• cümə, 29 Mart, 17:04
  • Baku Bakı 14°C

Politoloq: “Sevincində də, kədərində də Türkiyənin yanındayıq"

31.07.21 17:15 291
Politoloq: “Sevincində də, kədərində də Türkiyənin yanındayıq"
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Ulu öndərlərin siyasətlərinin davamçıları Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Eynilə, xalqımız, cəmiyyətimiz də sevincdə də, kədərdə də bir yerdədir. Bu baxımdan Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları bizi dərindən kədərləndirir. Nəzərə alsaq ki, yanğında həyatını itirən insanlar, canlılar var, yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub, hadisənin törətdiyi fəsadlar çoxdur, bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verməsi, bununla yanaşı, dövlətimizin başçısının tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələrinin göndəriləcəyi qardaşlığımızın, "Bir millət, iki dövlət” olmağımızın daha bir təsdiqidir. Azərbaycan dövləti Türkiyənin müvafiq qurumları ilə məsələ ətrafında sıx təmasdadırlar.
Kaspi.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, həmçinin bütün Azərbaycan xalqı media vasitəsilə hadisələrin gedişini anbaan izləyir, sosial şəbəkələrdə yanğınla əlaqədar genişmiqyaslı dəstək nümayiş olunur. Bu, bir daha onu göstərir ki, təkcə dövlətlərimiz yox, sadə vətəndaşlarımız da bir-birinə dəstəkdirlər, Türkiyədə baş verən yanğınlarla əlaqədar narahatdırlar.
Uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətinə görə Azərbaycana sadəcə sözdə deyil, əməldə də dəstək nümayiş etdirərək rəsmi İrəvanla sərhədlərini bağlayan, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanı dəstəkləyən, beynəlxalq tribunalardan səsimizə səs verən Türkiyə dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi dövründə hər gün ölkəmizin yanında olduğu kimi, biz də dövlət, hökumət, xalq, cəmiyyət olaraq qəlbdən Türkiyənin yanındayıq.
Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarının milli maraqlarını müdafiə edərək, onların mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən dahi liderlərdir. Əminik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə mətin türk xalqı bu sınaqdan da üzüağ çıxacaq. "Bir millət, iki dövlət” deyərək sevincinizdə də, kədərinizdə də bu gün və hər zaman yanındayıq, Türkiyə!
banner

Oxşar Xəbərlər