Poetik tərcümə
"Çox yaxşı tanıdığım üçün hər zaman
yuxarıdan aşağı baxdığım, hətta görməzdən gəldiyim, yaltaq çıxışlarından, yarımçıq
söhbətlərindən usandığım, mənim yaradıcılığımdan bir sətir belə oxumasını əsla
istəmədiyim adamın yazdıqlarının arxasında bir yazıçı fiquru dayanırdı.
Şnitzler kimi yazıçılardan belə qorxmayan mən belə adamlardan qorxurdum”.
Elias Canetti
Tərcümə sahəsində yəqin ki, ən qədim və
problematik mövzu şeir tərcüməsidir. Tərcümə haqqındakı saysız-hesabsız
araşdırmalardan daha böyük tədqiqatlara və müzakirələrə səbəb olmuş bu məsələ tərcüməçilər
arasında da istedad yarışlarını qızışdırıb. Dil bacarıqlarını, üstünlüklərini sərgiləmək
istəyənlər hər zaman poeziyanın tərcüməsindən ən effektiv üsul kimi yararlanıb.
Hətta hərdən vəziyyət elə yerə gəlib çatır ki, bu sahə ilə əlaqəsi olmayanlar
belə basmaqəlib fikirləri ilə mövzu haqqında rəy bildirirlər.
Bu məsələnin isə ən sıxıcı və illərdir
heç bir nəticə əldə olunmayan tərəfi isə şeir "tərcümə edilə bilər” və ya "tərcümə
edilə bilməz” kimi ziddiyyətli fikirlərin təqdim edilməsidir. Belə ki, "şeir tərcümə
edilə bilinməz” deyənlər tərcümə edilən poetik nümunələri birmənalı şəkildə qəbul
etmirlər. Poeziya nominasiyası üzrə verilən ədəbi mükafatlarda orijinal dillərdə
yazılan nümunələrin mübarizə aparması şərtinin qoyulması da müəyyən mənada bu düşüncədən
qidalanır. Bu fərqli fikirlərin müqayisəsi üzərində zaman itirmək mənasızdır. Nəhəng
ədəbi tərcümələr dənizində sırf kommersiya məqsədi ilə və ya şəxsi büdcə
hesabına işıq üzü görmüş saysız-hesabsız şeir tərcümələri var. Hansısa şairin
yaradıcılığı ilə hansı formada olursa olsun, tanış olmaq istəyən və ya məcbur
qalan oxucu isə bu tip mənbələrdən yararlanır. Bu isə müəyyən mənada hamını "şeir
tərcümə edilə bilər” fikrinə şərik olmağa vadar edir.
Bir sözlə, bütün mübahisələrə
baxmayaraq, kimsə poeziya nümunələrini tərcümə edir, kimsə tərcümə olunmuş
nümunələri oxuyur. Canettidən gətirilmiş sitatda isə məhz ədəbi qabiliyyəti
olmadan, sırf quru dil bilikləri hesabına tərcümə edə bilən "tərcüməçilər” nəzərdə
tutulur.
Şeirin tərcüməsində dilemmalardan
birində də yenə belə fikir ayrılığı ilə qarşılaşırıq: Sual isə budur: şeiri tərcümə
edərkən oxucuya eyni ilə şeirin orijinalını olduğu kimi çatdıra biləcək mətn təqdim
etmək, yoxsa şeirin orijinalından ilhamlanmış mükəmməl, qüsursuz poetik mətn
vermək? Bu sualların heç biri əsrlərdir cavabını tapa bilmədiyindən budəfəki
yazıda qətiyyən birmənalı baxışı əks etdirən mövqeyi dərc etmirik. Bu dəfə
poeziyanın tərcüməsindəki filoloji-elmi şərtlərə və beynəlxalq standartlara nəzər
salırıq. Beləliklə, poetik nümunələri tərcümə edərkən hansı standartlara riayət
edilməlidir:
1. Mətnin orijinalındakı mənanı qorumaq – tərcümə olunmuş poetik mətnlərin
böyük əksəriyyəti metatekstualdır. Son dövrlərin tərcümə nümunələrində ən çox tənqidlə
qarşılanan da şeirlər üçün tətbiq olunan bu sistemdir. Tərcüməçilər şeiri ritm
olaraq da, tərcümə etdikləri dildəki poetik nümunələrlə eyniləşdirməyə
çalışırlar. Halbuki mətnin tərcüməsi zamanı ən çox diqqət edilməli olan cəhət
orijinal versiyasının semantik mənalarını qorumaqdır.
2. Mətnlə paralel şəkildə sətirlərarası tərcümə etmək – bu da əslində, mətnin
orijinalı ilə bağlarını qorumağın bir başqa yoludur, ya da əsas şərtidir desək,
daha doğru olar. Lakin tərcümə bu cür edildikdə şeir metatekstual yox, tekstual
olur. Bəzən bir dildə paralel vəznlər şəklində yazılmış şeiri tərcümə edərkən,
tərcümə olunan dildə tərcüməçi orijinal mətnin mərkəzi olan sözü seçib, onu mənsur
şeir kimi tərcümə edir. Bu halda hər bir söz öz orijinal mənasında qala bilir və
çox az hallarda yekunda "poetik mətn” alınır. Adətən bu, sözlərin ahəngdar və əlaqəli
düzülüşü olur.
3. Filoloji tərcümə - mətnin oxunaqlılığını o qədər də önəmsəməyən, sadəcə
prototekstin (folklor nümunəsi olmayan, referentləri göstərilən mətn – red.)
orijinal mətnlə filoloji uyğunluğuna diqqət edən üsuldur. Bu tərcümə üsulunun əsas
məqsədi yuxarıdakı iki üsuldan yararlanmadan, yəni poetiklik, semantika
axtarmadan, oxucuların mətnin orijinal mənası ilə tanış olmasını təmin etməkdir.
