• şənbə, 20 Aprel, 09:48
  • Baku Bakı 14°C

POLİQRAFİYAMIZIN FƏDAİSİ

04.12.18 10:30 1206
POLİQRAFİYAMIZIN  FƏDAİSİ
Lənkəran ilin bütün fəsillərində gözəldir. Bu yerlərdə payızın özgə hüsnü olur. Təbiət yaşıl, sarı, al qırmızı don geyinir, min bir rəngə çalır. Mehman Fərzullayev də qızıl payızın Lənkəranın Kərgəlan kəndinə xüsusi gözəllik gətirdiyi, əlvan naxışlarla bəzədiyi bir gündə dünyaya göz açıb. Halal, zəhmətkeş kəndli ailəsində böyüyüb. Atası Eynulla kişi ixtisasca aqronom olub, təsərrüfat işlərində çalışıb. Anası Fatma sovxozda fəhlə işləyib. Ailədə beş qız, dörd oğlan uşağı böyüdüb ərsəyə çatdırıblar.
Mehman müəllim ailənin ilkidir. O, zəngin, şərəfli ömür yoluna malikdir. Hələ orta məktəb illərində "Leninçi” qəzeti ilə əməkdaşlıq edib. İlk yazıları "Leninçi” və "Azərbaycan gəncləri” qəzetlərində çap olunub. İlk zəhmət haqqı da redaksiyadan aldığı 17 manat qonorar olub.
Həqiqi hərbi xidmətini Gürcüstanın Batumi şəhərində keçirib. Hərbi hissədə ona komsomol katibi və diviziyanın qəzetində işləmək təklif olunub. Bütün varlığı ilə mətbuata bağlı olan Mehman Fərzullayev qəzetdə işləməyə üstünlük verib. Zaqafqaziya Hərbi Dairəsinin "Leninskaya znamya” qəzetində də müntəzəm çıxışlar edib. Burada ordu generalı Sokolovla (sonralar o SSRİ Müdafiə Naziri olub) görüşüb.
O vaxtlar qəzetin yazıları linotipdə əllə yığılırdı. Mehman qısa vaxtda kirillə yanaşı, latın, ərəb qrafikası ilə yığmağı öyrənib. Bir dəfə vacib tədbirlə əlaqədar qəzeti təcili şəkildə rəngli çap etmək lazım olub. Mətbəənin müdiri deyib ki, bir iş gününə bunu etmək olmaz. Hərbi hissə komandiri Mehman Fərzullayevin səriştəsinə, bacarığına bələd olduğundan, bu işi ona tapşırır. Mehman gecə səhərədək mətbəədə işləyib qəzeti yüksək poliqrafik tələblərə uyğun çap edib. Qəzetin bu nömrəsi tərtibatı, maraqlı, oxunaqlı yazıları ilə diqqəti cəlb edib, hərbi hissədə əldən-ələ gəzib. Zaqafqaziya hərbi dairəsinin rəhbərliyi kollektivin işini bəyənib və gənc əsgər Mehman Fərzullayevi mətbəənin müdiri vəzifəsinə tövsiyə edib. Bu unudulmaz hadisə onun gələcək həyat yolunu müəyyənləşdirib.
Ordudan tərxis olunduqdan sonra Bakı Dövlət Universitetinin mətbəəsində fəhlə kimi işə başlayıb. Sonra çapçı işləyib. Çalışqanlığı, işgüzarlığı ilə kollektivdə seçilib. Jurnalistikaya sonsuz həvəs göstərdiyindən, mətbuat haqqında buraxılan kitabların çapına korrektor kimi təmənnasız kömək edib.
1971-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. Sumqayıt şəhərindəki kimya birliyində diktor-müxbir vəzifəsində işə düzəlib. O illərdə respublika qəzetlərində müntəzəm yazıları çap olunub, radio və televiziya üçün xəbərlər, reportajlar hazırlayıb.
1976-cı ildə görkəmli poliqrafçı alim Şəddat Cəfərovun qayğısı ilə Bakı Yeni Kitab Mətbəəsində baş usta vəzifəsinə təyin olunub. İşlədiyi sex planları kəsirlə yerinə yetirirdi. Gənc poliqrafçının gərin səyləri sayəsində sexin işində dönüş yarandı. Proqnoz tapşırıqlar 107 faiz icra olundu. Mehman müəllim isə istehsalat şöbəsinin rəisi vəzifəsinə irəli çəkildi.
