• çərşənbə, 24 Aprel, 19:37
  • Baku Bakı 23°C

Peyvənd qorxusu ilə mübarizə aparmaq üçün əvvəlcə bunun səbəblərini araşdırmaq lazımdır - MÜTƏXƏSSİS RƏYİ

16.09.21 17:18 1050
Peyvənd qorxusu ilə mübarizə aparmaq üçün əvvəlcə bunun səbəblərini araşdırmaq lazımdır - MÜTƏXƏSSİS RƏYİ
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Aygün Sultanova yeni növ koronavirus (COVID-19) infeksiyasının cəmiyyətdə yaratdığı psixi problemlər barədə danışıb.Kaspi.az həmin müsahibəni təqdim edir.
- Koronavirusun psixoloji təsirləri nələrdir?
- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, koronavirus pandemiyası bütün dünyaya sürətlə yayıldıqca əhalinin böyük bir hissəsində, xüsusən də həssas qruplara aid olanlarda (yaşlılar, qayğıya ehtiyacı olanlar və sağlamlıqla bağlı problemləri olan insanlar) xeyli dərəcədə qorxu, narahatlıq və gərginlik yaradıb. İctimai psixi sağlamlıq baxımından, indiyə qədər pandemiyanın əsas psixoloji təsiri stress və ya təşvişin yüksəlməsidir. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər tətbiq edildikcə, tədbirlərin vətəndaşların adi fəaliyyətinə, gündəlik rutinlərinə və ya həyat tərzinə təsiri çoxaldıqca, onlarda tənhalıq və depressiya halları artıb.
- Koronavirusun psixoloji təsirlərinə qarşı necə mübarizə aparılmalıdır?
- Koronavirusun psixoloji təsirləri ilə necə mübarizə aparmaq ilə bağlı ÜST-nin "Təməl psixososial bacarıqlar” adlı vəsaiti mövcuddur. Orada pandemiya müddətində gündəlik həyatda stressi idarə etməkdə yardım göstərmək üçün bir neçə təklif irəli sürülür. Məsələn, COVID-19 ilə bağlı yeni və doğru məlumatlardan xəbərdar olmaq və infeksiyanın qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır. Ehtiyac olduqda COVID-19 xəbərlərinə "fasilə” vermək məsləhətdir. Düzgün qidalanma, yuxu rejiminə diqqət etmək və hər gün fiziki hərəkətlər etmək vacibdir. Bundan başqa, hər kəs hər gün zövq aldığı və onun üçün maraqlı olan fəaliyyətlərlə məşğul ola bilər. Həmçinin dostlar, ailə üzvləri, yaxud digər yaxınlarla dərdləşmək üçün gün ərzində beş dəqiqə ayırmaq kifayətdir. Bunlar hal-hazırda və ya keçmişdə istifadə edilmiş üsullar ola bilər. Həmçinin sakitcə nəfəs alıb-vermək (nəfəs hərəkətləri) və əzələ relaksasiyasını sınamaq mümkündür.
- Məktəblərin açılması ilə əlaqədar uşaqları koronavirusdan qorunmaları üçün necə hazırlamalıyıq?
- Statistikaya əsasən, uşaqlar arasında yoluxma riski daha aşağıdır və ümumiyyətlə onlar yoluxduqda belə xəstəliyi yüngül keçirirlər. Buna baxmayaraq məktəblərdə də gigiyenik qaydalara tam riayət olunması zəruridir. Burada əsas məsələ uşaqların qorxudulmaması və bu qaydalara riayət etmənin vacibliyinin onlara sadə dildə izah olunmasıdır. Belə ki, sağlam psixi rifah üçün uşaqlar hər zaman qorunduqlarını və təhlükəsiz mühitdə olduqlarını bilməlidirlər.
- COVID-19 əleyhinə peyvənd qorxusu ilə necə mübarizə aparılmalıdır?
- Vaksin qorxusu ilə mübarizə aparmaq üçün əvvəlcə bu qorxunun səbəblərini araşdırmaq lazımdır. Məsələn, bəziləri düşünürlər ki, vaksin sonsuzluq, miokardit, insult və s. xəstəlikləri yaradır. Lakin həmin problemin olanlarda qeyd edilən xəstəliklərin vaksinasiyadan öncə də mövcud olub-olmaması araşdırılmır.Digər yanlış fikir "sui-qəsd nəzəriyyəsi”dir. Bəziləri vaksinasiya vasitəsilə çipləşdiriləcəklərindən və beləliklə idarə olunacaqlarından qorxurlar. Halbuki bu nəzəriyyə ümumiyyətlə ağlasığmazdır. Beynində onun təfəkkürünü, davranışını və s. idarə edən 100 milyondan çox hüceyrə və 1 trilyondan çox sinaps mövcuddur və belə mürəkkəb quruluşda proqram yazmaq ümumiyyətlə mümkün deyil.Bəziləri isə düşünürlər ki, "vaksin işləmir”. Yəni, belə mülahizə irəli sürürlər ki, peyvəndləmə COVID-19-a yoluxma riskini azaltmır. Lakin bilmək lazımdır ki, vaksinlər xəstəliyə yoluxmamaq üçün təminat deyil, ancaq vaksin olunmuş şəxslər arasında xəstəliyi ağır keçirmə və ölüm riski aşağıdır. Eyni zamanda, vaksinə qarşı insanların fərdi həssaslığı müxtəlifdir və ümumiyyətlə bəzi vaksinlər qısa, bəziləri isə uzunmüddətli təsirə malikdirlər.
- Bəzi vətəndaşlar deyir ki, təzəlikcə COVID-19-dan sağalmışamsa, niyə vaksin olunmalıyam? Bu barədə sizin fikirlərinizi bilmək istərdik.
- Bu fikir həqiqəti əks etdirir və onlardan xəstəliyi keçirdikləri 6 ay ərzində COVID-19 pasportu deyil, immun status tələb olunur. Bir qrup şəxs isə eşitdikləri çox ziddiyyətli məlumatlara görə vaksin olunmaq istəmirlər. Çünki bəzən bir qisim həkimlər və ya digər ictimai statuslu şəxslər vaksinasiya ilə bağlı bir-birindən fərqli məlumatlar verirlər. Bu məlumatların hətta bir qismi qorxuducu xarakter daşıyır. Bilmək lazımdır ki, onların bəhs etdikləri öz fərdi mülahizələridir və heç bir elmi əsaslı sübutu yoxdur. Düşünürəm ki, həmişə rəsmi mənbələrə inanmaq daha doğrudur, aidiyyəti qurumların verdiyi məlumatlar bu sahədə aparılan ən son elmi işlərə əsaslanır.
banner

Oxşar Xəbərlər