• çərşənbə axşamı, 16 aprel, 08:44
  • Baku Bakı 14°C

Potensial süjetin imkanları

22.02.16 10:03 3109
Potensial süjetin imkanları
Məşhur İtaliya yazıçısı İtalo Kalvino (1923-1985) ədəbi fəaliyyətə 1947-ci ildən başlamışdır. O, "İkiyə bölünmüş vikont", "Savaşa giriş", "Əmlak vurğunu", "Sıfır zaman", "Ağacda baron", "Kosmokomik əhvalatlar", "İtalyan nağılları" və s. kimi əsərlərin müəllifi olsa da, yaradıcılğının zirvəsi və dünya ədəbiyyatının incilərindən biri "Əgər bir qış gecəsi bir yolçu" romanı hesab edilir. Bu roman çox böyük və mürəkkəb struktura malikdir. Lakin o, nəyinki strukturuna, həm də allyuziyaların (açıq şəkildə mədəniyyətdə və ya ictimai fikirdə oturuşmuş ədəbi, tarixi, əfsanəvi və ya siyasi fakta işarə və ya oxşatma – X.A) sayına, müxtəlif səviyyəli intermətn əlaqələrinə, travestik epizodlarına, mətnaltı məqamlara oyunlarına görə çox mürəkkəb bir romandır. Romanda posmodernist xüsusiyyətlər xüsusilə sezilir: əsərin ədəbiyyatın diqqət mərkəzində olması, brikolaj, travestiləşmə, mətnlərin mətndə iyerarxiyası (aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası – X.A), müəllif mövqeyinin dəyişməsi. Romanın fəlsəfi yükü də inanılmaz dərəcədə ağır və qəlizdir.
Qeyri-adi, yüksək səviyyəli süjet hər zaman ədəbiyyatın diqqət mərkəzindədir. Kitabın baş qəhrəmanı olan Kişi Oxucu yeni bir roman - məhz İtalo Kalvinonun "Bir qış gecəsi əgər bir yolçu" romanını oxumağa başlayır. Və mətbəə səhvlərinin çoxluğundan kitabın zay olduğunu görür. Əlindəki nümunə birinci broşur olan hissənin bir neçə dəfə təkrarından ibarətdir. Daha dəqiq desək ilk otuz iki səhifədən. Kişi Oxucu tələsik kitab mağazasına geri dönmək qərarına gəlir. Romanın ardını oxumaq, sonunu bilmək istəyir. Orada o, bir Xanım Oxucu - Lyudmila Vipiteno ilə rastlaşır. Həmin xanım da eyni vəziyyətdədir. Və öyrənir ki, oxuduğu romanın müəllifi heç də Kalvino deyil. Kitab üzlüyünün altında tanımadığı polşalı müəllifin romanıymış. Oxucu nəzərdə tutduğu Kalvinonun romanını unudub, bu əsəri oxumaq niyyətinə düşür. Kitab mağazasında ona başqa bir nüsxə verirlər. Lakin evə gəlincə Kişi Oxucu görür ki, birincisi bu ümumiyyətlə tamamilə başqa bir romandır, ikincisi o da zaydır - əvvəldəki broşür hissədən sonra bütün səhifələrin yalnız bir tərəfində çap olunmuş yazı var, üçüncüsü isə obrazların adlarına və coğrafi adlara əsasən romanın heç də polşalı müəllifə aid olmadığı açıq-aydın görünür. Oxucu coğrafi atlasa nəzər yetirərək romanda həmin adları tapır. Onlar birinci dünya müharibəsindən sonra yaranıb, ikinci dünya müharibəsindən sonra dili də, özü də birdəfəlik məhv olmuş Kimmeriya dövlətinə aiddir. Bütün bunlardan maraq içində boğulan oxucu kitab mağazasında tanış olduğu xanımla sövdələşib Kimmeriya dili və ədəbiyyatı üzrə professorla görüşmək üçün universitetə gedir. Professor Oxuculardan romandakı qəhrəmanların adını eşidər-eşitməz, dərindən yiyələndiyi və sevdiyi ədəbiyyatın şah əsərini tanıyır. Və onu kimmer dilindən tərcümə etməyə başlayır. Lakin Kişi oxucu və Xanım Oxucu o andaca bunun başqa bir roman olduğunu görürlər. Bəzi uyğun gələn insan və yer adlarından başqa hər şey tamamilə fərqli idi. Və bu hadisə düz on bir dəfə təkrarlanır. İlkin oxuduqları kitabın axtarışı çox çətinləşir və dolaşığa düşürdü. Nəyin, hansı dildən hansı dilə tərcümə etdiyi anlaşılmayan mifik bir tərcüməçi fiquru ortaya çıxır. Oxucu hadisəyə daha da aktiv daxil olur (hətta o dərəcədə ki, müvəqqəti olaraq gizli agentə çevrilir) və eyni zamanda da Oxucu xanım oxucuyla münasibəti yaranır. Kitab adət olunmuş qayda üzrə bitir: Oxucu həmin oxucu xanımla evlənir. Gecə yatmamışdan əvvəl İtalo Kalvinonun yeni "Bir qış gecəsi əgər bir yolçu" romanını oxuyurlar.
