AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Peyvəndin birinci dozasından sonra COVID-19-a yoluxma baş verə bilər

Peyvəndin birinci dozasından sonra COVID-19-a yoluxma baş verə bilər

Təfsilat
20 Aprel 2021, 15:45 1033
Hazırda ölkəmizdə yeni növ koronavirus (COVID-19) xəstəliyi əleyhinə vaksinasiya prosesi davam edir. Birinci peyvənd dozasını vurduranlar arasında COVID-19-a yoluxanlar da var. Ona görə də təbii olaraq peyvənddən sonra virusdan qorunmaq lazımdırmı, yoluxan zaman ikinci dozanı qəbul etmək olarmı, ümumiyyətlə, peyvəndin birinci dozasını vurduranlar özlərini virusdan necə qorumalıdır və s. kimi suallar meydana çıxır.
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva AZƏRTAC-a deyib: "Nəzərə almaq lazımdır ki, peyvəndin ilk dozasını qəbul edəndən sonra orqanizmdə virusa qarşı dərhal müdafiə yaranmır. Koronavirusa qarşı vaksinlərin hamısı bir neçə həftə fasilə verməklə iki dozada qəbul edilməsini tələb edir. Dozalar arasındakı müddətdə yoluxma riski yüksək olaraq qalır. İlk dozanı qəbul etdikdən yalnız 2 həftə sonra müdafiə sistemi yaranmağa başlayır, peyvənddən maksimal effekt isə ikinci dozadan sonra meydana gəlir. İmmuniteti formalaşdırmaq üçün orqanizmə müəyyən qədər vaxt lazım olduğundan, həmin dövrdə koronavirusa qarşı təhlükəsizlik qaydalarına tam və ciddi surətdə riayət etmək mütləqdir. İlkin dozadan sonra koronavirusa yoluxmadan şübhə varsa, mütləq testdən keçmək lazımdır. Bəzən peyvənddən sonra yorğunluq və qızdırma kimi əlamətlər olur, bunlar COVID-19-un əlamətlərinə oxşar olduğu üçün düzgün nəticəni yalnız test vasitəsilə əldə etmək olar”.
Şöbə rəisi qeyd edib ki, əgər testin cavabı pozitiv çıxarsa, deməli, peyvəndin birinci dozasından sonra COVID-19 xəstəliyinə yoluxma halı baş verib: "Dərhal özünü ətrafdakılardan təcrid edərək həkimə müraciət olunmalı və peyvəndin ilk dozasını qəbul edildiyi barədə məlumat verilməlidir. COVID-19 xəstəliyinə yoluxandan sonra peyvəndin ikinci dozasının vurulmasına ehtiyac qalmır, yaxud ikinci doza uzun müddətə təxirə salınır. Əgər xəstəliyə qarşı peyvəndin birinci dozası vurulduqdan sonra kəskin respirator xəstəlik keçirilibsə, həmin xəstəlikdən sağalandan sonra peyvəndin ikinci dozasını vurdurmaq olar”.
Mütəxəssislər bildirilər ki, peyvəndin ilk dozasını qəbul edənlər koronavirusa yoluxanda vaksinasiyadan keçməmiş xəstələr kimi müalicə olunurlar, həmçinin onlar da gigiyenik qaydalara riayət etməli və təcrid olunmalıdırlar. Tibbi maska, karantin və sosial məsafə yenə də riayət edilməli ən vacib məsələlər olaraq qalır. Birinci dozadan sonra orqanizmdə heç bir dəyişiklik olmazsa, ikinci dozanı 28 gündən sonra qəbul etmək olar. Birinci və ikinci dozalar arasında fasilə 1 aya qədər uzadıla bilər.