• cümə, 29 Mart, 19:48
  • Baku Bakı 14°C

Prezident İlham Əliyevin Naxçıvana səfəri tarixi əhəmiyyət daşıyır

12.05.21 16:15 751
Prezident İlham Əliyevin Naxçıvana səfəri tarixi əhəmiyyət daşıyır
Prezident İlham Əliyevin Naxçıvana səfəri bir sıra məqamlarla yadda qaldı və bu səfər xüsusi önəm daşıyır.
AZƏRTACxəbər verir ki, bunu Milli Məclisin deputatı Cəbi Quliyev Prezident İlham Əliyevin Naxçıvana səfərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu səfər tarixi əhəmiyyət daşıyır: "Ölkə başçısı İlham Əliyevin ümummilli lider Heydər Əliyevin doğum günündə Naxçıvana səfəri Naxçıvan tarixində xüsusi rola malikdir. Belə ki, səfər çərçivəsində Naxçıvanda bir sıra infrastruktur layihələrinin açılışı həyata keçirildi ki, bütün bunlar nəinki Naxçıvanın, hətta regionun inkişafında mühüm rol oynayacaq. Ümumilikdə son dönəmdə Naxçıvanda davamlı inkişaf və sosial-infrastruktur layihələrinin planlı şəkildə həyata keçirilməsi iqtisadi artımın yüksəlməsi, dünyanı cənginə alan işsizlik probleminin minimuma enməsi ilə nəticələnib”.
C.Quliyev qeyd edib ki, Naxçıvanda inkişaf iqtisadiyyatın bütün sahələrini əhatə edir. Belə ki, kənd təsərrüfatı, emal, turizm, sənaye və digər sahələrdə görülən işlər nəticəsində Naxçıvanda ümum daxili məhsul 10 dəfədən çox artıb: "44 günlük Vətən müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması bütün xalqımız kimi naxçıvanlıları da çox sevindirir. Bu dəhlizin Naxçıvanın inkişafında xüsusi rolu olacaq. Həm nəqliyyat infrastrukturunun fəaliyyətinin bərpa olunması, həm bu dəhliz vasitəsilə Naxçıvan məhsullarının Azərbaycan və dünya bazarına çıxması Naxçıvan üçün yeni imkanların açılmasına təkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirdi. Eyni zamanda, Zəngəzur dəhlizinin yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacağını diqqətə çatdırdı. Yəni, Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Kifayət qədər zəngin faydalı qazıntı yataqlarına sahib olan muxtar respublikadan dəhlizin açılması oradakı yataqların işlənməsi üçün yeni emal komplekslərinin yaradılmasına imkan verəcək.
Dəhliz təkcə faydalı qazıntıların işlənməsində deyil, iqtisadiyyatın digər sahələrində də çoxşaxəli inteqrasiyanı təmin edəcək. Naxçıvanda yaradılan yeni iqtisadi imkanlar azad edilmiş rayonlarımızın iqtisadiyyatının qurulmasına, ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələnməsinə töhfə verəcək”.
Deputat onu da bildirib ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi gənclər siyasətində də uğurlu iş aparılır. Gənclərin intellektual bilik və bacarıqlarının artırılması ilə yanaşı onların məşğulluq problemlərinin həllinə xüsusi diqqət yetirilir. Prezidentin açılışını həyata keçirdiyi sosial-iqtisadi infrastrukturlar da yeni-yeni iş yerlərinin açılmasına səbəb olub ki, bu da Naxçıvan gəncləri üçün yeni imkanlar açır.
banner

Oxşar Xəbərlər