imkanından məhrumdur. Bunu heç kim iddia edə bilməz. Heç bir qəzet, heç bir elektron KİV, internet portalı iddia edə bilməz ki, Azərbaycanda onun fəaliyyətinə bu və ya başqa şəkildə qadağa var və yaxud da onun fəaliyyətini bu və ya digər şəkildə dayandırmaq cəhdləri var. Belə cəhdlər yoxdur”.

Şəffaf və demokratik mühit

Şöbə müdiri Azərbaycan cəmiyyətinin böyük olduğunu və heç nədən sığortalanmadığını dilə gətirib. Deyib ki, dünya ölkələrində baş verən jurnalistlərə hücum faktları, jurnalistlərin döyülməsi, məhkəməyə verilməsi halları və digər məsələlər Azərbaycanda da yaşanır: “Biz bunlardan xali deyilik və iddia da eləmirik ki, bizim cəmiyyət bütün bu problemlərdən qurtulub. Amma bütövlükdə media siyasətinin tendensiyaları və prioritetləri artıq Azərbaycan cəmiyyətində oturubdur. Bu da ondan ibarətdir ki, azad media mövcuddur, jurnalist fəaliyyəti ilə məşğul olmaq istəyən bütün insanlar bu fəaliyyətlə məşğul ola bilər, istənilən hadisə barədə jurnalistlər azad informasiya toplayıb onu yaya bilər. Onun yayılması yolunda heç bir senzuraya rastlaşmayacaq və o informasiya yayılandan sonra da o insanlara qarşı heç bir qeyri-qanuni tədbir görülməyəcək. Görüləcəksə də bu qeyri-qanuni tədbiri görənlər dövləti qarşısında görəcək. Bu anlamda sözün həqiqi mənasında biz Azərbaycan mediasının bugünkü vəziyyətini belə dəyərləndiririk. Əlbəttə, bizim mediaya fərqli, subyektiv mülahizələrlə qiymət verməyə çalışan daxili və xarici qüvvələr mövcuddur. Biz bunlara da həqiqəti çatdırmalıyıq. Sübut etməliyik onlara ki, Azərbaycanda bugünkü media mühiti öz demokratikliyi ilə şəffaflığı ilə və jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir”.

Siyasiləşmə tendensiyasından qurtulmaq

Ə.Həsənov media qarşısında duran vəzifələrə də toxunub. Bildirib ki, ümummilli lider Heydər Əliyevin dövründə medianın bütün problemlərinin həllinə bir neçə dəfə cəhd göstərilib: “Bir neçə sərəncam imzalanıb. Medianın maddi-texniki bazasının dəstəklənməsi, mətbuata olan borcların silinməsi, medianın vergidən azad edilməsi, jurnalistlərin sosial problemlərinin həlli və digər məsələlər. Qarşımızda hansı vəzifələr durur? Hakimiyyət olaraq biz bu vəzifələri 4 istiqamət üzrə qruplaşdırırıq. Bunlardan birincisi medianın siyasiləşmə tendensiyasından qurtulmasıdır. Bilirsiniz ki, Azərbaycanda bu gün media siyasi düşərgələr arasında qruplaşıb. Təsnif edək: İqtidaryönlü, müxalifyönlü, müstəqil və reket medialar. Bu reket sözün həqiqi mənasında artıq son zamanların əsas problemlərindən birinə çevrilib. Neqativ düşüncəli, məqsədli insanlar mətbuata doluşublar və ayrıca media orqanları təsis ediblər. Bu media orqanlarının, eləcə də ayrı-ayrı mətbuat orqanlarında yerləşmiş bu jurnalistlərin bir məqsədi var ki, insanları təhdid edərək bu və ya digər məqsədlərinə nail olsunlar. Maddi, siyasi, sosial məqsədinə nail olmaq, digər məqsədlərə nail olmaq. Təhdid yolu ilə yaşamaq. Bu da bizim həyatın reallığıdır. İqtidaryönlü mətbuat əlbəttə çalışır ki, iqtidarın siyasətinin yalnız yaxşı tərəflərini göstərsin və cəmiyyət həyatında bu siyasəti təlqin eləsin, təbliğ eləsin. Müxalifyönlü mətbuat çalışır ki, iqtidarın siyasətini yalnız qaralasın və heç bir müsbət tendensiya göstərməsin və cəmiyyət həyatında iqtidarın siyasətini ifşa eləsin. Müstəqil medianın nümunələri var və yavaş-yavaş yaranmaqdadır. Azərbaycan hakimiyyətinin bu sahə üzrə siyasətinin əsas məqsədi həm sağı və solu, həm də neqativ medianı normal bir müstəqil inkişaf relsinə salmaqdır”.