Bu anlatmadan aydın olur ki, "Yolçu" sanki "...Şəhərlərin" sabitlik və qeyri-müntəzəmliyi ilə "Qəsrin..." dinamik və çoxoxunaqlığını özündə birləşdirərək Kalvinonun iki romanın sintezidir.
Hipermətndə qeyd etdiyim bütün əlamətlər "Yolçuda" tam olaraq var. Hər dəfə "ən maraqlı yerində" qırılan təhkiyəçilik qeyri-müntəzəmliyi həm "Oxucunu" axtarışa sövq edir, həm də "sadə" Oxucunu oyuna qoşaraq, daha sonra nə olduğunu düşünməyə vadar edir. Yəni faktiki olaraq on bir kitabı şərti modallıqdan əsl gerçəkçliyə keçirir (romanda çox vacib bir kəlmə). Beləliklə aydın olur ki, hər bir oxucunun on bir kitabı olur və bununla da oxunma sayını sonsuza qədər artıraraq mətni tamamilə nizamsız edir.
Başqa bir tərəfdən də eynilə kitabın sonunda on iki başlığın (kitabın öz başlığı ilə birlikdə) bir yerə düzüldüyü kimi, subromanların (romanın içindəki özünə qarşı qoyulan on iki hekayə - X.A.) da paralelliyini - eyni və ya oxşar bir süjeti müxtəlif materialda və müxtəlif stilistikada emal edərək, on bir süjeti tam bir metasüjetə gətirmək istəyir. Bu, "Şəhərlərdə..." də belədir. Və yaxud da onları bir neçə qrupa bölüşdürüb, sonradan həmin qruplardan metasüjet qurmaq istəyir.
Beləliklə "Yolçuya..." Qunnar Listel tərəfindən təklif edilmiş aşağıdan yuxarı qurulmuş dördmərtəbəli hipermətn sxemi uyğun gəlir:
4. Diskurs qurulduğu kimi [konkret oxucu tərəfindən]
3. Diskus toplusu (potensial oxucular. mövqelər)
2. Əhvalat, onun qurulması [konkret oxucu tərəfindən]
1. Əhvalatlar toplusu (potensial süjet xətləri)
Burada 2-ci və 4-cü mərhələlər oxucudan, 1-ci və 3-cü mərhələlər isə özlərindən asılıdır. Listel yazırdı:
Oxucu bədii hipermətni oxuyan zaman nəyinki ona oxuduğuna uyğun, həm də tamamilə yeni, ilkin müəllif tərəfindən düşünülməmiş başqa hekayələr də uydurur. Bədii hipermətndə hekayənin struktur açar prinsipləri və əsas müəllif əməliyyatları müəllifdən oxucuya, "birinci" müəllifdən "ikinci" müəllifə keçirilmişdir.
Süjetin "pasyans" kimi necə qurulmasından asılı olaraq, müxtəlif fraqmentlərin bir süjetə, eyni süjetin bir-birindən fərqli süjetlərə bölünməsi və ya müstəqil tam bir mətn kimi yazılması struktur komponentlərinə görə tamamilə fərqli mənalar daşıya bilər. "...Şəhərlər" və "Qəsrə..." yanaşı, lakin onlara ziddiyyət təşkil edən "Yolçuda..." posmodernizm estetikası ilə sıx əlaqədə olan elə hiperaktiv keyfiyyətlər görünür.
On bir subromanın hamısı bu və ya digər təhkiyəçilik manerasını imitasiya (bəzən hətta parodiya) edir: İtaliyanı xatırladan retro-dedektiv; tünd etnoqtrafik Şimali-Avropa fonunda keçən "hisslərin tərbiyəsi" romanı; dedektiv alt qatlı "prustian" romanı; daha bir "hiss tərbiyəsi", lakin bu dəfə artıq inqilabi fonda (N.Ostrovski kimi, lakin Şərqi Avropa ladında); müasir beynəlxalq mafiozu, dedektivi; Borxes-Nabokovun güzgü və oxşarlıq mövzusu üstünlük təşkil edən daha bir dedektiv; Yapon və Avropanın akademik mühitində baş verən iki qəribə sevgi əhvalatı; Rezlizə olmayan yazıçılıq metafizikası haqqında süjet və fikirlərlə dolu Saylas Flennerin gündəliyi; Latın-amerikası romanına parodiya - mif; fantastik antiutopiya; nəhayət, Harun əl-Rəşid haqqında sadə bir nağıl.
Kişi Oxucu və Xanım Oxucunun hərəkət etdiyi süjetlərdə bu subromanları birləşdirən başlıqlar daha çox travestik (iroikomik ədəbi janr – X.A) və parodikdir. Bunlardan birincisində Kalvino modern təhkiyəçilik texnikasına qəzəblə gülür:
Sən otuz səhifə oxumusan və yavaş-yavaş süjetə girmisən. Hansısa bir an sən özün-özülüyündə deyirsən: "Bu ifadə mənə çox tanışdır. Nəyinki ifadə, hətta mənə elə gəlir ki, bütün abzası oxumuşam". Hər şey gün kimi aydındır: bu çoxtərəfli mövzudur; mətn zaman axınını göstərmək məqsədilə tamamilə təkrarlardan toxunub. Sənin kimi oxucu bu cür xırdalıqları böyük həssaslıqla tutur. Sən lap əvvəldən müəllif fikrini qəbul edirsən və gözündən heç nə yayınmır. Dayan görüm, səhifələrin nömrələnməsinə diqqət et. Buna bir bax ha! Düşündüyün müəllif oyunbazlığı əslində adi nəşriyyat səhvi imiş.
Sonra, beşinci başlıqda Kalvino qəti şəkildə poststruktural analizə olan münasibətini ifadə edir:
Burada artıq müzakirə başlanır. Qəhrəmanlar, onların taleyi, cizgiləri, ətraflarındakılar kənara atılıraq ümumi fikirlərə yer açır.
- Polimorf-perversiv arzu...
- Bazar iqtisadiyyatının qanunları...
Bazar strukturunun homologiyası...
Heç kim daha ardını oxumaq istəmir.
Sən soruşursan: - Olar? - və romana yiyələnmək istəyirsən. Lakin bu kitab deyil, cırılmış dəftər vərəqləridir. Bəs qalanı hanı?
- Bağışla, mən sadəcə davamını götürmək istəyirdim, - həlim səslə deyirsən.
- Davamını? Bu ki bir aya bəs edər. Sənə azlıq edir?
- Mən söhbətçün yox, oxumaq üçün...
VII başlıqda məhəbbət səhnəsində Kalvino qəfildən çox həvəsli semiotik, "pantekstualizm" məsləhətçisi kimi çıxış edir:
Xanım Oxucu, indi sən oxunulmuşsan. Sənin bədənin bu cür oxunmalara şüurun informasiya kanalları, gözlər, iybilmə vasitəsilə məruz qalır. Oxu predimeti təkcə sənin bədənin olmur. Bədən mürəkkəb elementlərin bir hissəsi kimi dəyərlidir”.
Bütün mətn boyu diqqətli oxucu üçün müxtəlif "ipucları" atılıb. Paytaxtı Erkno olan Kimmeriya ölkəsi nədir, haradır? "Kimmeriya", bildiyimiz kimi Krımın keçmiş adıdır; Bəlkə Erkno deyərkən İnkerman nəzərdə tutulur? Kalvinonun köhnə coğrafi xəritələrə, xəyali adlara və ifadələrə olan marağını nəzərə alsaq, bu heç də təəccüblü olmaz. "Polşa" subromanın müəllifi Tazio Bazakbaldır. Lakin bu nadir adı - Tadzionu artıq müxtəlif mənalarla dolu, məşhur personaj - Tomas Mannın "Venesiyada ölümlər" əsərindəki polşalı oğlan daşıyır. Bu sadə "erudisiya gimnastikasıdır", yoxsa hansısa simvol və ya işarədir?
