• cümə, 19 Aprel, 04:29
  • Baku Bakı 18°C

Polşa Qazaxıstan üçün “vizasız rejimi” lobbiləşdirir

08.09.17 09:00 1398
Polşa Qazaxıstan üçün “vizasız rejimi” lobbiləşdirir
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin polşalı həmkarı Andjey Duda ilə Astanada keçirdikləri görüşdə prioritet ikitərəfli münasibətlər və yeni layihələr olub. N.Nazarbayev ölkəsinin əlverişli investisiya mühitini xüsusi qeyd edərək Qazaxıstanı Polşanın Mərkəzi Asiya və Avrasiya İqtisadi İttifaqına (Aİİ) çıxışı üçün platsdarm adlandırıb.
Polşa prezidenti Andjey Duda üçgünlük rəsmi səfərlə Qazaxıstandadır. Onu xeyli sayda iş adamları müşayiət edir. Belə ki, eyni vaxtda Astanada biznes-forum da start götürüb. Burada əsas məsələ iki ölkənin iqtisadi əməkdaşlığının yeni istiqamətləri, eləcə də "Bir dəhliz - bir yol” İpək yolu layihəsi olub. Qazaxıstan prezidenti bildirib ki, onun ölkəsi Polşanın regionda başlıca tərəfdaşıdır. "Nəzərə alsaq ki biz Avrasiya İqtisadi İttifaqında təmsil olunuruq, digər üzv dövlətləri, o cümlədən Rusiya və digər qonşu dövlətləri də Polşa ilə əməkdaşlığa cəlb edə bilərik”, - deyə Nazarbayev həmkarına təklif edib. Avrasiya bazarına çıxış barədə söhbət biznes-forumda da gedib. Polşanın aqrar bazarlar agentliyinin sədri Lukaş Xoubovski bildirib ki, polyak tərəfi Böyük İpək yolunun üstündə yerləşən dövlətlərlə birgə körpülər "qurmaqda” maraqlıdır. Lakin dərhal ekspertlər Qazaxıstanın Polşa ilə Avrasiya İqtisadi İttifaqı ölkələri arasında münasibətlərin qurulmasında vasitəçi ola biləcəyinə şübhə ilə yanaşıblar. Bu yolda əsas maneə isə Rusiya göstərilir.
Son vaxtlar Polşa ilə Rusiya arasında münasibətlər soyuq müharibə həddinə çatıb. Risklərin qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev bu qənaətdədir. "Rusiya baş nazirinin müavini İqor Şuvalov avqustun sonlarında bəyan edib ki, Rusiya Qazaxıstanı Avrasiya İqtisadi İttifaqında lider dövlət kimi görmək istəyir. Bu fikir diplomatik reverans olmaya da bilər. Lakin bu o demək deyil ki, Qazaxıstan qurumda "ilk skripka” rolunu oynayır. Avrasiya İqtisadi İttifaqı regional təşkilatdır və ona üzv dövlətlər arasında ciddi fikir ayrılıqları, eləcə də bir-birinə qarşı etimadsızlıq mövcuddur. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, cavab addımları, ticarət müharibələri vəziyyəti xeyli gərginləşdirib və Qazaxıstanın digər ölkələrlə, o cümlədən Polşa ilə münasibətlərinə ciddi təsir edib”, - deyə qazaxıstanlı ekspert vurğulayıb. O xatırladıb ki, Rusiya öz ərazisindən Qazaxıstan üçün nəzərdə tutulan Polşa mallarını buraxmayıb. Bundan əlavə, Rusiyaya gedən Qazaxıstan mallarını Moskva geri qaytararaq, Astananı sanksiyaya məruz qalan məhsulları yenidən ona göndərməkdə ittiham edib. Belə bir ittiham Belarusun da ünvanına səslənib.
