• cümə axşamı, 25 aprel, 02:41
  • Baku Bakı 19°C

Prezident: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”

25.09.21 09:45 726
Prezident: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”
İlham Əliyev BMT tribunasından dünya ictimaiyyətinə müraciət edərək ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıb
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.
"Azərbaycan özünümüdafiə hüququndan istifadə etdi”
Prezident Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildikdən sonra yeni hökumətin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərin olduğunu, lakin yeni hökumətin də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdiyinin şahidi olduğunu əlavə edib. Nəticədə, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu: "Ötən il buradakı çıxışımdan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı”.
BMT qətnamələrinin icrası
Ali Baş Komandan qeyd edib ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi intensiv şəkildə atəşə tutdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də "Skad” və "İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edərək atəşə tuturdu. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb.
Prezident bildirib ki, 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini azad etdi. Onun sözlərinə görə, kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən də çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
"Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur və biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq: "Fürsətdən istifadə edərək mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
Prezident vurğulayıb ki, təqribən 30 illik işğal ərzində Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Onun sözlərinə görə, Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar edib. Lakin işğal altında olmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı ilə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən edilib və onlara qarşı hüquqi tədbirlərə başladılıb.
Dövlət başçısı vurğulayıb ki, I Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın itkin düşmüş vətəndaşımız var və Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Onun sözlərinə görə, etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb”.
Ermənistanı məcbur edilməlidir
Prezident qeyd edib ki, Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürür. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib.
Dövlət başçısı onu da qeyd edib ki, azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb: "Lakin əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin.
Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”.
Bəxtiyar Məmmədli
banner

Oxşar Xəbərlər