• şənbə, 20 Aprel, 17:06
  • Baku Bakı 23°C

Politoloq: Rusiya Azərbaycanın yanında yer almalıdır

24.07.21 12:15 304
Politoloq: Rusiya Azərbaycanın yanında yer almalıdır
Biz Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə Moskvadakı görüşünün nəticələrini yaxın müddətdə görəcəyik. Qarabağda, ümumilikdə Azərbaycan və Ermənistan sərhədində sakitliyin olması, atəş səslərinin dayanması onu göstərir ki, rəsmi Moskva və Bakı arasında anlaşılmazlıq çox güman öz həllini tapıb. Təbii ki, Azərbaycanla Ermənistan arasında yeni münasibətlərin əsasının qoyulması, delimitasiya və demarkasiya ilə birgə bütün nəqliyyat xətlərinin, eyni zamanda, Zəngəzur dəhlizinin açılması yaxın zamanda reallaşa bilər.
Kaspi.az xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin daha tez açılması hazırda beynəlxalq müstəvidə ən çox danışılan məsələlərdən biridir. 2020-ci il 10 noyabr razılaşmasında bəzi müddəalar Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib. Moskva görüşündə bu məsələlərin də qaldırıldığı ehtimalları kifayət qədər yüksəkdir. Azərbaycanı narahat edən bəzi məsələlər var ki, müəyyən geosiyasi qüvvələrin, qlobal güclərin Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək, Qarabağın dağlıq hissəsində təxribat yaratmaq istəyi məhz onlarla bağlıdır. Böyük ehtimalla Moskva görüşündə bu məsələlər müzakirə edilib. Rusiya tərəfi də başa düşməlidir ki, Cənubi Qafqazda gedən proseslərdən faydalanmaq istəyirsə, işğalçı Ermənistanın yanında yox, məhz Azərbaycanın yanında yer almalıdır. Rusiya ədalətin və beynəlxalq hüququn yanında yer alan Azərbaycanla bir olarsa, bölgədəki iqtisadi-siyasi maraqlarını tamamilə geniş şəkildə reallaşdıra bilər.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri barədə də danışan Zaur Məmmədov deyib: "Avropa İttifaqı dünya siyasətində vacib beynəlxalq qurum kimi tanınır. Təbii ki, Avropa İttifaqının müxtəlif məsələlərlə bağlı rəy və bəyanatları kifayət qədər ciddi status daşıyır. Rəsmi Bakı ilə Brüssel arasında münasibətlərə gəldikdə, Azərbaycan və Avropa İttifaqı "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində müxtəlif sahələrdə bir-biri ilə sıx şəkildə təmasdadır. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sənədin imzalanmasına dair müzakirələr davam edir. Azərbaycan Avropa İttifaqı üçün digər "Şərq tərəfdaşlığı” ölkələrindən bir qədər fərqli xüsusi status daşıyır.
Şarl Mişelin Bakıya səfəri də onun Qafqaz turnesi çərçivəsində baş tutdu. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə qədər və görüşdən sonra onun təəssüratlarında Qarabağla, ümumilikdə bölgə ilə bağlı baxış bucağında fərqliliklər hiss olundu. Bu onun mətbuat konfransındakı çıxışında da özünü göstərdi. O, İrəvanda Qarabağın statusu ilə bağlı danışsa da, Azərbaycanda bunu etmədi.
banner

Oxşar Xəbərlər