Peyvəndlər arasındakı interval... - MÜTƏXƏSSİS RƏYLƏRİ
Ekspertlər bildirir ki, peyvəndin dozaları arasında
interval istehsalçı tərəfindən klinik tədqiqatların nəticələrinə əsasən təyin
edilir. Bu araşdırmaların nəticələrinə görə, istehsalçı tərəfindən təyin olunan
intervala riayət olunarsa, peyvəndin təsiri daha effektiv olar
Ölkəmizdə peyvəndləmə prosesi sürətlə davam edir. Azərbaycanda
birinci doza peyvənddən 28 gün keçdikdən sonra ikinci doza vurulur. Peyvənd
vurulduqdan 14 gün sonra isə immunitet formalaşır. Ekspertlər bildirir ki, peyvəndin
dozaları arasında intervallar istehsalçı tərəfindən klinik tədqiqatların nəticələrinə
əsasən təyin edilir. Bu araşdırmaların nəticələrinə görə, istehsalçı tərəfindən
təyin olunan intervala riayət olunarsa, peyvəndin təsiri daha effektiv olar. Bu
səbəbdən, ikinci dozanın müəyyən olunmuş vaxtda alınması vacibdir.
İki ay ərzində 70 faiz qoruma
Peyvəndlər arasındakı intervallar firmalarına görə
dəyişə bilir. "Pfizer az/ BioNTech” peyvəndini ikinci dozası 6 həftə sonra
vurulmalıdır. İkinci dozadan 7 gün sonra maksimum qorunma effekti verir. "Moderna”
üçün interval 4 həftə müəyyənləşib. Maksimum qoruma effekti ikinci dozadan 14
gün sonradır. "AstraZeneca” peyvəndinin ikinci dozası 28 gün sonra vurulur və
ikinci dozadan 15 gün sonra qorumağa başlayır. Ölkəmizdə ən çox istifadə olunan
Çinin "Sinovac” şirkətinin istehsalı olan "CoronaVac”ın da intervalı 28 gündür.
Peyvəndin ikinci dozası tətbiq edildikdən sonra iki ay ərzində 70 faiz qorumanı
təmin etdiyi bildirilir.
"Son tarixlərə riayət etmək vacibdir”
Koronavirus peyvəndlərinin birinci və ikinci
dozaları arasındakı maksimum intervaldan danışan rusiyalı həkim Boris
Çuradze deyir ki, əgər ikinci peyvənd göstərilən müddət ərzində həyata
keçirilə bilmirsə, prosedur bir neçə həftə təxirə salına bilər. Həkimin sözlərinə
görə, bu, xüsusən sağlamlıq problemləri olduqda edilir: "Pandemiya şəraitində hüceyrə
və humoral immunitetin hədəflərinə tez bir zamanda çatmaq üçün son tarixlərə
riayət etmək vacibdir. Birinci peyvənddən altı ay keçirsə və ikinci peyvənd tətbiq
edilməyibsə, yenidən peyvənd edilməlidir. Çünki ilk doza artıq öz təsirini
itirir”.
4 həftədən çox gecikərsə...
Mütəxəssislər "Sinovac-CoronaVac” peyvəndinin əzələdaxili
olaraq 2 dozada (0,5 ml) istifadə edilməsini tövsiyə edirlər. ÜST birinci və
ikinci dozalar arasında 2-4 həftə ara verməyi məsləhət görür. İkinci doza birinci
dozadan 4 həftədən az müddətdə tətbiq olunarsa, dozanın təkrarlanmasına ehtiyac
yoxdur. 28 günə qədər ikinci doza vurula bilər. Amma 4 həftədən çox gecikirsə, peyvənd
artıq təsirini itirməyə başlayır. Mümkün olan ən tez vaxtda vurulması mütləqdir.
1-ci doza effektini nə zaman itirir?
İnfeksionist Mərdan Əliyev deyir ki, ən geci 56 gün sonra 1-ci doza öz
effektini tam itirir: "Birinci doza peyvənddən 28-30 gün sonra ikinci dozanın
vurulması məsləhətdir. Peyvəndin ikinci dozasını 56 günə, təqribən 2 aya qədər
vurdurmaq olar. Amma bu müddət ötərsə, o zaman ikinci doza yox, yenidən birinci
doza vurulur. Çünki birinci doza bu müddət ərzində artıq effektini tam itirmiş
hesab olunur. İdeal interval 28 gündür. Əgər peyvəndin qoruyuculuq qabiliyyətinin
daha çox olmasını istəyirsinizsə, dozalar arasındakı intervalı aşmamalısınız.
Ümumi qayda budur”.
Aygün ƏZİZ