• cümə, 29 Mart, 15:10
  • Baku Bakı 14°C

"Peyvənd olunanların sayı çox olarsa, xəstəliyin səviyyəsi enməyə başlayar"

19.04.21 16:15 1165
"Peyvənd olunanların sayı çox olarsa, xəstəliyin səviyyəsi enməyə başlayar"
"Azərbaycanda koronavirusa yoluxma sayı hazırda artımla müşahidə olunur”.
BunuAPA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
O bildirib ki, yoluxma sayı gündəlik 2000-dən yuxarıdır və bu, bizim respublika üçün yüksək göstəricidir: "Peyvəndləmə hələlik çox insanı əhatə etməyib. Əhalimizin müəyyən hissəsi peyvənd olunub və peyvəndləmə davam edir. Bununla belə, peyvənd olunmuş insanlar da maskadan istifadə etməlidir. Çünki vaksinasiyadan sonra immunitetin yaranması üçün müəyyən vaxt lazımdır. İmmunitet yaranana qədər insan xəstəliyə yoluxa bilər. Hətta peyvənd vurdurmuş insanın da yoluxması mümkündür. Lakin o, xəstəliyi yüngül formada keçirər, xəstəxanaya düşməz. Buna baxmayaraq, peyvənd olunan insanlar sosial məsafəni qorumalı, maska taxmalıdır. Çünki insanlar dayanacaqlarda, bankomatların qarşısında sıx təmasda olurlar. Peyvənd olunsaq da müəyyən məhdudiyyətlər qalmalıdır”.
A. Əliyeva qeyd edib ki, yoluxmanın səviyyəsi yüksək olduğu üçün insanlar qaydalara riayət etməlidir: "İmmun səviyyəsinin yüksək olmasından o vaxt danışmaq olar ki, vaksinasiyanın əhatə dairəsi daha geniş olsun. Bu gün açıq havada belə maskanın istifadəsi vacibdir. Hazırda xəstəliklə mübarizədə ən yaxşı yol insanların vaksinasiyadan keçməsi və gigiyenik qaydalara əməl etməsidir. Bildiyiniz kimi, vaksinasiya iki mərhələdə aparılır. İlk dozanın vurulmasından 28 gün sonra ikinci doza peyvənd vurulur. Bu müddət ərzində də insan maskadan istifadə etməlidir”.
Direktor müavininin sözlərinə görə, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanılıb və vaksinasiyadan ilk keçənlər həkimlər olub: "İki doza peyvənd vurulub, immunitet səviyyəmizi də yoxlatdırmışıq. Peyvənd effektivdir, təhlükəsizdir. Peyvənd vurdurduqdan sonra heç bir yan təsiri olmadı, çətinlik törətmədi. Bir çox insan peyvənd vurdurur, rayonlarda yaşlı insanlar belə öz istəyi ilə vaksinasiyaya gedirlər. Bəzi insanlar tərəddüd edir, amma tərəddüd etmək lazım deyil, vaksinasiyaya getmək lazımdır. Hər gün 30-40 min insana peyvənd vurulur, hər gün peyvənd olunanların sayı artır. Ölkədə lazımi qədər peyvənd ehtiyatı var. Peyvənd olunanların sayı nə qədər çox olarsa, xəstəliyin səviyyəsi o qədər düşməyə başlayar. Amma bu gün xəstələnmə səviyyəsi bizdən həm peyvənd olunmağı, həm də qaydalara riayət etməyi tələb edir. Hər hansı ölkə karantin rejimini yumşaldırsa, bu, həmin ölkədə xəstəlik və peyvənd olunanların əhatə səviyyəsindən asılıdır. Hamı mütləq peyvənd olunmalıdır”.
banner

Oxşar Xəbərlər