Filoloji tərcümələr də nəzm və nəsr şəklində ola bilir. Lakin əgər tərcümə
olunmuş versiya nəzm formasındadırsa, bu prototekstin daxili qafiyələnməsi hesabına
baş verir, yəni, bu halda xüsusi ritm, tamamlayıcı hecalar, səslənmələr
axtarmaq lazım deyil. Bu tərcümə formasına Vladimir Nabokovun yaradıcılığında
daha çox rast gəlmək olar: "Ritmlə, duyğu ilə əlləşməyin mənası yoxdur. Bir
işin müəllifinin əməyinə və oxucunun həqiqəti bilmək haqqına hörmətlə yanaşmaq
lazımdır. Nəsri istənilən formada tərcümə etmək olar. Hətta ən pis tərcüməçi
belə sırf dil bilikləri hesabına oxucunu düzgün informasiya ilə təmin edə bilər.
Amma poeziyada vəziyyət fərqlidir. Burada oxucunu yalnız ədəbi-filoloji tərcümə
ilə razı sala bilərsiniz. Mütləq çıxarışlarınız olmalıdır”.
4. Dominant tərcümə - bu tərcümə üsulundan daha çox aşağı-standartlı,
ucuz kommersiya məqsədlərinə xidmət edən nəşriyyatlar yararlanırlar. Bu üsulun
sonunda - mətnin əsasən zəif analizi və səthi şərhindən sonra - tərcüməçinin adətən,
özünün orijinal ideyaya əsaslanaraq yazdığı və arada bəzi təsirli ifadələrin
qarşılığından istifadə etdiyi şeirlər yaranır. Qeyri-peşəkar oxucu üçün "şeir”
məfhumunun ən təsirli cəhəti "ritm” alınır. Təbii akkordların anizomorfizmi
(qafiyələnən sözlər arasında birbaşa və dəqiq əlaqənin olmaması – red.)
hesabına güclü qafiyə uyarlılığı olur və mətnin orijinal ideyasının bütün mənası,
dərinliyi öldürülür. Bu tərcümə üsulunun nəticəsində yaranan şeirləri isə müxtəlif
dillərdə "oxunacaq şeir”, "musiqili sətirlər”, "bəstəkarlar üçün yazılanlar”,
"nəğməkar şeirlər” adlandırırlar.
5. Dominant və subdominantların ierarxik formaları ilə tərcümə - bu tərcümə
üsulunda ilk mərhələ təqdim olunan mətnin tərcümə edilə bilər və ya tərcümə
oluna bilməz məsələsini müəyyənləşdirməkdir. Bu üsulla işləyənlər ədəbi-bədii,
filoloji, dominant tərcümələrin bütün imkanlarını götür-qoy edirlər.
Sevindirici haldır ki, indiyə kimi çox nadir hallarda bu üsulla hansısa şeirin "tərcümə
oluna bilməz” qənaətinə gəlinib. Bu tərcümə üsulunun ilk fərqi poetik mətni əmələ
gətirən bütün hissələri kökləri ilə araşdırmaq və mənbə dildə hansı sözün hansı
mənada işləndiyini dəqiqləşdirməkdir. İkinci mərhələdə orijinal mətnin dominant
elementləri təyin edilir, onların ikinci dildə semantik qarşılıqlarının
olub-olmaması araşdırılır. Əgər qarşılığı yoxdursa, ikinci dildə aydınlaşdırıcı
elementlər tapılır. Əgər aydınlaşdırıcı elementlər mətnə uyğunlaşmazsa, bu
zaman orijinal ifadədə nəzərdə tutulan ideya etnik-mədəni məfhumlarla əvəzlənir.
Bu üsulun ən çətin tərəfi isə ən peşəkar oxucu auditoriyasına səslənmək, nəşriyyat
strategiyasını unutmamaq, tərcüməçinin yüksək ədəbi zövqündən əmin olmaqdır.
6. Mədəni əvəzləmə – özündə hər zaman bütün millətlərin düşüncə tərzini
birləşdirəcək mədəni homoloqlar (fiziki-genetik oxşarlıqlara səbəb olan
xromosomlar-red.) tapmaq potensialı görən tərcüməçilərin at oynatdığı tərcümə
sahəsidir. Bu üsulun ən tanınmış müəlliflərindən Devid Konolli yazır: "XIV əsrdə
yaşamış italiyanın şeirində, sonetindəki duyğunu, mühiti XX əsrin Şimali
Amerikadan olan oxucusuna çatdırmaq cəhdi mənasızdır. Nə qədər mükəmməl tərcümə
olursa olsun, orijinallığı qorumaq mümkün olsa da, duyğunu qorumaq olmur. Mədəni-tarixi
əvəzləmə və ya köçürmə ən qüsursuz üsuldur. Əgər mən ayrı-ayrı xalqların
tarixində oxşar hadisələri izah edəcək, oxşar duyğuları çatdıracaq detallar
tapa bilirəmsə, niyə vaxt itirməliyəm?”.
7. Müəllif tərcüməsi – bu üsulda poetik mətn bir şairə verilir. Əksər
hallarda poeziya qələbə çalır deyə bilərik. Bu tərcümələr zamanı bəzən ortaya o
qədər mükəmməl nümunələr çıxır ki, nəticəni əsl iki şairin mətni hesab etmək
olar. Bəzən qüsursuz, bəzən isə orijinalından da keyfiyyətli şeir nümunələri
yaranır. Yekunda mütləq poetik mətn, şeir dadı verən nümunələr arzulayanlar üçün
bu, əvəzolunmaz üsuldur.
Tərcümə etdi: Elcan Salmanqızı
Mənbə: courses.logos.it.