• şənbə, 20 Aprel, 02:47
  • Baku Bakı 15°C

"Peyvənd olunmaq istəyən jurnalistlərin vahid siyahısı TƏBİB-ə təqdim olunacaq" - Əflatun Amaşov

06.04.21 15:15 1331
"Peyvənd olunmaq istəyən jurnalistlərin vahid siyahısı TƏBİB-ə təqdim olunacaq" - Əflatun Amaşov
Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi:
- Əflatun müəllim, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası üzv ölkələrin hökumətlərinə jurnalistlərin vaksinasiyası ilə bağlı çağırış etdi. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
-Bəli, biz bu təşəbbüsü üzv olduğumuz Ümumdünya Mətbuat Şuraları Assosiasiyası qarşısında qaldırdıq və təşəbbüs quruma üzv digər təşkilatlar tərəfindən dəstəkləndi. Ancaq məlumdur ki, məsələni ilk növbədə daxilimizdə reallaşdırmağı düşünürdük. Mövcud istiqamətdə Nazirlər Kabineti yanında Operativ Qərargahla və TƏBİB-lə danışıqlar apardıq və razılığa gəldik. Təşəbbüsümüzə müsbət yanaşıldığı üçün təşəkkürümüzü bildiririk.Güman edirəm ki, jurnalistikanın nə qədər riskli peşə olduğundan geniş danışmağa ehtiyac yoxdur. Həqiqətən risk çox böyükdür. Pandemiyanın ilk günlərindən bunu nəzərə almışdıq. Ən əvvəl ötən il martın 4-də koronavirusla bağlı dezinformasiya tipli bilgilərə həssas yanaşılması ilə bağlı media ictimaiyyətinə müraciət ünvanlamışdıq.Martın 23-də və 31-də KİV-lərin koronavirus dövründə fəaliyyətinə dair tövsiyə mətnləri yaydıq. Aprelin 6-da isə Beynəlxalq Jurnalistlər Federasiyasının koronavirus dövründə medianın fəaliyyəti ilə bağlı tövsiyələrini Azərbaycanın media ictimaiyyətinə təqdim etdik.Müraciətlərdə həm redaksiya daxilində təhlükəsizlik tədbirlərinə riayət edilməsindən, həm də jurnalistlərin redaksiya tapşırığı əsasında getdikləri yerlərdə yoluxmadan uzaq durmalarından, risk almamalarından bəhs edilirdi. Beynəlxalq Jurnalistlər Federasiyasının tövsiyələri də bu xüsusda idi. Biz tövsiyələrimizdə eyni zamanda KİV rəhbərlərinin də prosesdəki məsuliyyətinə diqqət yönəldirdik.Statistikaya baxsaq, Azərbaycanda jurnalistlər arasında indiyədək 205 yoluxma halı qeydə alınıb. 10 jurnalist isə həyatını itirib. Dünya ölkələri ilə müqayisədə bu, o qədər də yüksək göstərici sayılmasa da, ancaq arxayınlaşmaq üçün əsas vermir. Düşünürəm ki, heç vaxt da əsas verməyib. Ümumən müşahidəm belədir ki, jurnalistlər bir fərd olaraq pandemiya təhlükəsinə münasibətdə kifayət qədər məsuliyyətli davranıblar. Bu məsuliyyət onların yaradıcılıqlarına da təsir göstərib.Vaksinasiya da əslində məsuliyyətdir. Jurnalistlərin vaksinasiyası isə həm onların öz, həm də dövlətin və cəmiyyətin məsuliyyətidir. Yenə deyim, risk amili əsasdır. Jurnalist risk altındadırsa, prinsip etibarilə onun sözü də təhlükədədir. O söz ki, bütövlükdə cəmiyyətə və dövlətə lazımdır. Biz təşəbbüs irəli sürərkən məhz bu məqamı əsas götürdük.Digər tərəfdən, onu da qeyd etməliyəm ki, Azərbaycanda vaksinasiya uğurla həyata keçirilməkdədir. Bildiyimə görə artıq yaşı 40-dan artıq olan vətəndaşlar peyvənd olunurlar. Müxtəlif dövlət qurumlarında çalışanlar da həmçinin. Məsələn, artıq yaşından asılı olmayaraq bütün təhsil işçilərinin vaksinasiyasına başlanılıb.Jurnalistika sahəsində hər yaş qrupundan olan şəxslər çalışırlar. Yaşı 40-ı keçmiş jurnalistlərdən də vaksin vurduranlar var. Ancaq ümumən Azərbaycanda praktik jurnalistika gəncdir. Daim reportaj, müsahibə dalınca gedənlər, müxtəlif tədbirlərdən material hazırlayanlar əsasən təxminən 20-40 yaş arası şəxslərdir. Buna görə də biz bu sahədə çalışanlarla bağlı məsələyə kompleks yanaşmaq qərarına gəldik. Yəni bu işi sistemləşdirməyi düşündük.
- Jurnalistlərin vaksinasiyası necə aparılacaq? Bununla bağlı plan varmı?
-Əlbəttə, bu iş TƏBİB-lə birlikdə reallaşdırılacaq. Yəni biz sadəcə təşəbbüsçü qismində çıxış edirik. Digər məsələlər sırf tibblə bağlıdır. Amma belə qərara gəldik ki, redaksiyalar özləri vaksinasiyadan keçməyən əməkdaşlarının adlarını Mətbuat Şurasına təqdim etsinlər. Vahid siyahı tətbiq edilərək TƏBİB-ə təqdim olunsun. Artıq bununla əlaqədar TƏBİB-dən rəsmi məktub da almışıq.Əlbəttə, jurnalistlərin vaksinasiyası da könüllü xarakter daşıyan prosesdir. Burada hər hansı məcburiyyətdən danışmaq düzgün olmaz. Eyni zamanda o da vurğulanmalıdır ki, jurnalistlər məsələnin məsuliyyətini özləri də gözəl anlayırlar. Bilirlər ki, bu, onların sağlamlıqları və təhlükəsizlikləri üçündür. Əsas olan prosesə başlamaqdır. Güman edirəm ki, təşəbbüs gözlədiyimiz nəticəni verəcək.Konkretliyə gəlincə, ayrıca məlumatımız olacaq. Ancaq fürsətdən istifadə edib KİV redaksiyalarına müraciət ünvanlamaq istəyirəm. Redaksiyalar peyvənd etdirmək istəyən əməkdaşlarının siyahısını Mətbuat Şurasına yazılı məktubda təqdim etsinlər. Təbii ki, bunu elektron qaydada da reallaşdırmaq olar. Siyahıda jurnalistin ad, soyad, ata adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin rekvizitləri, əlaqə vasitələri göstərilməlidir. Biz həmin məktublardakı məlumatları ümumiləşdirib TƏBİB-ə yekun siyahı təqdim edəcəyik. Bundan sonrakı prosedur da tərəfimizdən diqqətdə saxlanılacaq.
- Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının dünya ölkələrinin hökumətlərinə müraciətindən söz açdıq. Bilmək istərdik ki, qurum indiyədək pandemiya şəraitində medianın fəaliyyəti ilə bağlı hansı tədbirləri görüb?
- Qurum başlıca olaraq jurnalist təhlükəsizliyinin aspektlərinə diqqət yetirib. Ötən il iyun və avqust aylarında pandemiya dövründə medianın fəaliyyətinə həsr olunmuş onlayn konfranslar təşkil edib. Yeri gəlmişkən, bir məqamı da vurğulamaq istərdim. Azərbaycan Mətbuat Şurası eyni zamanda Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Alyans ötən il mayın 6-7-də koronavirus pandemiyası şəraitində medianın roluna həsr olunmuş onlayn konfrans keçirdi.Ümumən koronavirus dövründə medianın fəaliyyəti mövzusu Azərbaycan Mətbuat Şurasının üzv olduğu beynəlxalq birliklərdə müzakirə predmetinə çevrilib. Mətbuat Şurası özü də mövzunu daxili auditoriya üçün diqqət mərkəzində saxlayıb. Bu baxımdan aprelin 11-də təşkil etdiyimiz "Koronavirus: xüsusi karantin rejimində medinın fəaliyyəti" mövzusunda onlayn konfransı vurğulaya bilərəm. Konfransda 60-dan çox KİV nümayəndəsinin iştirakı təmin olundu. Bundan başqa aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə pandemiya şəraitində QHT-media əməkdaşlığına dair onlayn konfrans da reallaşdırdıq. Orada 300-dək nümayəndə iştirak etdi.
- Koronavirus pandemiyasının peşə standarlarına təsiri ilə bağlı hansı xarakterik məqamları vurğulamaq mümkündür? Yəni hansısa mənfi təsirlər varmı ki, dünya ictimaiyyəti, elə Azərbaycan mediasını təmsil edən Mətbuat Şurası da jurnalistlərin vaksinasiyası təşəbbüsünü qabardır.
- Sırf jurnalist peşəkarlığı, media standartları ilə bağlı məsələlər pandemiyanın ilk yayıldığı dövrlərdə daha aktual xarakter daşıyırdı. Çünki həm müəyyən təşviş var idi, həm də dezinformasiya tipli bilgilər. Əlbəttə, məsələni ciddiyə almamaq kimi çağırışlar da vurğulanmalıdır. Ancaq tədricən, necə deyərlər, sular duruldu. Məlum oldu ki, peşə standartları dəyişməzdir. Düşünürəm ki, burada daha çox koronavirus dövründə informasiyanın cəmiyyətə ötürülməsinə məsul jurnalistin təhlükəsizliyi və sağlamlığı önəmlidir. Buna isə hər zaman diqqət yetirilib. Yəni jurnalist tam əmin olmalıdır ki, xəstəliyə yoluxmayacaq və bu səbəbdən həyatını itirməyəcək. Başlıca məqam budur.İnformasiyalı olmaq hər bir şəxsin başlıca hüquq və azadlıqlarındandır. Bildirdiyim kimi, jurnalistlər bunun təmin olunmasında mühüm rol oynayırlar. Onları nəinki sıravi şəxs, eyni zamanda insanlara informasiya çatdıran vasitəçi kimi qorumağa ehtiyac var.İndiyədək dünyada 600-dən artıq jurnalistin "COVID-19”un qurbanına çevrildiyinin, çoxlu sayda media təmsilçisinin virusa yoluxaraq sağaldığının, bir çoxunun müalicəsinin davam etdiyinin vurğulandığı müraciətdə o da bildirilib ki, pandemiyanın bəşəriyyəti təhdid etdiyi durumda xəstəliyin jurnalistlərin fəaliyyətlərinə mənfi təsiri özünü müxtəlif təzahür formaları ilə göstərməkdədir. Nəticə etibarilə bütövlükdə cəmiyyətin informasiya tələbatını yerinə yetirən media sektoru ziyan görməkdədir. İnsanlar isə qapanma və izolyasiya tədbirlərinə, habelə ümumən "COVID-19”un mövcud durumunun xüsusiyyətlətinə dair mütəmadi məlumatlarla təmin edilməlidirlər.Ümumdünya Mətbuat Şuraları Assosiasiyası bütün bunların nəzərə alınmasının vacibliyini vurğulayıb, yerli hökumətləri jurnalistlərin "COVID-19” əleyhinə peyvənd olunmaları üçün müvafiq tədbirlər görməyə çağırıb.
banner

Oxşar Xəbərlər