• cümə axşamı, 28 mart, 19:45
  • Baku Bakı 13°C

Prezident İlham Əliyevin Qarabağ mesajı nədən xəbər verir?

14.12.18 18:29 618
Prezident İlham Əliyevin Qarabağ mesajı nədən xəbər verir?
Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunub. Dövlət başçısı çıxışı zamanı vurğulayıb ki, beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik: "Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir”.
Bəs görəsən hansı amillər bu əlverişli şəraiti yaradıb?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, sözügedən tədbirdə dövlət başçısı təkcə ilin idman yekunlarına deyil, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivinə də qiymət verib: "Xüsusilə də onu vurğuladı ki, artıq Ermənistanda çox ciddi siyasi proseslər baş verib, hakimiyyət dəyişilib və 20 ildən artıq hakimiyyətdə olmuş xunta rejimi devrilib. Biz bir zamanlar söyləyirdik ki, bu, qaniçən, despotik rejimdir və bundan ən çox erməni xalqı ziyan çəkir, onlar bu rejimin girovuna çevrilib. Artıq bu rejimə son qoyulub. Eyni zamanda cənab prezident vurğuladı ki, bu da təsadüfən baş verməyib. Çünki 2016-cı ilin aprel döyüşləri Ermənistana elə bir zərbə endirdi ki, hələ də bu dövlət özünə gələ bilməyib. Ermənistanda hakimiyyət dəyişikliyində də bu baxımdan Azərbaycanın rolu az deyil. Yəni, Azərbaycanın işğalçı dövlət olan Ermənistana qarşı davamlı tətbiq etdiyi təcrid siyasəti öz rolunu oynayıb və nə qədər ki torpaqlarımız işğal altındadır, Ermənistanı bütün enerji, nəqliyyat layihələrindən kənarda qoyacağıq, eləcə də işğalçıya qarşı bu təcridolunma siyasəti davam etdiriləcək. Xüsusilə dövlət başçısı vurğuladı ki, münaqişənin həlli ilə bağlı prosesdə bizim mövqelərimiz kifayət qədər güclənib, əlverişli bir mühit formalaşıb. O bunun səbəblərinə də aydınlıq gətirdi və qeyd etdi ki, bu, ilk növbədə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi gücünün artması ilə bağlıdır. Bizim beynəlxalq aləmdə nüfuzumuz daha da yüksəlib və Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar. Təsadüfi deyil ki, dünyanın iki nəhəng və üz-üzə dayanan tərəfləri öz aralarındakı və dünyadakı problemləri həll etmək üçün məhz Azərbaycan paytaxtını məkan kimi seçirlər. Bu nöqteyi-nəzərdən Rusiya və NATO-nun ali hərbi rəhbərliyinin artıq 3-cü dəfə Bakıda görüşünün keçirilməsi təsadüfi sayılmamalıdır. Görüşü şərtləndirən amillərə toxunan dövlət başçısı qeyd etdi ki, bu, Azərbaycana çox böyük inamla bağlıdır. Çünki Azərbaycanın sözü ilə əməli üst-üstə düşür, dövlətimiz hansı mövqeni ortaya qoyursa, o da yerinə yetirilir. Bu səbəbdən də Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malikdir. İkincisi, bu, Azərbaycana hörmətlə bağlıdır və dövlətimiz müstəqil siyasət həyata keçirir. Bu müstəqil siyasət sayəsində bizə çox böyük etimad var və müstəqil siyasət həyata keçirməyimizi bütün dünyaya sübut etmişik. Üçüncü səbəb isə onunla bağlıdır ki, Azərbaycan dövlətinin həm Rusiya ilə strateji tərəfdaşlıq, həm də NATO ilə inkişaf edən münasibətləri var. Dövlətimiz NATO-nun bir çox proqramlarında iştirak edir, Əfqanıstanda sülh prosesinə dəstək verir”.
E.Nəsrov vurğuladı ki, Azərbaycan paytaxtı artıq beynəlxalq görüşlərin keçirilməsi üçün çox mühüm məkana çevrilib: "Bu kontekstdə Prezident İlham Əliyev vurğuladı ki, BMT-də 200-ə yaxın dövlət var. Ancaq o dövlətlərin heç birində yox, məhz Bakıda Rusiya və NATO hərbi rəhbərliyinin görüşünün keçirilməsi Azərbaycana olan etibarın, inamın birbaşa təzahürüdür. Dövlət başçısı, həmçinin qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim əlverişli mövqeyimizi şərtləndirən amillər həm də onunla bağlıdır ki, bizim beynəlxalq təşkilatlarda da mövqelərimiz güclənib və qəbul edilən qətnamələrdə məhz bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsi öz həllini tapıb. O cümlədən bu bənd dövlətimizin imzaladığı ikitərəfli sazişlərdə də qeyd edilir. Bu il ərzində Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı tərəfdaşlıq prioritetləri sənədində də münaqişənin məhz ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli ideyası öz əksini tapıb. Eyni zamanda NATO-nun son sammitinin yekun bəyanatında da eyni yanaşma ortaya qoyulub. Bütün bunlar təbii ki, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən amildir və biz ümid edirik ki, bu reallıq fonunda münaqişənin həlli ilə bağlı 2019-cu ildə daha pozitiv bir şərait formalaşsın. Yeri gəlmişkən qeyd edim ki, prezident İlham Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən zirvə görüşü çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə də görüşü oldu. Bu görüş çərçivəsində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi diqqət mərkəzində dayandı. Belə bir əminlik hasil oldu ki, 2019-cu ildə birbaşa təmasların reallaşdırılması sahəsində münaqişənin həlli ilə bağlı münbit şərait formalaşa bilər. Rusiya həm ikitərəfli formatda, həm də Minsk qrupu həmsədri olaraq münaqişənin həlli ilə bağlı prosesə öz dəstəyini daha da gücləndirəcək. Xüsusilə, tənzimlənmə prosesində birbaşa təmasların artırılması işinə öz töhfəsini verəcəkdir”.


Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Prezident İlham Əliyev əlverişli şəraitin olduğunu vurğulayarkən ilk növbədə Ermənistanda hakimiyyətin dəyişilməsini nəzərdə tutur: "Uzun illər ərzində məsələni həll etməmək mövqeyi ilə fərqlənən "Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşması, eləcə də parlamentə seçilməməsi, onlara demək olar ki, xalq tərəfindən səs verilməməsi açıq şəkildə özünü göstərdi. Düzdür, Paşinyan müəyyən ziddiyyətli bəyanatlar verir, amma bu ola bilsin ki, onun Dağlıq Qarabağla bağlı xarici siyasətdə atacağı addımlarla əlaqədar öz proqramını hazırlamamasından irəli gəlir. Ona görə də hələ gözləmə mövqeyindədir”.
F.Sadıxov vurğuladı ki, Azərbaycan hərbi, iqtisadi baxımdan olduqca güclü bir oyunçuya çevrilib: "Dövlət başçısı həm də bunu nəzərdə tutur. Yəni, Azərbaycanla hesablaşırlar və dövlətimizin strateji maraqları bir sıra ölkələrin maraqları ilə üst-üstə düşür. Faktiki olaraq, Azərbaycanın təşəbbüsü ilə bir sıra beynəlxalq layihələr həyata keçirilir. Həmçinin Bakıda yüksək rütbəli siyasilərin, hərbçilərin görüşləri keçirilir. Eləcə də paytaxtımız müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hesab edirəm ki, bütün bu məsələləri dövlət başçısı kompleks şəkildə nəzərdə tuturdu. Təbii ki, biz hazırda Ermənistanda parlament seçkilərindən sonra hökumətin formalaşmasını gözləməliyik. Bundan sonra əlbəttə ki, vəziyyət daha da aydın olacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər