• cümə, 29 Mart, 19:22
  • Baku Bakı 14°C

Poeziyada intuisiya məsələsi böyük önəm daşıyır

15.04.19 15:15 1493
Poeziyada intuisiya məsələsi böyük önəm daşıyır
Müsahibimiz ədəbi tənqidçi, filologiya elmləri doktoru Cavanşir Yusiflidir. C.Yusifli ilə görkəmli Azərbaycan şairi Əli Kərimin yaradıcılığı ilə bağlı söhbət etdik:

– Əli Kərim yaradıcılığını mərhələ kimi təqdim etməyə hansı arqumentləriniz var?
– Bəzən bu mərhələ sözü düzgün anlaşılmır, onu ya şişirdir, ya da nə iləsə qarışıq salırlar və belədə qıcıq, narazılıq və ajiotaj yaranır. Əslində, bu təbii bir proses idi, kiminsə böyüklüyünü və missiyasını əlindən almaq, onu daraltmaq anlamını daşımır. Məsələ çox sadədir: Səməd Vurğun və Rəsul Rza ənənəsi, onların özlərindən qabaqkı böyük bir ənənədən əxz etdikləri fərqli "tarixçələr” gəlib Əli Kərimdə qovuşdu. Təbii seçim belə oldu. Obyektiv şəkildə. Ancaq bu məsələ filoloji baxımdan yetərincə və təyinatı üzrə araşdırılmayıb, Səməd Vurğun və Rəsul Rzadan mükəmməl, bütün suallara cavabı olan filoloji əsərlər ortada yoxdur. Səməd Vurğun məktəbinə aid edilən şairlərin heç biri onun sistemini davam etdirmək, kodları açmaq anlamında yükün altına girə bilmədi. Bu anlamın izahı üçün xeyli dəlillər var, mən əsas olanlardan birini demək istərdim. Bütün yaradıcılıq sahələrində, xüsusən poeziyada intuisiya məsələsi böyük önəm daşıyır, onu izah etmək, analitik şərhlər vermək çox çətindir, bu elə bir nəsnədir ki, sən onu yalnız müşahidə edə, nəticələrini görə bilərsən. Bir çox cəhətlərlə bərabər şairin ənənəyə bağlanması məhz dərin və izaholunmaz intuisiya ilə baş tutur. Klassik ədəbiyyat, poeziya kanonların içində daim onlardan qaçıb qurtulmağa can ataraq həyatın, dünyanın, varlığın hikmətini tutmağa çalışırdı və bu hal çox fərqli və çox da qəliz ortam yaradırdı. Belə deyək, orta əsrlər poeziyasında, məsələn, Nəbati, yaxud Saibin mətnlərində təsvir ötəri məqamdır, rəsm çəkərkən fırçanın kənarıyla edilən çox incə bir hərəkət kimidir, əsas olan həyatın faciəsini, bunun doğurduğu ağrını ifadə etməkdir, buna görə həmin ifadə tərzində çoxplanlılıq, çoxmərtəbəlilik mətnin əsas xassəsinə çevrilir. Həmin hikmət, daha doğrusu, onun bu şəkildə meydana çıxması həm də ifadə tərzində "çoxmərtəbəlilik” modern şeirdə yoxdur, amma Əli Kərimin mətnlərində klassik şeirlə modern poetik düşüncə tərzi qovuşmuş haldadır. Yəni, bu təbii keyfiyyətdir. Şairlər poetik ənənəni obyektiv şəkildə qəbul edirlər, onunla dilləşir, qovuşur və ondan bəhrələnirlər. Yaradıcılığı mərhələ təşkil edən şairdə isə, qəbuledicilik missiyası ötürücülük funksiyası ilə əvəzlənir. Ona görə bu tipli şairlərdə birbaşa təsir etmək, özündən sonra gələnləri "əsir almaq” məsələsi baş vermir, Əli Kərim şeiri məhz bu mövqedədir, məsafədən təsir edən bütöv bir mətndir.
– Əli Kərimin poeziyamıza gətirdiyi yeni bir üslub özünü doğrulda bildimi və kimlərin timsalında?
– Əli Kərim üslubu yeni bir dalğa idi, onu tutmaq, küyü açıq, aydın səsə çevirimək bəzən illər çəkir. Dərhal tutulan və ötürülən səs poeziyaya az dəxli olan nəsnədir.
İvan Buninin belə bir qeydi var: şeiri yazmağa başlarkən əvvəlcə səsi tapmağa çalışırsan... Yəni, bu proses itiyini axtarmağa bənzəyir, onu fəhm, intuisiya sahəsinə gətirə bilməlisən. Ona görə bədii mətndə istiqamət bilinməzlikdən bilinməzliyə doğrudur, yəni burda azmamaq mümkünsüzdür. Əli Kərim dəfələrlə qeyd etdiyim kimi ədəbi prosesə kənardan, adına "Azərbaycan ədəbiyyatı” deyilən ərazinin lap kənarlarında duraraq təsir edirdi. Ədəbi prosesin bir xassəsi var: ayrı-ayrı şairlərin naturasında əyaniləşən poetik fərqlər məqamında gəlib, toplanıb böyük bir sistem yaradır. Səməd Vurğunu bildiyiniz kimi bütöv bir el, oba təqlid edirdi, o, bir növ generator idi, sözünün təsiri, deyiliş təsiri elə idi ki, ondan qurtulmaq sadəcə mümkün deyildi. Onun mətnlərinin havası təmiz, saf və sirayətedici idi. Bu hadisə məntiqi etibarıyla bir gün səngiməliydi və növbəti qavrama, dərk mərhələsi başlamalı idi. Onun birbaşa təsiri altında bir sıra imzalar yarandı. Ancaq fikrimizcə, onun mətnlərində yer alan ən lazımlı, taleyüklü "poetik informasiyanı-mesajı” ən düzgün Əli Kərim anladı. Anladı ki, S.Vurğun böyük bir şair olmaqla yanaşı həm də ənənədə gedən uzun bir prosesin nəticəsidir. Həmin uzun prosesin başqa bir nəticəsi isə R.Rza poeziyası idi. Bir anlığa diqqətimizi ideoloji preroqativlərdən ayırıb, prosesin dərinliklərində baş verən hadisələri incələməyə çalışaq. Əli onların qovuşduğu yerdir. İndi siz təsəvvür edin ki, Əli Kərim dünyaya gəlməsəydi bugünkü mənzərə necə görünərdi.
– "Əli Kərimdə, onun ortaya qoyduğu obrazlarda sanki başqa bir dinamika var, bu hərəkət tərzi həm keçmişdən, həm də gələcəkdən qəti şəkildə fərqlənir” – deyirsiniz. Bu dinamika, bu fərq nədədir?
– Yuxarıda izah elədiyimiz kimi, Əli Kərim poeziyası qaynaq yerləri görünməyən sintezdir. Nəbati qəzəllərinə baxın, dinamika aşıb-daşır, hislər, duyğular çərçivədən, qəlibdən çıxmaq, onu aşmaq effekti doğurur, yəni, bu janrda sərhəd böyük bir nəhri çevrələyən bənd anlamına uyğun gəlir, eyni zamanda da həmin bəndin bir gün aşmayacağı da imkansızdır; belə deyək, bu keyfiyyətdə bir şair varsa və o, artıq böyük bir sistemin, ənənənin yaradıcısıdırsa, müasir ədəbi prosesdə ona qarşı duran başqa bir şair hökmən yaranmalı, dünyaya gəlməlidir. Bu isə həmin bəndin aşılması, dibindəki incilərin torpağa səpələnməsi ilə nəticələnir. Əli Kərimdə klassik şairlərə şeirlər həsr eləmsi belə bir dərin prosesin nəticəsi və diktəsidir. Əli Kərimdə klassika ilə ən müasir, modern şeir bir strukturun içindədir. Əli Kərim şeirində obraz zahiri parıltıdan məhrumdur, missiyası oxucunu təəccübləndirmək deyil, burada əsas vurğu "qucaqlamaq”, böyük bir qəlb tarixçəsini bir damcının içinə yerləşdirmək” anlamı əsasdır. Onun şeirlərində "hissin yanğınları” ilə "idrakın sonsuzluğu” bir strukturdadır. Füzulinin hər hansı bir qəzəlini götürün, ilk təəssürat, həm də qəzəlin mahiyyətini işarələyən qənaət bu olacaq ki, hər şey artıq baş verib, bitib, şair belə deyək, dünyanın oxundan çıxıb dağılmasını, bu faciənin kədərini nöqtəbənöqtə təsvir edir, həm də elə təsvir edir ki, hər şey sanki bu qəlbin içində baş vermiş, bütün zərbələr ona dəymişdir.