İctimai rəyə köklənən media

PA rəsmisi deyib ki, medianın qiymət meyarı, dəyər meyarı ictimai rəy olmalıdır. Onun sözlərinə görə, əgər ictimaiyyət çoxluqla mövcud hakimiyyətinin siyasətini dəstəkləyirsə, media bundan qaçmamalı, çəkinməməli və ictimai rəyi əks etdirməlidir: “Çoxluq hakimiyyətin siyasətindən narazıdırsa, nə iqtidaryönlü, nə də müxalifyönlü media bundan qaçmamalıdır. Həmin siyasəti olduğu kimi çatdırmalıdır. Tək hakimiyyət deyil, bizim cəmiyyət həyatında bir neçə institut var. Hakimiyyət institutu, hakimiyyətə opponentlik edən müxalifət institutu. Çünki bunlar sabah bu hakimiyyəti dəyişmək ideyası, fikri ilə yaşayır. QHT-lər, həmin medianın özü, xarici təşkilatlar, artıq bilirsiniz ki, transmilli mühitdə yaşayırıq. Azərbaycan dövlətində, cəmiyyətində baş verən hadisələrə xarici qurumların da təsiri var. ATƏT-in də, BMT-nin də təsiri var, üzv olduğumuz digər hökumətlərarası təşkilatların və Azərbaycanla bağlı beynəlxalq aləmdə ictimai rəy formalaşdıran QHT-lərin də təsiri var. Deməli, Azərbaycan mediası ictimai rəydən çıxış edərək bütün bu institutlara öz rəyini, fikrini çatdırmalıdır. İkinci əsas vəzifəmiz jurnalist peşəkarlığı və məsuliyyətin artırılmasıdır. Biz ciddi bir aksiya - diffamasiya məsələsi qarşısındayıq. Məsuliyyətsiz jurnalistika ilə, “Ağam mənə kor deyib, gəlib gedənə vur deyib” - prinsipi əsasında işləyən jurnalistika ilə biz heç zaman, sözün həqiqi mənasında diffamasiya mühiti yarada bilmərik. Diffamasiya mühiti hər bir jurnalistdən indikindən qat-qat artıq məsuliyyət, peşəkarlıq, ictimai əxlaq normalarına, jurnalist etikalarına, jurnalist davranış normalarına əməletmə vərdişi tələb edir”.

