• çərşənbə axşamı, 19 mart, 11:52
  • Baku Bakı 8°C

Peyvəndin üçüncü dozası immuniteti qüvvətləndirmək baxımından önəmli sayılır

24.07.21 17:00 295
Peyvəndin üçüncü dozası immuniteti qüvvətləndirmək baxımından önəmli sayılır
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin üçüncü dozası, hələ ki, bütün dünyada müzakirə edilən və mübahisəli məsələsidir. Üçüncü dozanın həm üstünlüyünü göstərən tədqiqatlar mövcuddur, həm də onun lazımsızlığına işarə edən araşdırmalar var. Bu da vaksindən vaksinə fərqlidir.
AZƏRTACxəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Nazirliyin şöbə müdirinin sözlərinə görə, koronavirusla bağlı tədqiqatlar onu göstərir ki, əgər insan təbii yolla COVID-19-a yoluxubsa, onda əsasən iki növ antitel formalaşır: "Birinə IgG deyilir və laborator analizlərdə onların sayı yoxlanılır. Digəri isə neytrallaşdırıcı antitellərdir. Onların bir-birindən əhəmiyyətli fərqi var. Virus insan orqanizminə düşərkən hüceyrəyə yapışmamış neytrallaşdırıcı antitellər onu tanıyır, ona yapışır və hüceyrəyə girməsinin qarşısını alır. Beləliklə, virusu öldürür. Laborator analizlərdə IgG-nin sayı yoxlanılır. Neytrallaşdırıcı antitelləri yoxlamaq elə də asan deyil və tətbiq olunmur. IgG adlandırılan antitellər yapışan və ya bağlayan antitellərdir. Onlar virusu tanıyır, ona yapışır, lakin heç nə edə bilmirlər. Buna baxmayaraq, immun sisteminə bununla bağlı bir siqnal göndərirlər. İmmun hüceyrələri isə həmin virusa yapışır və ona yapışmış olan IgG ilə yanaşı, onları bir yerdə məhv edir. Tədqiqatlar göstərir ki, istər koronavirusu çox ağır, istərsə də simptomsuz keçirənlərdə neytrallaşdırıcı antitellərin, o cümlədən IgG-nin səviyyəsi vaxt keçdikcə yavaş-yavaş azalır. Araşdırmalara əsasən, "delta” və "delta plus” ştamı həmin neytrallaşdırıcı və bağlayıcı antitellərdən qaçma imkanına malikdir. Əgər orqanizmdə virusun sayı çoxdursa, IgG ilə neytrallaşdırıcı antitellərin sayı azdırsa, bu zaman onlar 100 virusdan 80-ni tuturlar, 20-si isə keçərək hüceyrələri zədələyir və pnevmoniya yaradır. Ona görə də bəzi tədqiqatlara əsasən, üçüncü doza immuniteti daha da qüvvətləndirmək baxımından önəmli sayılır. Bu səbəbdən prinsipcə üçüncü doza faydalı ola bilər”.
banner

Oxşar Xəbərlər