İndi o illər şirin xatirə kimi yaddaşına həkk olunub. Mehman müəllim bu barədə deyir: "O vaxt alimlərin əksər kitabları bizim mətbəədə çap olunurdu. Görkəmli təbiətşünas alim akademik Həsən Əliyevin, dünya şöhrətli uroloq, akademik Mirməmməd Cavadzadənin, professor Zülfüqar Verdiyevin və digər tanınmış alimlərin bir neçə kitabı işlədiyim mətbəədə işıq üzü görmüşdür. Yaxşı xatırlayıram, Bakıda uroloqların beynəlxalq konfransı keçiriləcəkdi. Vaxta cəmi iki ay qalırdı. Konfransla bağlı kitablar, broşuralar təcili çap olunmalı idi. Heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmirdi. Mən söz verdim ki, bu işi bacararam. Mətbəənin yığım və çap sexlərində əsasən gənc qızlar, qadınlar işləyirdi. Onların valideynləri ilə görüşüb işdən sonra sexdə qalıb işləmələri üçün razılıq aldım. İş vaxtı gecə saat 23-ə kimi uzanırdı. Gərgin rejimdə işləyərək akademik M.Cavadzadənin kitabını və konfrans materiallarını 40 günə çap elədik. Başqa bir misal deyim. Professor Zülfüqar Verdiyev Hindistana beynəlxalq konfransa dəvət almışdı. Onun kitabını da təcili qaydada çap edib təhvil verdik. "Energetika” dərsliyini qısa vaxtda buraxmaq heç də asan deyildi. Çünki 40 çap vərəqi həcmində olan kitabda çoxlu düsturlar, üstlü və loqarifmik tənliklər var idi. İkinövbəli iş sisteminə keçməklə kitabı vaxtından əvvəl buraxdıq. Kitabın müəllifi onu Türkiyədə keçirilən elmi simpoziuma apardı”.
Tanınmış poliqrafçının həyatında bu cür yaddaqalan, unudulmaz hadisələr çox olub. O illərdə "İşıq” nəşriyyatında rəngli kitabların, bukletlərin, not ədəbiyyatının çapında çoxlu çətinliklər mövcud idi. Bu cür kitablar Moskvanın nəşriyyatlarında buraxılırdı. Mehman müəllim "Azərbaycan miniatürləri” kitabının Moskvada Azərbaycan, rus və ərəb dillərində on min tirajla çap olunmasına razılıq aldı. Kitab Moskvada keçirilən sərgidə gümüş medal qazandı. Mərkəzdən "İşıq” nəşriyyatına 38 min manat mükafat ayrıldı. Nəşriyyat gerilikdən çıxdı. Aylarla əmək haqqı ala bilməyən işçilərə maaşlar ödənildi, hər ay mükafat və on üçüncü əmək haqqı verildi.
"Naxçıvan”, "Dağlıq Qarabağ”, "Sumqayıt” və digər foto albomların, uzun illər çapını gözləyən 20 adda not ədəbiyyatının Moskvada yığılıb "İşıq” nəşriyyatında çap olunmasına Mehman müəllim rəhbərlik edib. Mehman Fərzullayev öz şəxsi əlaqələrindən istifadə edərək Bakının qədim tarixini, arxitekturasını, görməli yerlərini əks etdirən kitabçaları 100 min tirajla Moskvada çap etdirib.
1983-cü ildə "Kommunist” (indiki "Azərbaycan”) nəşriyyatında işə başladı. İlk dəfə olaraq sinkoqrafiya sexində şilda istehsalını yaratdı. Əvvəllər bu işi Moskvada, Yaponiyada görüb hazır məhsulu Bakıya göndərirdilər. Təcrübəli poliqrafçı işlənmiş çap lövhələrindən şilda istehsalında xammal kimi istifadə edərək daha bir yeniliyə imza atdı. Nəticədə 20 qəpiklik metal lövhə 4 manat qazanc gətirir, nəşriyyat bu hesaba 20 min manat vəsait qazanırdı. Mehman müəllim nəşriyyatda ilk dəfə operativ çap istehsalını təşkil etdi. Nəşriyyatın istehsalat-texniki şöbəsində böyük mühəndis, sinkoqrafiya sexinin rəisi işlədi.
1986-cı ildə "Kommunist” qəzetinin baş redaktoru, görkəmli dövlət xadimi Rəşid Mahmudovun tövsiyəsi ilə "Kommunist” qəzetinə buraxıcı vəzifəsinə təyin olundu. Qəzetin, poliqrafiyanın yeni tələblərinə uyğun çapına öz töhfələrini verdi. "Səhər” qəzetinin 1990-cı ilin qanlı Yanvar faciəsinə həsr olunmuş 2 milyonluq tirajının buraxıcısı da Mehman müəllim olmuşdur.
Poliqrafiya sahəsində yüksək təşkilatçılıq qabiliyyətini, bacarığını və zəngin təcrübəsini nəzərə alaraq, Respublika Dövlət Mətbuat, Nəşriyyat və Kitab Ticarəti Komitəsinin təchizat və satış idarəsinə rəis təyin olundu. Mərkəzlə iqtisadi əlaqələr getdikcə zəiflədiyindən, respublikaya kağız və digər çap məhsullarının gətirilməsində çoxlu problemlər yaşanırdı. Mehman müəllim imkanlarından istifadə edərək Moskvadan kvotasız 4 min ton kağız və çap lövhələri gətirdi. Respublikada latın qrafikalı matrisaların hazırlanmasına nail oldu.
1990-cı ildə Moskvadan Azərbaycanın səsini dünyaya yayan "Panorama Azerbaydjana” qəzetinin çapında çətinlik yarananda Mehman müəllim Moskva şəhərinə uzunmüddətli ezamiyyətə göndərildi. Azərbaycanın daimi nümayəndəliyində məsul katib vəzifəsinə təyin olundu. Xalqımıza düşmən kəsilən ermənilərin təzyiqi nəticəsində 6 ay idi ki, qəzetin çapı dayanmışdı. Mehman müəllim "Pravda” nəşriyyatında çalışan dostlarının köməyi ilə qəzeti 30 min tirajla rəngli buraxaraq Moskvadakı xarici ölkə səfirliklərinə, ittifaq respublikalarına göndərdi.
1991-ci ilin fevralında qəzetin baş redaktor müavini təyin olundu. Aşqabad, Daşkənd, Alma-Ata və Krasnoyarsk şəhərlərində qəzetin fəaliyyəti, Azərbaycan həqiqətləri barədə həmin şəhərlərin televiziya kanallarında, mərkəzi qəzetlərində çıxışları böyük maraqla qarşılandı. Moskva, Sankt-Peterburq, Kazan, Nijni-Novqorod, Kiyev, Minsk və digər şəhərlərdə Azərbaycan diasporunun təşkilatlanmasında, eləcə də Azərbaycan həqiqətlərinin keçmiş SSRİ məkanında, habelə Norveç, Kanada, Amerika və İranda yayılmasında yaxından iştirak etmişdir. Xocalı faciəsi barədə Seyidağa Mövsümovla birgə çəkdiyi sənədli film Moskvada, Kanadada və Amerikada nümayiş olunmuşdur.
Sonra yenidən vətənə qayıtdı. Müdafiə Nazirliyində hərbi-texniki ədəbiyyatlar şöbəsinin rəisi-baş redaktor vəzifəsinə təyin olundu. Ölkəmizdə ilk dəfə "Hərbi nəşriyyat”ın yaradılması onun adı ilə bağlıdır. Burada çalışdığı dövrdə 500-dən artıq hərbi-texniki, hərbi-vətənpərvərlik mövzusunda olan kitabların, xüsusi ədəbiyyatların, müxtəlif nizamnamələrin çapını təşkil etdi. "Hərbi bilik” jurnalının və "Azərbaycan ordusu” qəzetinin nəşrinə yardımçı oldu.
2000-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində "İslam” nəşriyyatını yaratdı. "Vətən” nəşriyyatında, Ədliyyə Nazirliyinin "Ədliyyə Nəşriyyat Evi” MMC-də çalışdı. "Qanunçuluq” jurnalının böyük redaktoru kimi səmərəli fəaliyyəti ilə iz qoydu. Heydər Əliyev və Azərbaycan ədliyyəsi, ədliyyə tarixində xidmətləri olan görkəmli şəxsiyyətlər barədə 10 çap vərəqi həcmində kitabın işıq üzü görməsində də onun böyük zəhməti vardır.
2010-cu ildən təqaüddədir. Fərdi yaradıcılıqla məşğul olur. "Azərbaycan” qəzetinin redaktorlarından biri, repressiya qurbanı Xəlil İbrahim, görkəmli dövlət xadimlərindən İmam Mustafayev, Kamran Hüseynov, Rəşid Mahmudov, Kamran Rəhimov, Sadıq Murtuzayev, görkəmli hüquqşünas Abdulla İbrahimov, tanınmış jurnalist Kazım Ələkbərov, respublikanın baş nefroloqu Mehman Ağayev haqqında buraxılan kitabların, "İlisu” ensiklopedik nəşrin tərtibçisi, redaktoru və ön sözün müəllifi olmuşdur.
