• cümə, 29 Mart, 02:19
  • Baku Bakı 7°C

Politoloq: Vaksin təminatında Azərbaycana qarşı ikili standartlar tətbiq olunur

29.03.21 16:45 731
Politoloq: Vaksin təminatında Azərbaycana qarşı ikili standartlar tətbiq olunur
Pandemiyanın bütün dünyanı cənginə aldığı ilk günlərdən etibarən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə atdığı qabaqcıl addımlarla vəziyyəti nəzarətdə saxlamağa müvəffəq olan nadir ölkələrdəndir. Pandemiyanın ilk aylarında 10-dan çox modul tipli yeni xəstəxana yaradıldı. Eyni zamanda, Azərbaycan həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış ilk ölkədir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqından bir ay sonra vaksinləri alan və vaksinasiyaya start verən ölkədir. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri COVID-19-la mübarizəyə həsr edildi. Azərbaycan lap əvvəldən COVAX təşəbbüsünə qoşuldu. Hazırda vətəndaşlarımız Çin istehsallı "CoronaVac” peyvəndi ilə vaksinasiya olunur. Bu istiqamətdə maksimum səmərəli iş aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə mütəmadi təmaslar quruldu. Eyni zamanda, dünya birliyinin etibarlı tərəfdaşı kimi Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib ki, bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq deyib ki, Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın - Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüququ və ədaləti müdafiə edərək, verdiyi bəyanatlara sadiq qalaraq dünyada vaksinlərin ədalətli bölgüsü prosesinin həyata keçirilməsinin tərəfdarı olan ölkədir. Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki, pandemiyadan çıxış yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır. Bu baxımdan Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ötən il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan Xüsusi Sessiya mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövlətimizin başçısı BMT Baş Assambleyasının Xüsusi Sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqlarına çatmalı olduğunun vacibliyini vurğuladı.
Təəssüf ki, humanizm prinsiplərini, insanların sağlamlığını, həyatlarını nəzərə alaraq həmrəy davranılmalı olan bir məsələdə bu barədə səsləndirilən bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyətin şahidiyik. Belə ki, yenə ikili standartlar, ədalətsizlik, proteksionizm, millətçilik məsələləri öndə dayanır. İndi varlı və kasıb ölkələr meyarı nəzərə alınmadan, Azərbaycan Prezidenti də qeyd etdiyi kimi, hətta müttəfiqlər arasında da ciddi problemlər mövcuddur. Bəzi ölkələr ehtiyaclarından üç-dörd dəfə çox vaksin alıb. Bəzi ölkələr peyvənd dozalarının çoxunu öz əllərində saxlayır. Məsələn, Kanada hər vətəndaşı üçün doqquz, ABŞ yeddi, Avropa İttifaqı isə beş dozaya qədər peyvənd təmin edir. Bu isə o deməkdir ki, kasıb ölkələrə vaksin çatmayacaq, beləliklə də varlı, inkişaf etmiş ölkələr inkişaf etməmiş, vəsaiti olmayan ölkələrin vətəndaşlarının ölümünə göz yumacaqlar.
"Baxmayaraq ki, 2019-cu ildə qurulan və 190-dan çox ölkənin üzvü olduğu COVAX təşəbbüsü peyvəndlərin dünyanın bütün ölkələrinə ədalətli paylanılması üçün yaradılmışdı, indi görünən mənzərə odur ki, peyvənd istehsalına nəzarət edən firavan ölkələr öz istehlak məntiqlərini, bəzi siyasi prioritetlərini və maraqlarını rəhbər tutaraq bir sıra ölkələrə peyvənd tədarükünü məhdudlaşdırır, beləliklə, peyvəndin maliyyə və iqtisadi rifahından asılı olmayaraq dünyanın bütün ölkələri arasında ədalətli və balanslı paylanmasını təmin etmək istiqamətində üzərilərinə götürmüş olduqları öhdəlikləri pozurlar. Belə ki, Gürcüstan artıq COVAX-dan vəd edilmiş həcmdə peyvəndlə təmin olunur, Azərbaycan isə yox. Deməli, selektiv yanaşma tətbiq olunaraq Qərb özü üçün siyasi cəhətdən etibarlı hesab etdiyi ölkələrə vaksin tədarük edir. Yaranmış mövcud vəziyyət Azərbaycana qarşı bu məsələdə də ikili standartların tətbiq olunduğundan xəbər verir”, - deyə Ş.Həsənova qeyd edib.
banner

Oxşar Xəbərlər