Jurnalist adını daşıma məsuliyyəti

Ə.Həsənov reket jurnalistika ilə mübarizənin vacibliyinə də toxunub. Bildirib ki, əgər bir Azərbaycan jurnalisti qurultayda seçdiyi və formalaşdırdığı Mətbuat Şurasının qəbul etdiyi əxlaq normalarını, jurnalist davranış qaydalarını saymırsa, deməli, o insana Azərbaycan cəmiyyətinin “jurnalist” deməyə haqqı yoxdur: “Əgər o bu normanı qəbul etmirsə, onda gəlin biz də həmin insanları jurnalist siyahısından çıxaraq. Nədir jurnalist siyahısından çıxması, ona yaratdığı təsir? O insan artıq jurnalistlərin müdafiə-mühafizə sistemindən məhrum olacaq. Bu insanlar cəmiyyətdə və beynəlxalq aləmdə jurnalist kimi təqdim olunmayacaq. Onlara qarşı görülən tədbirlər də müvafiq qanunlar çərçivəsində olacaq. Bu jurnalistlər hamılıqla bütün jurnalistikanın qəbul etdiyi, qurultayların təsdiq etdiyi jurnalist əxlaq qaydalarına, normalara tabe olmasalar biz diffamasiya mühiti yarada bilməyəcəyik. Bu, həm də peşəkarlıq tələb edir. Hər bir jurnalist məlumatın necə toplanmasını, necə yayılmasını və tərəflərin mövqeyini neçə əks etdirməsini bilməlidir. Bunun üçün jurnalist peşəkarlığı tələb olunur. bunun üçün həmin o jurnalist təşkilatları sözün həqiqi mənasında bu fəaliyyəti dönmədən davam etdirməlidirlər. Jurnalist nəyi necə yazmağı bilməlidir. Jurnalist yazdığı sözün məsuliyyətini dərk etməlidir və ona uyğun da hərəkət etməlidir. Bizim Azərbaycanın qocaman, peşəkar jurnalistləri var. Onların təcrübəsindən istifadə etmək olar, kurslar açmaq olar, mətbuat şurasında da, redaksiyalarda da. Jurnalist peşəkarlığını biz artırmalıyıq. Dövlət olaraq biz bu sahəyə istədiyiniz qədər vəsait yönəltməyə hazırıq. Açın, bu kursları, jurnalist peşəkarlığını inkişaf etdirən seminarları biz də dəstək verək. Üçüncü mühüm problem, jurnalistikanı nüfuzdan salan və media mühitini davamlı olaraq təhdid edən reket jurnalistikadan və neqativ insanlardan jurnalistikanı birdəfəlik qurtarmaqdır. Bu proseslərə daxil olan neqativ insanların sayı Azərbaycanın bugünkü peşəkar jurnalistlərin sayına bərabərdir. İnanın, bu insanlar jurnalistin nüfuzunu, hörmətini, cəmiyyətdə ona münasibəti təhdid edir. Belə insanlardan kütləvi şəkildə qurtulmaq lazımdır. O insanlar ki, jurnalistikaya neqativ məqsədlərlə gəlib və təhdid üzərində öz fəaliyyətini qurub, bunlardan qurtarmaq lazımdır”.

Cəmiyyət və media tərəfdaşlığı

Administrasiya rəsmisi mətbuatın maddi-texniki bazasının indiki vəziyyətindən də söhbət açıb. Qeyd edib ki, Azərbaycan dövlətinin bugünkü inkişafı fonunda medianın maddi-texniki bazası yaramaz. Onun fikrincə, Azərbaycan mediası mütləq şəkildə imkanlanmalıdır: “Mediamız Azərbaycan cəmiyyətinin, iqtisadiyyatının inkişafında öz yerini tapmalıdır, tutmalıdır, yerləşməlidir. Cəmiyyət də bilməlidir ki, əgər o inkişaf etmək istəyirsə mütləq şəkildə media ilə tərəfdaşlıq münasibəti yaratmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə və media da öz aləmində yaşayırsa, bu da normal hal deyil. Bütün dünya ölkələrində cəmiyyətin, dövlətin, iqtisadiyyatın inkişafı eyni zamanda medianın çiçəklənməsi, maddi-texniki bazasının gücləndirilməsi yolu ilə gedib. Bu haqda biz dəfələrlə danışmışıq. Lakin hələ mən media ictimaiyyətindən bu barədə həyata keçirilməsi mümkün olan sistemli təkliflər almamışam. Əgər belə təklifləri formalaşdırmaq mümkündürsə, gəlin yığışaq baş redaktorlar Mətbuat Şurasında Azərbaycan dövlətinin maddi resursları iqtisadi inkişafı, biznesin inkişafı, transmilli şirkətlər, yerli şirkətlər bunların inkişafı ilə medianın maddi-texniki bazasının əlaqələndirilməsi siyasətini həyata keçirək və bu sahədə mən sizə dəstək verəcəyəm”.

Xidməti, haqqı və ehtiyacı olanlara mənzil hədiyyəsi

Ə.Həsənov Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas mahiyyətini də açıqlayıb. O, Prezident İlham Əliyevin Azərbaycanda mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində inqilabi addım atmasına diqqət çəkib. Bildirib ki, Azərbaycan Mediasına Dövlət Dəstəyi Konsepsiyası və onun əsasında yaradılan Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu hər il şəffaf şəkildə mediaya birdəfəlik yardımlar edir, onlara illik qrantlar verir, jurnalistlər arasında müsabiqələr keçirir, onları mükafatlandırır, indi isə jurnalistlər üçün ev tikilir: “Bunların hamısı şəffaf şəkildə həyata keçirilir. İnanın, mən sizin qarşınızda söz verirəm ki, jurnalistlər üçün tikilən evdən bir nəfər də olsun bu və ya digər subyektiv mülahizələrlə ev almayacaq. Həmin mənzillər Azərbaycan mediasında xidməti olan, haqqı olan və ehtiyacı olanlara paylanılacaq. Jurnalistlər üçün bu qayğını göstərən prezidentin ölkəsinə, hakimiyyətinə media azadlığı pozulur, jurnalistlər incidilir, həbsə atılır sözlərini demək olarmı? Əlbəttə, olmaz! Hansı hökumət başçısı istəyər ki, onun ölkəsində jurnalistlər təqib olunsun, məhkəməyə verilsin, həbsə salınsın, problemlər yaşansın? Heç bir ölkə rəhbəri istəməz. Azərbaycan prezidenti ümumiyyətlə, belə hallardan uzaqdır. Ona görə də bugünkü siyasətin məğzi maddi, sosial, yaradıcılıq cəhətdən Azərbaycan jurnalistikasına, sözün həqiqi mənasında bütün şəraiti yaratmaqdır. Biz o şəraiti yaratmalıyıq ki, mediamız özünü inamlı hiss eləsin, kimdənsə asılı olmasın. Hər bir istedadlı jurnalist qələminə güvənsin ki, bu qələmlə hansı media orqanının qapısını açsa onu orda qəbul edəcəklər, onun qələmi xalqına, dövlətinə, millətinə xidmət edəcək. Bax belə jurnalistikanı hazırlayırıq. Əgər ümummilli lider Heydər Əliyev Azərbaycanda senzuranı ləğv etməklə azad Azərbaycan mediasının təməlini qoyaraq inqilabi bir addım atdısa və media tarixinə əbədi həkk olundusa, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mediasına göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində inqilabi addım atdı. Əminəm ki, sağlam jurnalistika dövlətin yürütdüyü bu siyasətə adekvat reaksiya verəcək, münasibət bəsləyəcək və qeyri-sağlam jurnalistikanı özləri öz aralarında tənbeh edəcəklər. Redaktorlar, media kapitanları, ölkənin aparıcı jurnalistləri, ictimai təşkilatları bu vəzifələri, yəni peşəkarlaşmanı, məsuliyyətləşməni, reketlikdən xilas olmanı və qələmə güvənərək dövlətə, millətə jurnalistikaya xidməti bir prinsip olaraq jurnalistikanın qarşısında qoysa, o zaman biz hər şeyə nail olacağıq”.

ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Tarqay təmsil olunduğu qurum üçün söz və mətbuat azadlıqlarının başlıca prinsiplər olduğunu xatırladıb. Həmin prinsiplərdən irəli gələn tədbirlərin güclü media formalaşdırmağa hesablandığını bildirib. Deyib ki, bu, ümumilikdə cəmiyyət üçün faydalıdır. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdə jurnalistlərin müstəsna rol oynadığını önə çəkən səfir ATƏT-in medianın mövqeyinin möhkəmləndirilməsinə yönələn proseslərə bundan sonra da dəstək göstərəcəyini bildirib.

Tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev və başqaları da çıxış edərək fikirlərini bölüşüblər.

Rufik İSMAYILOV