• cümə axşamı, 28 mart, 23:31
  • Baku Bakı 13°C

Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrlərinin Ermənistana təzyiq göstərməsinin mümkün olmaması çoxlu suallar doğurur

28.10.20 23:02 402
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrlərinin Ermənistana təzyiq göstərməsinin mümkün olmaması çoxlu suallar doğurur

Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.
Dövlət başçsı bildirib:
"Bu bir ay ərzində mən Minsk qrupunun fəaliyyəti barədə dəfələrlə danışmışam və Azərbaycan xalqına müraciətimdə dediklərim əsl həqiqətdir. Axı, hər bir struktur, necə adlanmasından, kimlərdən ibarət olmasından asılı olmayaraq, əgər qarşısına qoyulmuş məsələni yerinə yetirmirsə, özünün səmərəsiz olduğunu etiraf etməlidir. Axı, qarşıya qoyulmuş vəzifə yerinə yetirilməyib. Hərçənd, mən özümün bəzi müsahibələrimdə demişəm ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmiş cəhdləri tamamilə inkar edə bilmərəm. Ona görə ki, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Mən həmsədrlərin fəaliyyətini nəzərdə tuturam. Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Qrupun tərkibi məsələsinə gəldikdə, mən bu barədə artıq demişəm ki, Minsk qrupu 1992-ci ildə yaranıb. Onun necə yaradıldığını bilmirəm. Üzvlərin seçilməsinin hansı prinsiplərə əsaslanması da mənə məlum deyil. Ancaq mən onu da demişəm ki, əgər bu gün biz hansısa təmas qrupu yaratsaydıq, onun tərkibi, əlbəttə, tamam başqa olardı. Orada regionda öz mövqeləri olan, potensialı olan, dünyada nüfuza malik olan ölkələr olardı. Əlbəttə, düşünürəm ki, hazırda həmsədr olan ölkələr də bəlkə qala bilərdi. Lakin bu sual, əlbəttə, mənə aid deyil. Ona görə ki, Minsk qrupunun və onun həmsədrlərinin formalaşması mexanizmi və proseduru ATƏT-in səlahiyyətlərinə aiddir. Mən hesab edirəm ki, münaqişəni nizamlamaq üçün biz formal məsələlərdən yapışmamalıyıq. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Fikrimcə, Prezident Putin bu barədə danışanda yəqin ki, o da bunları nəzərdə tuturdu".
banner

Oxşar Xəbərlər