Deyislən çoxdan ey gərdun cahan seyrində yoldaşım
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım
Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə
Gözüm hər dəm dolub, min daşə hər saət dəgər başım.


Əli Kərimdə "hadisə” sanki bu mənzərənin davamı kimi verilir, yəni, təsvirə, sözə məhz yaddaşının dirildiyi, oyandığı məqamdan başlayır.

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən...

Həm də bu təsvirlər sanki eyni bir qəlbin ağrısından doğurmuş kimi gəlib bir məqamda birləşir. Qəddin xəm olması insanın ağrısını, çəkdiyi dərdlərin üzüntüsünü, tək qalmasını görükdürür; dünya səni qocaltdı, yaşdın olsun deyə... müxtəlif əsrlərdə yazılmış bu misralar sanki eyni anda doğulmuş, fələyin qəddi əyiləndə ayrı-ayrı əsrlərə düşmüşlər.

– Əli Kərim şeirində hər bir halın, vəziyyətin təsviri konseptual xarakter daşıyır. Bu konseptuallığı nədə görürsünüz?
– Əli Kərim, şübhəsiz ki, böyük bir şair kimi dünyanı bəsirət gözüylə seyr edirdi. Diqqət edin: Saçlarımda dünənin ayaq tozları qalmış// Görən deyir gənc deyil, yaşa dolub qocalmış... Sonra: Dünya səni qocaltdı // Yaşıdın olsun deyə... Dünya bəsirət gözüylə seyr ediləndə əsas rolu "ozareniye” deyilən faktor oynayır. "Aut” şeirinə baxın. "Metronun yaylı qapıları” mükəmməl ideyadır, görüntünün tapıntıya çevrilməsidir.
– Müşfiq və Əli Kərimi birləşdirən cəhətlər nədir? Müşfiqin "Sənin gülüşlərin” şeirlə Əli Kərimin "Bakı küləyi” şeirləri arasında nə kimi oxşarlıq var?
– Mikayıl Müşfiq gülüşü canlandırmaq, cilvələndirmək üçün müqayisədən müqayisəyə keçir və bu keçid elə sıçrayışla baş verir ki, bu anı tuta bilmirsən, hər şey göz açıb yumunca baş verir. Müqayisənin sırası çoxalır, özü-özünü doğurur, qafiyələr tapılmır, sanki özbaşına axışıb gəlir, keçid sürəti bir az da artırılarsa – lalə yarpağındakı şehdən ulduza, aya qədər yürüş bir göz qırpımında baş verir... – hərəkət özü obrazın yerini tutacaq, melodiyanın, misranı əlavə küylə yükləməyən intonasiyanın hərəkiliyinin artması nəticəsində dalğa kimi misra misranın üstünə gəlir, hər şey hərəkətə gəlir ki, "sənin gülüşünün” bütün dünya ilə üzvi vəhdətdə olması təəssüratı güclənsin.
Əli Kərimin şierində də eyni hərəkət izlənilir, daha doğrusu, davam etdirilir, intonasiya, intonasiyanın poetik qəlibi etibarilə. Davam edir və qarşısıalınmaz hərəkətə, dinamikaya çevrilir. Külək dalğa-dalğa qoynuma tökülür, mənə çathaçatda burulur, burula-burula boynuma sarılır... Mikayıl Müşfiqin şeirində müqayisələr sırasının sıxlığı tez bir zamanda, bir nəfəslik yer tapıb bir belə müqayisəni nəyə görə işlətməyi, necə deyərlər izah etmək zərurəti yaradır: ... yazıq o şəxsə ki, qaraqabaqdır, nə gözəl yaraşır insana gülmək... Əli Kərimin şeirində belə bir analoji funksiya yoxdur, şeirin, metaforanın özü artıq vahid bir funksiyaya çevrilmişdir, şeir necə başlayırsa, elə də bitir, daha doğrusu, bütün mətləbi "havada burulan” hərəkətin özü deyir, faktlaşdırır, ona qəti əşyavi xarakter verir. Bu şeirdə poetik mətləb şerin ilk misralarından start götürən hərəkət nəticəsində hasil olur, belə deyək: hərəkət həm təsvir edilir, həm də "təsvir edir”, funksiyaların qoşalaşması və qəfil ayrılması bədii effekti gücləndirir, Mikayıl Müşfiqin şeirində isə, zənnimizcə bu tipli "ikili” funksiya yoxdur.
– Əli Kərim şeirlərindəki polifoniya haqqında fikirlərinizi bölüşərdiniz.
– Əli Kərim şerini simvollardan "qaçırdan” çoxdillilikdir. Bu poeziyada poetik mətləb bir neçə dilin qarışığında deyil, qovuşuğunda ifadə olunur. Bu dillər gah vahid simfoniya şəklində, gah ayrıca dilə gəlir, səslənir, bu dillər mütaliə olunduqca, zaman keçdikcə, onlara uyğun gələn hadisələr baş verdikcə açılır. Bu hadisə, yəni polifoniya Əli Kərim şeirində sadəcə bir poetik ünsür, yaxud bu kimi ünsürləri birləşdirən "müxtəlif səs tezlikləri” kimi başa düşülməmlidir. Əli Kərim poteikasında polifoniyanın daha dərin mənası vardır. Əli Kərim şeirində, onun poetikasında polifoniya şeirə ənənəvi münasibətin kökündən dəyişdirilməsi anlamına gəlir; yəni, şeir bir bütöv struktur kimi müxtəlif "səs ucalığına və səs tezliyinə” malik olan hücrə və ya hüceyrələrdən hörülür – bu hücrələr poetik hərəkətin gedişində, hansı məqamdasa baş verən çevrilmə prosesini əks etdirir. Poetik mövqe hiss edilmədən dəyişir, transformasiyaya uğrayır. Şerin mətni, bu mətni idarə eləyən intonasiya modeli, bu modellərin bir-birinə münasibəti elə qurulur ki, deyək ki, "Babəkin qolları” şeirində ani olaraq müəllif də qəhrəmana – Babəkə çevrilir, Babəkin sifətlərinin xatırlanmadığı, onun apardığı azadlıq mübarizəsinin tarixinə heç bir ekskurs edilmədən müəllifin də bir göz qırpımında qəhrəmana çevrilməsi inandırıcı görünməyə bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu – adi, hamının öyrəşdiyi, hardasa dilinin əzbəri olan bir mətn parçası deyildir, burada şüurlu olaraq "kəsilən”, doğranan yerlər xüsusi semanitik-maqnit sahəsi ilə tutulmuşdur – müxtəlif, həm də qeyri-adi çalarda verilən metaforaların yaratdığı görüntü – qan rəngli bir arabada, Şərq boyda bir xarabada, döyə-döyə, söyə-söyə, hamıya körk olsun deyə...– yuxarıda xatırlatdığımız çevrilmənin əyaniləşməsinə xidmət edən semantik sahə-cazibə məkanı yaradır.
– Gəlin Əli Kərim poeziyasında detalların simvolikası haqqında danışaq.
– Əli Kərim, yuxarıda qeyd etdiyimiz kimi, xüsusi baxış bucağının altından görüb müşahidə elədiyi detalları simvollaşdırmırdı, əksinə bütün ererjisini cəmləyib məhz simvollaşdırmadan və bu əsasda meydana çıxa bilən didaktik modellərdən qaçırdı, onlardan yaxa qurtarmaq istəyirdi.

Baxdım,
bulağa baxdım
O, yox idi elə bil,
(Bəlkə elə su deyil?)
O , duruydu, o, safdı,
Ən ülvi bir arzu tək.
Özü görünmürdü ki,
Dibindəki
Rəngarəng
Əfsanəni tez görək.

Əli Kərim küləyi yox, onun burula-burula gəldiyi məkanı, suyu yox, onun dibindəki daşları göstərirdi. Bulaq haqqında belə bir orijinal baxış bucağından şer yazmaq kimin ağlına gələ bilər. Məsələ bunda deyil. Mətndə, mətnin daxili strukturunda iki sadə əkslik, oppozisiya mövcuddur: görünmək – görünməmək; şeirdə iki zidd anlayışın poetik məntiqin qanunlarına uyğun olaraq bir-birini "şərtləndirməsi”, doğurması tezis kimi irəli sürülür. Əli Kərimin mövzunun "həll üsulunu” hamıya tanış olan və ya olmayan "poetik məntiq” əsasında deyil, Füzuli kimi sözün öz içində, onu adi insan baxışının tuta bilmədiyi tədqiqat, incələmək metoduyla, fəhmi işə salmaqla tapmağa çalışırdı. Alınan şey – sintez – əslində heç gözləninlən "həll üsulu” da deyildi, yaşandıqca, zaman keçdikcə şaxələnən bir mövzuya, düynanı bütün qaranlıq nöqtələri ilə tutmaq məqsədi daşıyan araşdırmaya çevrilirdi.
Əli Kərimin bütün simvol və işarələri öz ilkin funksiyalarından "azdıraraq” hər şeyi – bütün cəhdləri sözün daxilində yuvalanan nəhəng enerjini fəth etməyə sərf etməsi... qəribə, ilk baxışdan anlaşılmayan qənaətlərin meydana çıxmasına səbəb olurdu; yorulanda sözün yamacına uzanmaq – ...yorulmuşdum... uzandım bu sözün yamacına başımı söykəyərək... – daha sonra:

Heç kim məni başa düşməz,
Bəlkə də aydınlığımdandır,
Qafiyə düz olmasa da,
Bəlkə də, yandığımdandır.
Məni dəhşət alıbdır çox,
Zülməti korlar da görür.
Qoy hünərin varsa sənin
Hamı üçün işıq saçan
Günün qızıl gözlərinin
İçinə düz bax!

