Prezident İlham Əliyevdən həssas qruplara daha bir böyük qayğı
Yeni Sərəncamla müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək ki, bununla da cari ildə həmin vətəndaşlara veriləcək avtomobillərin sayı nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 600-ə çatacaq
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün imzaladığı 18 mart
2019-cu il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və
konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar
əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak
edib əlilliyi olmuş şəxslərin, II dünya müharibəsi əlillərinin və onlara bərabər
tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin
edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin,
xüsusilə həssas qrupların rifah halının yüksədilməsi istiqamətində növbəti
mühüm addımdır.
Sərəncamda qeyd olunan kateqoriyalardan olan vətəndaşların
xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər
üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması
tapşırılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən "Kaspi"yə verilən məlumata görə, bununla da 2019-cu
ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin
alınmasına imkan verəcək.
Beləliklə, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən müharibə əlillərinə və onlara bərabər
tutulanlara nəzərdə tutulduğundan (180 avtomobil) 3 dəfədən çox olmaqla 600-ədək
avtomobil təqdim olunacaq.
Əsasında insan
amili dayanan sosial siyasətin ildən-ilə gücləndiyi Azərbaycanda bütün sosial
proqramlar uğurla davam etdirilir və getdikcə genişləndirilir. Belə
proqramlardan biri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və
1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar, habelə hərbi xidmət vəzifəsini
yerinə yetirərkən əlil olmuş şəxslərin, Böyük Vətən müharibəsi əlillərinin,
Çernobıl əlillərinin dövlət hesabına minik avtomobilləri ilə təmin olunmasıdır.
Proqramın davamı olaraq, 2018-ci ildə həmin insanlara daha 265 avtomobil verilməklə, ötən dövrdə təqdim olunan minik
avtomobillərinin sayı 6144-ə çatıb.
Hazırda
dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbədə
dayanmış əlilliyi olan vətəndaşların sayı 997 nəfərdir ki, cari il ərzində
onlardan da artıq 600-ə yaxın şəxsin avtomobillə təminatı həyata keçiriləcək.
Ümumilikdə bu
gün imzalanan Sərəncam dövlət başçısının həssas qruplardan olan vətəndaşların,
o cümlədən müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi
qayğısının növbəti ifadəsidir. Qeyd edək ki, 2018-ci ildə şəhid ailələrinə və
Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6 654 mənzil
təqdim edilib. Cənab Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan
vətəndaşlara azı 800 mənzil veriləcək.
Eyni zamanda,
Prezident cənab İlham Əliyevin imzaladığı sənədlərlə Prezidentin aylıq təqaüdü
şəhid ailələri üçün 242 manatdan 300 manata, müharibə əlilləri - I qrup əlilliyi
olanlar üçün 182 manatdan 250 manata, II qrup əlilliyi olanlar üçün 158
manatdan 230 manata, III qrup əlilliyi olanlar üçün 121 manatdan 210 manata
çatdırılıb. Eyni zamanda müharibə əlillərinin müavinətləri əhəmiyyətli şəkildə
artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü
(50 manat) təsis edilib.
Əlillik ümumi xəstəlik,
hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar
keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən
baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Prezidentin
aylıq təqaüdü əmək pensiyası almaq
hüququ olan I qrup əlillərə şamil olunmaqla bu təqaüdün məbləği də 100 manata
çatdırılıb.
Həmçinin
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi
dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və
təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad
mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri
istisna olmaqla) Prezidentin təqaüdünün məbləği də artırılaraq 150 manat müəyyən
olunub.
Ümumilikdə, cari
ilin ötən dövründə Prezident cənab İlham Əliyevin imzaladığı sənədlər ölkəmizdə
minimum əməkhaqqının və minimum pensiyanın, sosial müavinətlərin və Prezidentin
aylıq təqaüdlərinin, həmçinin tələbələrin təqaüdlərinin, məcburi köçkünlərə
verilən müavinətlərin, incəsənət işçilərinin əmək haqqının əhəmiyyətli dərəcədə
artırılmasına, şəhid ailələri üçün birdəfəlik ödəmənin (11 min manat) verilməsi
prosesinin əhatə dairəsinin genişlənməsinə, problemli kreditlərin həllinə, çoxmənzilli
binaların sənədləşdirilməsinə xidmət
edib ki, bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edərək
onların rifahında müsbət dəyişikliklərə imkan verib.
Əhalinin sosial müdafiəsinin
gücləndirilməsində atılan bu inqliabi addımlar isə dövlət başçısının "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi
baxımından başqa illərdən fərqlənən il olacaqdır” bəyanatının əməli müstəvidə
reallaşdığını təsdiq edir.