Eynən bu cür digər subromanın vətəndaş müharibəsi illərində sevgi və xəyanətdən danışan təhkiyəçi-qəhrəmanının adı Aleks Zinnoberdir. Həmin sual ortaya çıxır: görəsən, onun soyadının Saxesin ləqəbilə üst-üstə düşməsi təsadüfdənmidir? Görəsən, müəllif bununla nəyə işarə edir?
"X" başlıqda Oxucu-qəhrəman çay içərək senzura, ruh, söz azadlığı barəsində Arkadi Porfiriçlə - hansısa İrkaniya (Görəsən, İrkaniya utopiyalarından biri nəzərdə tutulmayıb ki?) dövlətinin "dövlət polis arxivinin" direktoru ilə dialoq aparır. Mənə elə gəlir ki, Dostoyevskinin "Cinayət və cəza" əsəri əsəri bulud kimi məhz bu başlığın üstünü alır.
Lakin "Cinayət və cəza"nın mövzusu kitabda lap əvvəldə yaranıb: irland mənşəli yaşlanmış bestsellerlər müəllifi Saylas Flenneri öz gündəliyinə Dostoyevskinin romannın əvvəl hissəsini köçürür: "Ola bilər ki, onda olan enerji mənim əlimə ötürülsün".
O, gündəliyində qeyd edirdi:
Mənim ağlıma roman yazmaq düşüb. Qəhrəmanı oxumağı tez-tez yarımçıq qalan oxucu ola bilər. Oxucu "B" müəllifinin yeni "A" romanını alır. Kitabın nüsxəsi zay çıxır və Oxucu yenidən birinci başlığa gəlir... O, kitab mağazasına gedərək kitabı dəyişir...
Bütün romanı birinci şəxsin adından yazmaq olar; sən, Oxucu... Romana xanım oxucu, hiyləgər tərcüməçi, gündəlik yazan yaşlı yazıçı da daxil etmək olar...
Yalançı tərcüməçidən yaxa qurtarmaq istərkən Oxucunun da əlinə keçmək çox pis olardı. Buna görə də onu hardasa dünyanın o biri başında gizlənən yalançı tərcüməçinin axtarışına səfərbər edirəm. Bu zaman Yazıçı Xanım Oxucu ilə bir araya gələ bilər.
Qadın personaj olmadan Oxucunun səyahəti əlbəttə ki, maraqsız və cansız olardı. Yolda qarşısına qadın çıxması mütləqdir. Ola bilər ki, Xanım oxucunun bacısı olsun...
Bax burada biz romanın ən maraqlı yerinə çatırıq. Əgər "...Şəhərlərdə" müəllif öz qəhrəmanlarından - Marko və Xandan üstündürsə, "Qəsrdə..." o sözün hərfi mənasında onlarla bir yerdə dayanıb, eyni oyunlar oynayır, "Yolçuda..." isə müəllif daha bir ən qətiyyətli addım (və deyəsən sonuncu) atır.
Romanın yarısından çoxunu oxuyandan sonra, real oxucu oxuduğu kitabın müəllifinin həmin kitabın personajlarından biri olduğunu başa düşür. Kitabın "bioloji müəllifi" məşhur yazıçı İtalo Kalvino isə, mətnə ya mövcud olan, ya da ki mifyaradan- tərcüməçi Maranın uydurduğu subroman müəlliflərindən biri kimi daxil olur və onunla elə özününkülər kimi rəftar olunur:
- Biz bütün günümüzü nigarançılıq içində olduq. Bütün "Kalvinoları " gözdən keçirdik. Çox şükür ki, bir neçə kitab salamatdı. Ona görə də zay çıxan köhnə "Yolçunu" yenisiylə əvəz edə bilərik.
- Xeyir! Bilirsinizmi, İtalo Kalvino daha mənə lazım deyil. Mən polşalı müəllifin romanını oxumağa başlamışam və onu bitirmək fikrindəyəm. Sizdə Bazakbal var?
Kitabda və deyəsən, elə dünya ədəbiyyatında unikal vəziyyət yaranır: Oxucuya "Sən oxucusan..." ifadəsi ilə romandan kənar ümumi müəllif, yaşadıqlarını xatırlayan memuarist (Dante, Robinzon Kruzo və ya Kazanova kimi), "real oxşarını" yazan "lirik qəhrəman" ("Moskva - Petuşki" əsərindəki Veniçka kimi), oxucuların marağı naminə əsərə daxil edilən təhkiyəçi (Dostoyevskinin "Xronikaçı"sı kimi) müraciət etmir. Ona oradakı personajlardan biri kimi müraciət edilir.
Kalvinonun müraciət etdiyi "Oxucu" həqiqətən də əvvəlcə istənilən adamın özüylə eyniləşdirə bildiyi sadə oxucudur. O, tədricən daha çox hadisələrdə iştirak edən Oxucuya çevrilir. Demək olar ki, qəhrəman nəzərə çarpmadan çap kağızından mətnin "virtual sahəsinə" keçir. Eynilə Jan Koktonun filmində Orfeyin Ölüm şahlığına güzgüdən ötüb keçməsi kimi.
Bu nə vaxt baş verir? Oxucu universitetdə uydurma (və ya həqiqi) xarici dil kafedrasına gələndə? Xanım Oxucuyla dialoqa girəndə? Yoxsa ki daha əvvəl - ona İtalo Kalvinonun "Bir qış gecəsi əgər bir yolçu" əsərini tam olan nüsxəsindən imtina edib, "əsl kitabın" izinə düşəndə? Biz yenə "reallıqla" "uydurmanı" bir-birindən nə tam ayıra, nə də onları qarşı-qarşıya qoya bilməməyimizlə üzləşirik.
Təkrarən daha diqqətli oxuyanda müəllifin daha dərinə getdiyini sezirsən: heç nə yazmaq iqtidarında olmayan Flenneri əzab çəkir. Ya ciddidən, ya da zarafatyana "telepatik" ilhamını - onun kitabı vasitəsilə Yer əhalisinə öz müraciətlərini çatdırmaq istəyən yadplanetliləri gözləyir. Flennerin düşündüyü kitab, artıq yazılıb və biz onu oxuyuruq. Deməli...
Deməli, romana Mixail Epşteynin (Rus filosofu, kultroloq, ədəbiyyatşünas, linqvist, esseist, professor – X.A) "hipermüəlliflik" ifadəsi tamimlə tədbiq olunub:
Bu termin mənim fikrimdə "hipermətn" ifadəsinin analogiyası kimi yarandı. Bu cür dağınıq bir mətni istənilən ardıcıllıqda oxumaq və istənilən fraqmentindən digərinə keçmək mümkündür. Eyniylə bu cür müəllifliyin özü də çağdaş ədəbiyyatda bir çox mümkün, "virtual" müəllifliklərə parçalanır.
"Yolçunun" əsl müəllifinin kimliyini təyin etməyə çalışaq. Onun aid olduğu janr və stilistika "Qəsrdə..." və "...Şəhərlərdə" olduğu kimi öz-özünə yox, Kalvinonun fəlsəfi fikirlərinin adekvat ifadəsi kimi seçilib. Müəllif, Bartın əksinə olaraq ölmür, sadəcə fiziklər kimi dünyanı dəqiq təsvir etmək fikirlərində o qədər dərinə gedib ki, biz insanlar da onu dildən dilə, bədən dilindən elm dilinə, işarələr dilindən obrazlar dilinə, italyan dilindən rus və başqa dillərə çevirə bilirik...
Hipermətnli narrativlər kompyuter tərəfindən yaranmayıb. Onlar XX əsrin ixtirası deyil. Sadəcə olaraq XX əsrdə insan şüurunun reallığı elə transformasiya olub ki, onu hipermətnin köməyi ilə ifadə etmək mümkünləşib. Və İtalo Kalvino əsl ədəbiyyatçı kimi bunu hiss edərək dahiyanə təsvir etmişdir. Ona görə ki, Umberto Eko belə deyirdi: “Ədəbi əsərlər özlərində qalaq-qalaq elmi dissertasiyalardan daha çox dünya və cəmiyyət haqqında informasiya cəmləyirlər”.
İnternet mənbələrdən tərcümə edən: XANIM AYDIN
banner

Oxşar Xəbərlər