Çevrilmə baş verir! – hər şeydən qabaq belə bir sadə mülahizəyə görə ki, oxucunu qeyri-adi bir şeyin varlığına inandırmaq naminə əvvəlcə, yaxud poetik nitqin hansı bir məqamındasa bu missiyanı özü, əyani şəkildə yerinə yetirməlidir. Şerin bədii zamanı boyunca bu istək, necə deyərlər bir az da şiddətlənir, biləyindən ayrılmış qolun meydana girib vuruşması mistik ovqat yaradır – reallıqla irreal, utopik gerçəklik arasında ani keçid-ayrılma məqamı yaranır. Məhz bu keçid-ayrılma məqamı gerçəkliyi anlamağın tərzini dəyişdirir, bədii mətnin içində göz qamaşdıran, ağıl çaşdıran hadisələr baş verir.
– Əli Kərimin bir çox şerində hər şey göz açıb-yumunca baş verir. İstərdim şeirlərdəki bu "dar zaman” anlayışını şərh edəsiniz?
–"Dar zaman”, əslində, zamanın tutularaq dəf edilməsi anlamına gəlir. Bu an bədii mətndə ən kritik məqamdır, şeir haqqında yazırıqsa məhz ondan bəhs etməli, o yeri "qazmalıyıq”, çünki bu məqam hər şeyin, hadisənin bütün bəlirtilərinin bir anlığa bütün parlaqlığıyla göründüyü yerdir.
– Kitabınızın təqdimat hissəsindən etibarən şair Əli Kərim Səməd Vurğunla müqayisə olunur. Bu iki şairin müqayisə ehtiyacı hansı zərurətdən doğub?
– Bu sualı artıq yuxarıda izah elədik və əsas prinsip o deyil ki, bu iki şair arasında birbaşa səsləşmələr tapılsın, əsas qayə poetik sistemləri milli ədəbiyyat kontekstində incələməkdir.
Əli Kərim və yaradıcılığı mərhələ stixiyası daşıyan istənilən şair hansı formada yazırsa-yazsın ənənəyə "eksursiya” halında olur. Nə oxuyursa-oxusun ruhuna damcı-damcı yığılan anımlar böyük bir poetik ənənənin içindən keçərək ifadə olunur.
– Şairin "Qayıt” şeirində sevgili obrazına kosmik əlamətlər əlavə olunub. Şairin poetik təfəkküründə sevgilinin qayıtması ayın günəşin yerini alması, kainatın sahmana salınması, sistemə otuzdurulması ilə eynidir. Bu genişlik, kosmik düşüncə hansı estetik ənənənin davamı olaraq şair Əli Kərimə birbaşa təsir edir?!
– Şəhriyar, Səməd Vurğun və orta əsrlər anadilli poeziya, hamıdan qabaq Füzuli...
– Şairin Füzuliyə həsr etdiyi şeir nə qədər Füzuli obrazını ucaltsa da, sanki bir qədər Füzuli estetikasının inkarıdır. Necə düşünürsünüz?
– Üslub baxımından əlbəttə elədir. Əli Kərim bu şeirində vəsf etmir, obrazı ucaltmır, əksinə hər addımında yaradır və dağıdır, çünki daxili hislə anlayırdı ki, dağılan hissələr ənənədən gələn sellə qovuşub tamam başqa şəkil alacaq.
– Əli Kərim poeziyası sizin təhlillərinizdə mətnlərdə Nəsimi poeziyası ilə müqayisə olunur. Bu iki klassikə bir-birini tamamlayan məntiqi xətt kimi baxmaq olarmı?
- Poeziya və ümumən bədii mətndə tamamlamaq anlamı yoxdur, uzaqlaşmaq və inkar şövqü var, bunun hansı prosesə yön verəcəyini kimsə kəsdirə bilməz.
– Dövründə Əli Kərimin şeirlərini qəbul etməyən şairlarin arqumentləri nələr idi? Hansı estetikaya dayanıb bu şeirləri qəbul etmirdilər?
– Əslində, dava estetika davası deyildi. Bu estetikanı anlamayan və buna görə də rədd edən şairlərin bir çoxu sonradan ona poetik parçalar həsr etdilər. "Arzu ləpədöyəni”, "ölümün polyar qışı” və sair deyimlər indi adi şeylərdir, bu tipli deyimləri hamı işlədir və kimsə diksinmir. Problem nədədir? Əli Kərim yeni bir ideyanı elə vermirdi ki, insanlar təəccüblənsinlər, dəli-divanə olsunlar, yazırdı ki, görünən şeylərə bəsirət gözüylə baxa bilsinlər, çünki onun fikrincə əsl poeziya "görünməməlidir” alqışdan uzaq olmalıdır. R.Rzanın çox cəsarətli yazısında həmin yeni estetik baxışın izahı yetərincədir. Ancaq bir şey var, indi bu yeni nəfəsi tənqid edənlərin adlarını çəkmədən deyirəm: onlara nəyisə başa salmağın nə önəmi ola bilərdi.
Sonda bir şeyi demək istərdim: yazı işi, bədii mətn quruculuğu alt qatda mistikayla aşılanıb, elə nəsnələr var, qaça bilmirsən, taledən yazdığın şeirlərin ən mübhəm nöqtəsində bir şeylər gizlənir, sonradan sənin başına gəlir, bu dünyada olmasan belə... "Mən azmaq istəyirəm, bapbacla zərrədə” deyən şair "Babəkin qolları”nı yazmışdı. Təmiz niyyətə xidmət edən qələm heç zaman ən dürüst şeyləri yazmaqdan qalmır, davam edir...

Söhbətləşdi: Orxan Həsəni, Xanım Aydın


banner

Oxşar Xəbərlər