• cümə axşamı, 19 dekabr, 03:09
  • Baku Bakı 6°C

Politoloq: "Batumi bəyannaməsi GUAM-ı əvəz edəcək"

24.07.21 18:00 393
Politoloq: "Batumi bəyannaməsi GUAM-ı əvəz edəcək"
Vaşinqtonun himayəsi və dəstəyi ilə 1990-cı illərin sonunda GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatı yarandı. Bu ölkələrin liderləri niyə belə bir təşkilatın yaranmasını zəruri hesab etdilər? 1990-cı illərdə GUAM-a daxil olan 4 ölkəni eyni amillər birləşdirirdi. Birincisi, hər 4 ölkədə separatçı bölgə var idi və hər 4 ölkə ərazi bütövlüyünü təmin etmək istəyirdi. İkincisi, hər 4 ölkə Rusiyanın regional siyasətindən narazı idi və ABŞ-ın dəstəyinə ehtiyaclar duyurdular.
Hazırda durum fərqlidir. Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq Azərbaycan Rusiya ilə tərəfdaşlıq münasibətləri qurub. Son illər arasında Azərbaycanla Rusiya arasında siyasi təmaslar, iqtisadi əlaqələr və ticarət artdı. Ona görə də rəsmi Bakının GUAM təşkilatına marağı azaldı və Azərbaycan hükimiyyəti bu təşkilatı siyasi deyil, iqtisadi əməkdaşlıq formatı kimi qəbul etməyə başladı. Azərbaycanın Gürcüstan və Ukrayna ilə iqtisadi əlaqələri mövcud olsa da¸ Moldova ilə əlaqələri yüksək səviyyədə deyil. Ona görə də rəsmi Bakı GUAM üzvləri ilə ikitərəfli əlaqələrə üstünlük verdi.
Bu arada, Azərbaycandan fərqli olaraq Gürcüstan, Ukrayna və Moldova Avropa İttifaqı ilə "assosiativ sazişlər” imzaladılar. Azərbaycan bu sazişi Brüsselə imzalamadı və strateji sazişi imzalamağı lazım bildi. Ancaq bu saziş hələ hazır deyil. Ona görə də Ukrayna, Gürüstan və Moldova Azərbaycanı gözləmədən Avropa İttifaqına daxil olmaq qərarı veriblər. İyulun 19-da Ukrayna prezidenti Vladimir Zelenski, Gürcüstan prezidenti Salome Zurabişvili və Moldova prezidenti Maya Sandu tərəfindən Batumi Bəyannaməsinin imzalanması da bundan xəbər verir.
Liderlər bəyan ediblər ki, Avropa İttifaqı ilə assosiasiya barədə saziş islahatların açar yol xəritəsidir və onların həyata keçirilməsinin davamı Avropa İttifaqı ilə assosiasiya etmiş üç həmkar arasında siyasi assosiasiya və iqtsadi inteqrasiya cəhdlərinin dərinləşməsini nəzərdə tutur: «Assosiasiya etmiş üç həmkar üçün Avropa perspektivinin təqdim olunması güclü stimul olacaq və daha dərin və daha geniş islahatlar üçün təkan verəcək. Bu kontekstdə biz, xatırladırıq ki, Aİ Müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq, Gürcüstan, Moldova Respublikası və Ukrayna Avropa dəyərlərinə hörmət edən və irəli getməyə sadiq olan Avropa dövlətləri kimi, Avropa İttifaqına daxil olmaq üçün sifariş verə bilərlər».
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bölgəyə səfəri çərçivəsində Gürcüstanda hər 3 ölkənin lideri ilə görüşdü. Şarl Mişel 3 ölkənin liderinə üzvlüklə bağlı vəd vermədi. Buna baxmayaraq, 3 ölkə üzvlüklə bağlı səylərini birləşdiriblər və Brüssel bu amillə hesablaşmaq məcburiyyətindədir. Bu o deməkdir ki, bundan sonra Gürcüstanın, Ukraynanın və Moldovanın diqqəti GUAM-a deyil, Batumi bəyannaməsinin yerinə yetirilməsinə yönələcək.
Beləliklə, regional əməkdaşlıq GUAM-dan Batumi bəyannaməsinə, ABŞ-la ittifaqdan Avropaya inteqrasiyaya inikas olunub. Azərbaycan nə NATO, nə də Avropa İttifaqının üzvü olmaq istəyir. Azərbaycanı Gürcüstandan, Ukraynadan və Moldovadan ayından da budur. Digər tərəfdən Azərbaycan Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq ərazi bütövlüyü məsələsində böyük məsafə qət edib. Azərbaycan Batumi bəyannaməsinə qoşulmayacaq, ikitərəfli əlaqələrə üstünlük verəcək.
Elxan Şahinoğlu
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
banner

Oxşar Xəbərlər