"Avrasiya İqtisadi İttifaqında siyasi faktorlar iqtisadi faktorlar üzərində dominant mövqeyə malikdir. Bu səbəbdən də Qazaxıstanın Polşanın Avrasiya İqtisadi İttifaqında maraqlarını lobbiləşdirə biləcəyi şübhəli görünür. Onlar Moskva ilə Varşava arasında mövcud olan müəyyən geosiyasi qarşıdurmalarla toqquşmalı olacaq”. Onun qənaətincə, Qazaxıstan hazırda Avrasiya İqtisadi İttifaqında Polşanın maraqlarının yox, bu ölkə ilə ikitərəfli münasibətlərin qeydinə qalsa yaxşı olardı. Belə ki, Polşa Avropa İttifaqında aktiv və nəzərəçarpacaq bir oyunçudur və hazırda onun qurum daxilində iqtisadi dəyəri əhəmiyyətli dərəcədə artır. Polşanın Aİİ-də deyil, Mərkəzi Asiya regionunda imkanları geniş ola bilər. Bəlli olduğu kimi, Mərkəzi Asiyanın beş dövlətindən yalnız ikisi Aİİ üzvləridir. Tacikistan vaxt uzadır və quruma üzv olmağa tələsmir. Türkmənistan üçün isə onun neytrallığı hər şeydən üstündür. Və bu neytrallıq tək hərbi bloklara üzv olmamaqdan ibarət deyil. Bu iki dövlət hər biri ayrı-ayrılıqda problemli dövlətlər hesab edilirlər. O ki qaldı Özbəkistana - bu ölkə artıq əcnəbi investorları özünə cəlb etməkdədir. D.Satpayevin qənaətincə, əgər əvvəl Qazaxıstan bu statusda idisə, indi artıq regionda yerlər sürətlə dəyişməyə doğru start götürüb. Daşkənd iqtisadiyyatın liberallaşdırılması siyasəti yürüdərək, valyuta siyasətini dəyişib. "Bu da investisiya mühitini yaxşılaşdırır. Məhz Beynəlxalq Valyuta Fondu da bunda israr edirdi. Əgər Özbəkistan prezidenti Şövkət Mirzoyev indiki siyasətini davam etdirərsə, onda Qərb, o cümlədən Polşa investisiyalarının mühüm bir hissəsini özünə cəlb edə bilər”, - deyə qazaxıstanlı ekspert vurğulayıb.
Lakin hələ ki Polşa prezidenti Daşkənddə deyil, Astanadadır. Yəni Özbəkistanla münasibətlər uzaq perspektivdədir. Qazaxıstana gəldikdə, bu ölkə özünün qeyri-xammal sektoruna Polşa investisiyalarının cəlb edilməsində marağını gizlətmir. Astanaya 140-dan artıq şirkətin 400-ə yaxın nümayəndəsi gəlib. Polşanın Sahibkarlıq üzrə Agentliyində qeyd ediblər ki, belə bir sayda heyətin təmsil olunması Qazaxıstan bazarına maraqdan irəli gəlir. Astana da bu prosesə ciddi hazırlaşıb. Səfər ərəfəsində Polşa vətəndaşları üçün vizanı ləğv edib. Və Polşa tərəfinin bu istiqamətdə addımlar atacağını gözləyir. Bu fikri Polşa prezidenti ilə görüşdə Qazaxıstan prezidenti də bildirib. Onun polyak həmkarı da Qazaxıstan vətəndaşlarının Avropa İttifaqına vizasız gedişinə kömək göstərəcəyini bildirib. "Biz Qazaxıstandan olan turistlərin və biznesmenlərin Polşaya vizasız getmələri ilə bağlı təşəbbüsü dəstəkləyirik. Bizim bu məsələdə mövqeyimiz birmənalıdır”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.
İki ölkə arasında iqtisadi münasibətlərin sürətlənəcəyi proqnozlaşdırılsa da, vizanın ləğvi məsələsinin baş tutmayacağı qənaətində olanlar çoxdur. Bunun üçün Qazaxıstan ilk növbədə Rusiyanın himayəsi ilə ərsəyə gələn Avrasiya İqtisadi İttifaqından uzaqlaşmalıdır. Bu proses isə çətin ki, baş versin.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər