• cümə axşamı, 28 mart, 22:26
  • Baku Bakı 13°C

Plastik qutuların tərkibində olan maddələr artıq çəki və xroniki xəstəliklər yaradır

24.07.21 13:15 375
Plastik qutuların tərkibində olan maddələr artıq çəki və xroniki xəstəliklər yaradır
Yay aylarında, xüsusilə uşaqlar qazlı və şirin sulardan çox istifadə edirlər. Belə içkilərin qablaşdırılması zamanı adətən plastiklərdən istifadə edilir. Nəzərə almaq lazımdır ki, qazlı və şirin suların tərkibində artıq çəki yaradan yalnız şəkər və fruktoz siropu maddələri deyil. Plastik qutuların tərkibində olan Bisfenol A (BPA) maddəsi artıq çəki və xroniki xəstəliklər yaradır. Bu səbəbdən, susuzluğu aradan qaldırmaq üçün şirin və qazlı sulardan istifadə zərərlidir.
AZƏRTACxəbər verir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.
Həkim-mütəxəssis bildirib ki, dadlandırmaq məqsədilə, suya meyvə dilimləri və tərəvəzlər əlavə etmək olar: "Bu, suyun həm elektron balansını artırır, həm də onu qələviləşdirir. Qələvi su orqanizm üçün olduqca faydalıdır. İsti aylarda hər kəs orqanizmdə maye balansı pozulduğu və minerallar azaldığı üçün günlük ehtiyacını qarşılayacaq qədər - təxminən 2 litr su içməlidir. Günlük vacib olan suyun miqdarı, həmçinin havanın temperaturundan və fiziki aktivlikdən də asılıdır. Fiziki aktiv olanlar bir sutkada daha çox maye qəbul etməlidirlər. Çay və qəhvə isə bura daxil deyil, çünki bu içkilər orqanizmdə suyun miqdarını aşağı salır. Nəzərə almaq lazımdır ki, nəfəs alıb-verməyimiz belə orqanizmdə su itkisinə səbəb olur. Həmçinin yayda tərləmə daha çox baş verir. Tərləmə toksinlərin (zərərli maddələr) təmizlənməsi baxımından faydalı olsa da, orqanizm üçün vacib olan mineralların da bədəndən çıxmasına gətirib çıxarır. Ona görə də, yayda minerallarla zəngin olan meyvə-tərəvəzlərlə qidalanmaq məsləhətlidir. Günlük təxminən 3-4 porsiya meyvə-tərəvəz qəbulu planlaşdırılmalıdır. Xroniki xəstəliyi, xüsusən şəkərli diabeti olanlar meyvələrdən istifadə zamanı daha ehtiyatlı olmalıdırlar”.
Ş.Qaracayeva isti aylarda tez-tez rastlaşdığımız qida zəhərlənmələri ilə bağlı məlumat verib: "Yayda qida zəhərlənmələrinin qarşısını almaq üçün düzgün qidalanmaq lazımdır. Misal üçün, mayonez kimi tez xarab olan məhsulları qida rasionundan çıxarmaq faydalıdır. Həmçinin qidaların təmizliyinə və saxlanma şəraitinə diqqət edilməlidir. Bilmək lazımdır ki, karbohidratlı qidaların qəbulundan sonra yorğunluq şikayətləri artır. Buna tibbi dildə beyin sisi deyilir. Çünki karbohidrat qanda şəkərin miqdarını qaldırır. İsti aylarda daha çox baş verən belə xoşagəlməz halları minimuma endirmək üçün buxarda bişmiş qidalara üstünlük verilməlidir”.
TƏBİB-in mütəxəssisi virus infeksiyalarından qorunmaq üçün qidalanmanın böyük rolu olduğunu vurğulayıb. Bildirib ki, düzgün qidalanma sağlam immun sistemi üçün çox önəmlidir: "Orqanizmi viruslardan qorumaq üçün proteinli qidalara üstünlük verilməlidir. Yay aylarında xüsusən ayran və ya kefir içərək həm maye, həm də mineral və zülal tələbatımızı ödəyə bilərik”.
banner

Oxşar Xəbərlər