"Polyak mediası bizi dinlədi və hadisələri obyektiv
şəkildə işıqlandırdı”
İyulun 12-dən
etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir. Paytaxtda
yaşanan hadisələr xalqımızın iradəsini, əzmini, düşmənə qarşı birliyini özündə əks
etdirir. Bu birlik özünü nəinki paytaxtda, eyni zamanda dünyanın müxtəlif ölkələrində
yaşayan həmvətənlərimiz arasında da göstərir. Belə ki, iyulun 16-da Azərbaycanın
Polşadakı səfirliyinin qarşısında erməni təxribatçıların icazəsiz aksiya keçirməsinin
qarşısı alınıb. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli
"Kaspi"-yə açıqlamasında qeyd etdi ki, orada yaşayan ermənilərin
sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Azərbaycanın
Varşavadakı səfirliyinin binasının qarşısında icazəsiz aksiya keçirmək və
vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyi
məlumatlandırıb. Azərbaycan səfirliyi isə dərhal gözlənilən təxribatla bağlı yerli
polisi xəbərdar edib: "İyulun 15-də gecə birin yarısı xəbər tutduq ki, ermənilər
səfirliyimizin qarşısında təxribat törətmək istəyir. Mən də xəbəri eşitdikdə
konsulla əlaqə saxladım. Məsələ ilə bağlı buradakı səfirə məlumat verildi. Həmin
saat sosial şəbəkə vasitəsi ilə Polşada yaşayan azərbacanlılarla əlaqə saxladıq
və belə bir vəziyyətin olduğunu bildirdik. Xəbəri eşidən kimi burada yaşayan azərbaycanlılar
bu təxribatın qarşısını almaq üçün bir araya yığıldılar. Koronovirusla bağlı
olaraq burada 15 nəfərdən artıq insanın bir araya yığılması qadağan olduğu üçün
səfirliyin önünə toplaşa bilməzdik, buna icazə yox idi. Səhəri gün saat
13:00-da 150-yə yaxın soydaşımızla səfirliyə daxil olduq. Saat 14:00 radələrində
erməni təxribatçıları səfirliyin qarşısına aksiya keçirməyə gəldikdə isə biz səfirlikdən
izdihamla çölə çıxdıq. Bu an onlar çox təəccübləndilər. Düşünürdülər ki, heç
kim olmayacaq və istədikləri aksiyanı rahatlıqla keçirəcəklər. Biz onların bu
istəklərini ürəklərində qoyduq. Bu, onlar üçün gözlənilməz oldu, çünki işin bu
tərəfi planlarında yox idi. Orada polislər erməniləri biz tərəfə buraxmadılar.
Polislər hər iki tərəfə gözyaşardıcı qazlardan istifadə etdi. Ara bir qədər
sakitləşdikdən sonra ermənilər iki dəfə provakasiya etmək istədilər. İkinci cəhd
o qədər də ciddi olmadı və hər biri azərbaycanlılar tərəfindən
susduruldu".
F.Cəfərli Polşa
Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa
Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı
gənclər və soydaşlarımızın polyak dostlarının bir araya gələrək aksiyanın
qarşısını aldıqlarını bildirir. O deyir ki, həmvətənlilərimiz Azərbaycanda baş
verən hadisələri izləyir və bu hadisələrdən kifayət qədər təsirlənirlər. Belə məqamda
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da həmvətənlərindən güc
almış olurlar: "Ermənilər polyakca danışdırlar. Varşavada özlərinə daha
çox tərəfkeş toplamq üçün deyirdilər ki, guya Qarabağ onlarındır və guya azərbaycanlılar
onların torpaqlarını əllərindən alıb, dinc əhalini öldürüblər. Elə hiyləgər bir
düşmənlə üz-üzəyik ki, onlar bu işdə bir az peşəkardırlar. Pop ulduzlarını belə
təxribata sürükləyib aksiyaya gətirsələr də, bunun heç bir xeyri olmadı. Özlərini
polyakların gözündə daha da sevdirməyə çalışırdılar. Polyak mediası bizi dinlədi
və yaşanan hadisələri obyektiv şəkildə işıqlandırdı. Açığı, bu günə qədər
polyaklar daha çox ermənilərin tərəfini tuturduqları halda, bu dəfə fərqli
oldu. Bizim səfirliyin işçiləri media ilə danışıb əsas məsələni izah etdilər.
Onlar Qarabağda, Tovuzda baş verən hadisələrdən danışdılar. Biz də vərəqələr payladıq və
polyaklar məsələnin əsli ilə daha yaxından tanış olmuş oldu".
Fərid Cəfərlinin sözlərinə görə, aksiyada vətənpərvər
soydaşlarımız Tovuz təxribatına, Ermənistanın torpaqlarımızı işğal etməsinə
etiraz şüarları yazılmış plakatları qaldırıb, Azərbaycanın dövlət himnini,
"Əsgər marşı"nı ifa edib, cəngi sədaları altında şüarlar səsləndiriblər.
Onlar, səfərbərlik elan olunarsa, hər an döyüşə hazır olduqlarını bildiriblər.