• şənbə, 23 Noyabr, 08:09
  • Baku Bakı 10°C

Postsovet məkanını ikiyə bölən müharibə

05.03.22 09:23 1985
Postsovet məkanını ikiyə bölən müharibə
Ermənistan cəmiyyəti öz ampluasındadır. Sosial şəbəkələrin erməni seqmentində anti-Ukrayna əhval-ruhiyyəsi hökm sürür. Baş nazir Paşinyan Rusiyanın hücumunu "geosiyasi tektonik proses” adlandırıb. Orta Asiya susur, Gürcüstan və Moldovanın davranışı da təəccüb doğurur.
Rusiya ilə Ukrayna arasındakı müharibə dünyanı, sözün əsl mənasında ikiyə bölüb. Etiraf olunmalıdır ki, cüzi qisim Rusiyanın bu addımı atmağa məcbur olduğunu bildirsə də, böyük əksəriyyət Rusiyanın hərəkətlərini qınayır. Ən mürəkkəb duruma isə postsovet məkanına daxil olan dövlətlər düşüb. Rusiya ilə sıx iqtisadi, siyasi əlaqələr onları proseslərə ciddi reaksiya verməməyə sövq edir. Daha çox neytral qalmağa üstünlük verən bu dövlətlərin mövqeyi başadüşüləndir. Ukrayna ərazisinə qoşun yeridən rəsmi Minskdən fərqli olaraq, böyük əksəriyyət baş verənləri daha çox "presedentsiz geosiyasi gərginlik” kimi qiymətləndirir. Postsovet məkanında Azərbaycan yeganə dövlətdir ki, münaqişənin sülh yolu ilə həllinə çalışdığını, dövlətlərin ərazi bütövlüyü prinsipinin qorunub saxlanmasına üstünlük verdiyini bəyan edib.
Gürcülərdən hər kəsi şoka salan mövqe
Etiraf edək ki, bu münaqişədə ən təəccüblüsü Gürcüstanın tutduğu mövqe oldu. Gürcü baş naziri İrakli Qaribaşvilinin "Rusiya ilə iqtisadi münasibətlər bizi bu mövqedə qalmağa məcbur edir" bəyanatı şok effekti doğurdu. Qonşu ölkənin baş naziri rəsmən bəyan etdi ki, bu münaqişəyə reaksiya vermək ölkə vətəndaşlarının mənafeyinə uyğun deyil. Sözsüz ki, bu neytrallığın elan olunmasında "boz kardinal”, milyardları Rusiyada olan Bidzina İvanişvilinin böyük rolu olub. Halbuki, vaxtilə Gürcüstan Rusiya ilə hərbi əməliyyatlar aparanda Ukrayna prezidenti Viktor Yuşşenko Tbilisiyə gəlmiş və dəstək aksiyasında iştirak etmişdi. Görünür, rəsmi Tbilisi mövcud durumu fərqli qiymətləndirir. Ən önəmlisi, görünür, rəsmi Tbilisi Mixail Saakaşvili ilə bağlı Ukraynanın tutduğu mövqenin qisasını alır. Müxalifətin, parlamentin növbədənkənar sessiyasının çağırılması və "Ukraynaya qarşı hərbi təcavüzlə bağlı qətnamə"ni qəbul etmək istəyi hakim partiya tərəfindən bloklanıb. Gərginlik o həddə çatıb ki, Ukrayna Gürcüstandakı səfiri İqor Dolqovu məsləhətləşmə üçün geri çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski "Bizə kömək etmək istəyən könüllülərə maneəyə, sanksiyalara münasibətdə mənəviyyatsız mövqeyə görə” bu addımı atdıqlarını deyib. "Antiişğal" hərəkatının lideri David Katsarava "Formula” telekanalına deyib ki, hökumət onların təyyarəyə minməsinə icazə verməyib. Saakaşvili isə məhkəmə iclasında tələb edib ki, onu vətəndaşı olduğu Ukraynaya köçürsünlər. "Bu təhlükəli dönəmdə məni orada gözləyirlər”, – o söyləyib.
