• cümə, 19 Aprel, 13:43
  • Baku Bakı 25°C

Poroşenko, yoxsa Saakaşvili?

20.09.17 09:30 1020
Poroşenko, yoxsa Saakaşvili?
Ukraynada "Saakakşvilinin işi üzrə” məhkəmə prosesi ilə bağlı son hazırlıq işləri aparılır. Lvov məhkəməsi sabiq prezidentin Polşadan Ukraynaya keçməsinin qanuni olub-olmamasını üzə çıxarmağa hazırlaşır. Maraqlıdır ki, ötən həftədən bəri Saakaşvili ilə bağlı gərginlik və səslənən bəyanatların tonu bir qədər zəifləyib. Buna səbəb də var. Prezident Petro Poroşenko Birləşmiş Ştatlarda səfərdədir. Böyük ehtimalla hər iki tərəf mübarizəni bu səfərin nəticələrindən sonra başlayacaqlar. Hazırda əsas məsələ Saakaşvilinin Kiyevə gedib-getməyəcəyi ilə bağlıdır. Xatırladaq ki, Saakaşvili az əvvəl bildirmişdi ki, sentyabrın 19-dan sonra Kiyevə köçəcək. Lakin dünən qəfildən planını dəyişib və bəyan edib ki, Kiyevə oktyabrın sonlarında köçəcək. Saakaşvili bildirib ki, Kiyevdə planlaşdırdığı mitinqdə hakimiyyətdə islahatlar aparılması ilə bağlı tələblər irəli sürəcək. "Biz ictimai fəalların təşəbbüsünə qoşulmaq və oktyabrın 17-də Kiyevdə toplaşaraq korrupsiya əleyhinə məhkəmələr yaradılması, deputat toxunulmazlığının ləğv edilməsi və yeni seçki qanunu qəbul edilməsini tələb etmək qərarına gəlmişik”, - deyə Saakaşvili bəyan edib. "Mən indiyə qədər vətəndaşlığımın ləğvi ilə bağlı heç bir sənəd almamışam”, – deyə Mixail Saakaşvili söyləyib. "Poroşenko təəccüblənir ki, Saakaşvili niyə məhkəməyə gedib vətəndaşlığının ləğvi haqqında qərardan şikayət vermir. Mən heç bir sənədim olmadan necə məhkəməyə gedə bilərəm?” - deyə o bildirib. Əlavə edib ki, Poroşenko ilə heç bir konflikti yoxdur: "Mənim Poroşenko ilə heç bir konfliktim yoxdur. Əksinə, onun mənimlə konflikti var. Ona Amerikada uğur arzulayıram. Mən artıq orada olmuşam”. Ukraynadakı "Yeni siyasi qüvvələr” partiyasının lideri M.Saakaşvili bundan əvvəl bildirmişdi ki, sentyabrın 19-da Ali Radada çıxış etməyə cəhd göstərəcək. Eks-qubernator bu vədinə də əməl etməyib. Bu arada ölkənin baş prokuroru Yuri Lutsenko deyib ki, "Ukrayna hakimiyyəti Saakaşvilini sərhədi qanunsuz keçməyə görə həbs etmək fikrində deyil”. O, həmçinin bildirib ki, Odessa vilayətinin keçmiş qubernatorunu heç kim ekstradisiya etmək istəmir. Lutsenko qeyd edib ki, nə qədər ki, Saakaşvilinin Ukraynada yaşamaq icazəsi və ya digər sənədi var, o, həbs oluna bilməz.
Belə bir mürəkkəb vaxtda isə ABŞ hökuməti Ukraynaya yardım etmək qərarına gəlib. "Kiyev təhlükəsizlik və müdafiə, habelə ölümcül silahlar və hərbi avadanlıqlar üçün Vaşinqtondan 500 milyon dollar alacaq”. Bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib. Prezident qeyd edib ki, ABŞ-dan alınacaq silahlar Donbası azad edə bilər. Rusiyanın Federasiya Şurası isə hesab edir ki, bu cür qərar Ukraynanın cənub-şərqindəki münaqişəsinin daha da yayılması, kəskinləşməsinə səbəb ola bilər. "ABŞ Senatı 2018-ci il üçün müdafiə büdcəsini təsdiqləyib. Büdcədə Ukraynanın təhlükəsizliyinə 500 milyon dollar vəsait ayrılması planlaşdırılır”, - deyə Poroşenko özünün "Feysbuk” səhifəsində yazıb.
P.Poroşenko M.Saakaşvili ilə də bağlı məsələyə də toxunub və əlavə edib ki, bununla bağlı məhkəmə prosesi olacaq.
Bir çox ukraynalı ekspertlər hesab edirlər ki, Poroşenko ilə Saakaşvili arasında gərginliyin səngidilməsi barədə tapşırıq ABŞ-dan gəlib. Onların qənaətincə, amerikalılar hər iki şəxs qarşısında tələb qoyublar. Amerikalılar Poroşenko komandasını və Saakaşvilinin ətrafını münasibətlərin aydınlaşmasını heç olmasa Ukraynanın taleyi ilə bağlı xaricdə müzakirələr başa çatana qədər bir kənara qoymağa çağırıblar.
Siyasi ekspert Pavel Rudyakov hesab edir ki, hər şey amerikalıların nə deyəcəyi və əmr edəcəyindən asılı olacaq. Onun sözlərinə görə, iki tərəf arasında mübarizə hələ uzun müddət davam edəcək. "Saakaşvilinin indiyə qədər saxlanılmamasının səbəbi odur ki, hakimiyyət hələ də ABŞ-dan müsbət cavab almayıb. Elə Saakaşvili də istəyinə nail olmayıb. Ona ABŞ-dan hakimiyyəti dəyişmək üçün "Kiyevə yürüş” mandatı təqdim edilməyib”. Beləliklə, çox mürəkkəb və maraqlı bir vəziyyət yaranıb. Və kimin bur gərginlikdən qalib çıxacağını zaman göstərəcək.
Azər
banner

Oxşar Xəbərlər