"XX əsrin 100 görkəmli azərbaycanlısı” kitabını rus dilindən ana dilimizə tərcümə edərək geniş oxucu kütləsinə çatdırmışdır.
Tale ona korifey sənətkarlarla, görkəmli şəxsiyyətlərlə ünsiyyət qurmaq, dostluq etmək şansı verib. Bu şəxslərlə səmimi əlaqələr qurmuş, onların tövsiyə və məsləhətlərindən bəhrələnmişdir.
Tanınmış dövlət xadimi, respublikanın əməkdar jurnalisti Rəşid Mahmudovun Mehman Fərzullayev barədə qələmə aldığı yazı diqqətimizi cəlb etdi: "Mən ağsaqqal ömrümdə, 75 illik həyat yolunda çox-çox "dostlar” görmüşəm. Ancaq heç də hamısı, hətta bir neçəsi axıradək bu böyük ada layiq olmamışdır. Vəzifələr ötüşəndə, səhhət pozulanda, köməyə ehtiyac duyanda çoxları yan getmişdir. Demək olar ki yalnız sz uca Tanrı qarşısında daha bir borcunuzu yerinə yetirərək,mənimlə daim sirdaş, olubsunuz. Biz uzun illər bir yerdə işləmişik. Keçmiş "Kommunist” qəzetində və Moskvada nəşr etdiyimiz "Panorama Azerbaydjana” qəzetində fədakar əməyinizi yaxşı xatırlayıram. Sizdən heç vaxt gərgin, gecəli-gündüzlü çox məsuliyyətli tapşırıqları yerinə yetirərkən kiçicik etiraz, narazılıq hisslərini duymadım. Hara göndərildinsə üzüağ, verilən tapşırıqları respublikanın, xalqımızın, millətimizin nəfinə ləyaqətlə yerinə yetirdin. Azərbaycanda mətbuatın, nəşriyyat və poliqrafiya sahələrində xidmətləriniz çoxdur. Müstəqil Azərbaycanın yeni yaradılan milli ordusu üçün ilk ədəbiyyatın yaradılması, "Hərbi nəşriyyat”ın təşkili bilavasitə sizin adınızla bağlıdır”.
İstedadlı qələm sahibi Mehman Fərzullayev ömrünün 70-ci pilləsinə qalxmasına baxmayaraq, bu gün də gənclik həvəsi ilə çalışır, məhsuldar yaradıcılıqla məşğul olur. Onun biri-birindən maraqlı yazılarını "Respublika”, "Azərbaycan”, "Xalq qəzeti”, "525-ci qəzet” və digər qəzetlərdə, "Mütərcim”, "Söz”, "Kəlam” jurnallarında oxuyuruq. O, "Kəlam” jurnalının redaksiya heyətinin üzvüdür. "Qızıl qələm” və "Nurlu qələm ustası” mükafatları laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin, Ahıl Jurnalistlər Məclisinin üzvüdür.
Hərbi vətənpərvərlik sahəsində səmərəli fəaliyyətinə görə, "Böyük Vətən Müharibəsində qələbənin 50 illik”, "Sovet İttifaqı marşalı Jukov” adına medallara, Respublika Veteranlar Şurasının fəxri fərman və mükafatlarına layiq görülmüşdür.
Mehman müəllim müqəddəs ziyarətlərdə olub. Hacıdır. İmanlı, səxavətli, alicənab və nəcib insan olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Bəsti xanımla bir oğlan, üç qız böyüdüb. Oğlu Xəyyam Amerikanın Stanford Universitetində təhsil almış, Norveçdə magistratura bitirmişdir, neft mühəndisidir. Qızı Jalə Rəssamlıq Akademiyasının, Şəbnəm Texniki Universitetin, Bahar isə Xəzər Universitetinin məzunudurlar. Mehman müəllim qayğıkeş ata, baba və ağsaqqal kimi övladlarına, doğmalarına, el-obaya dayaq olur, peşəkar poliqrafçı, təcrübəli jurnalist kimi gənc mütəxəssislərə köməyini əsirgəmir.
Əlisəfa Həsənov
banner

Oxşar Xəbərlər