Moldova da təəccübləndirdi
Postsovet məkanında Tbilisi ilə yanaşı Kişinyov da separatçı Donbas və Luqanskın müstəqilliyinin tanınmasını pisləsə də, hərbi əməliyyatlara qarşı sərt bəyanat səsləndirmədi. NATO və Avropa İttifaqının siyasətini dəstəkləyən ölkənin bu addımı çoxlarının təəccüb və heyrətinə səbəb olub. Reallıq ondan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlər Moldova üçün həyati əhəmiyyət kəsb edir. 200 illik ümumi tarixə əlavə olaraq, bir dövlətdə - əvvəl Rusiya imperiyasının tərkibində, sonra Sovet İttifaqında - Moldova Rusiya və Ukrayna ilə bir çox iqtisadi, mədəni, mental, qohumluq bağları ilə birləşir. Moldovanın ən azı yarım milyon vətəndaşı Rusiyada daimi işləyir. Rəsmi Kişinyov Rusiyadan enerji ehtiyatlarını, ilk növbədə qaz alır. Rusiyadan asılılığı azaltmaq üçün alternativ qaz tədarükü yaratmaq cəhdləri indiyədək uğursuz olub.
Mərkəzi Asiya susmağa üstünlük verir
Bütövlükdə postsovet məkanının qaynar nöqtəsi sırasında yer alan Mərkəzi Asiya dövlətlərinə gəldikdə, baş verənlərin tez bir zamanda həll olunmasına çağırış etdilər. Ümumiyyətlə reaksiya bildirməyən isə Türkmənistan və Tacikistan olub. Türkmənlərin bəhanəsi odur ki, başları prezident seçkilərinə qarışıb. Qırğızıstana gəldikdə, Ukrayna prezidenti Vladimir Zelenski bu ölkədəki səfirin də məsləhətləşmələr üçün çağırıldığını, buna həmin ölkənin Rusiyanın Ukraynaya təcavüzünü "əsaslandırmasının” səbəb olduğunu deyib. Qazaxıstana gəldikdə, prezidenti Qasım Jomart Tokayev konkret olaraq "hərbi əməliyyat”, "müharibə” sözlərini işlətməkdən çəkinib. Hətta "Ukrayna” sözünü dilə gətirməyə cürət belə etməyib.
İrəvan Kiyevdən qisas alır?
O ki qaldı Ermənistanın mövqeyinə, baş nazir Nikol Paşinyan baş verənləri "geosiyasi tektonik proses” adlandırıb. Hakimiyyətdən fərqli olaraq, cəmiyyət Ukraynadakı müharibəyə son dərəcə emosional reaksiya verir və insanların fikirləri çox qütbləşib. Həm Rusiyanın, həm də Ukraynanın ünvanına sərt bəyanatlara rast gəlmək olar. Çoxları 2020-ci ildə Qarabağ müharibəsi zamanı Ukraynanın Azərbaycana tam dəstəyini qabardır. Sosial şəbəkələrdə Ukraynanı müdafiə edənlərlə bağlı "niyə Ukraynanın müdafiəsinə qalxırsınız? Ukrayna Azərbaycana silah verdi, Zelenski Əliyevlə yaxşı münasibətdədir" və s. bu kimi fikirlər geniş yer alıb. Siyasi müşahidəçi Akop Badalyanın fikrincə, Ermənistanın vəzifəsi istər siyasi, istərsə də hərbi baxımdan heç kimin tərəfində olmamaq, mümkün qədər neytral qalmaqdır. Mövcud təhlükəsizlik mövqeyini nəzərə alaraq, bu, onun üçün ən yaxşı mövqedir. Əks təqdirdə, nəticələr gözlənilməz ola bilər. Ermənistan Rusiyanın tərəfini tutsa, şübhəsiz ki, Qərblə problemləri olacaq. Əksinə, Qərbə yaxın olsa, Moskva ilə problemlər yaranacaq. Erməni cəmiyyətinin reaksiyasında emosional komponent də böyükdür və bu, əsasən, Ukrayna və Rusiyanın Dağlıq Qarabağ məsələsində mövqeyi ilə bağlıdır. Onlar Qarabağ müharibəsində Ukrayna cəmiyyətinin Azərbaycana qeyd-şərtsiz dəstəyini xatırlayırlar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər