Peyvənd olun, mükafat qazan

"Vaksinasiyaya
təşviq edəcək ictimai nümunələr genişlənməlidir”
İlin əvvəlindən dünyada vaksinasiya prosesi
başlanıb. Artıq bəzi ölkələrdə sakinlərin yarıdan çoxu peyvəndlənib. Lakin vaksinə
münasibət hər kəsdə eyni deyil. İnsanların bir qismi hələ də peyvəndin effektiv
olduğuna inanmır. Bu səbəbdən bəzi ölkələr vətəndaşları həvəsləndirmək üçün müəyyən
təşviq kampaniyaları həyata keçirirlər.
Dünyada
vaksinasiya "hədiyyəsi”
Britaniyada gənclər vaksinasiya məntəqəsinədək ödənişsiz taksi
ilə gələ bilə, peyvənd olunduqdan sonra pulsuz pizza ala, evə qida sifarişi
üçün endirim əldə edə bilərlər. ABŞ-da
insanların təxminən 47 faizi iki doza peyvənd edilib. İndiyədək ölkə əhalisinin
55 faizindən çoxuna ən azı birinci doza vaksin vurulub. ABŞ-ın bəzi ştatlarında
"Peyvənd üçün pulsuz pivə'' kampaniyası başladılıb. Qərbi Virciniyada 16-35 yaş arasındakı
insanlara peyvənd olunacaqları təqdirdə, 100 dollarlıq mükafat veriləcəyi
açıqlanıb. Peyvəndlənənlər üçün "Vax And Scratch" adlı uduşlu oyunun
keçirildiyi Nyu-Yorkda qalibə 5
milyon dollar verilir. ABŞ-da şirkətlər vaksin olunanlara pulsuz dondurma,
şirniyyat kimi fərqli yeyəcəklər təqdim edirlər.
Vaşinqtonda vaksin vurdurmağa gedən valideynlərə uşaq baxıcısı
xidməti də təklif edilir. Ən böyük şirniyyat satış şəbəkəsi vaksin sertifikatı
təqdim edən hər kəsə pulsuz şirniyyat vermək qərarına gəlib.

Pulsuz bilet
İsrail vaksinasiya olunanlar üçün rəqəmsal peyvənd kartı
təqdim edir. Peyvəndlənənlərin tədbir və restoranlara girişi rəqəmsal peyvənd
kartı ilə təmin edilərkən, peyvənd olunmayanların bu tədbirlərdə iştirakına
icazə verilmir. Vaksin vurdurmayanların təhsil ocaqlarına və bəzi digər məkanlara
buraxılmamasına dair qərarlar da qəbul edilib.
Təl-Əviv bələdiyyəsi şəhərin kafe və barları yerləşən hissəsində
mobil məntəqələr quraşdırıb. Vaksin olunan şəxslərə pulsuz içki də təklif
edilir, konsertlər və teatr kimi qapalı tədbirlərdə iştirak hüququ verilir. Qüds (Yerusəlim) şəhərində vaksin vurduran gənclərə mədəni tədbirlərə və futbol
oyunlarına pulsuz bilet təqdim olunur.
Diri toyuq, lotereya
uduşu, hədiyyə paketləri...
Hindistanın bəzi şəhərlərində vaksinasiya olunan qadınlara
endirimli aksesuarlar verilir. Şimali Dehli
bələdiyyəsi vaksinasiya olunanlara 5 faiz vergini geri qaytarmaq hüququ verir.
Serbiyada 16 yaşından yuxarı şəxslərə 3 min dinar təqdim
edilir. Serbiya əhalisinin 37 faizi peyvəndlənib. İndoneziyada ölkə səlahiyyətliləri peyvənd etdirənlərə diri toyuq
verir. Honq-Konqda işəgötürənlər işçilərinə 1,4 milyon dollarlıq lotereya
uduşları, eyni zamanda alış-veriş kuponları, hədiyyə paketləri və uçuş biletləri
verir. Yunanıstanda peyvənd edilən
26 yaşından kiçik gənclərə 150 avro dəyərində rəqəmsal hədiyyə sertifikatı təqdim
olunur. Gənclər həmin vəsaiti turizm və əyləncə sektorunda xərcləyə bilərlər. Hollandiyada peyvənd mərkəzlərində rinqa
balığı paylanır. Pekində 60 yaşdan yuxarı şəxslərə iki qutu yumurta vəd edilir.

Azərbaycanda vaksinasiyaya
təşviq var?
Hüquqşünas Ələsgər
Məmmədli deyir ki,
insanları vaksin olunmağa ən birinci məsul şəxslər özləri vaksin vurduraraq təşviq
etməlidir: "Təşviq məsələsində dövlət orqanlarının rolu böyükdür. Peyvəndləşmə
prosesini təşviq edəcək ictimai nümunələr genişlənməlidir. Məsul şəxslər,
ictimai xadimlər peyvənd olunduğunu göstərməlidir. Bu zaman kütləvi peyvəndləşmə
baş verir”.
Ən uyğun çıxış
yolu...
Hüquqşünas hesab edir ki, indiki halda xəstəliyin
aradan qaldırılması üçün məhdudiyyətlər ən uyğun çıxış yoludur. Bu, insan
hüquqlarının pozulması hesab edilmir: "Pandemiya başlayandan bəri - iki ilə
yaxındır ki, xüsusi rejimdə yaşayırıq. Bu rejim bəzi vaxtlarda hətta evdən
çıxmaq məhdudiyyətlərinə qədər aparıb çıxardı. Tam qapanma dediyimiz küçəyə
çıxma qadağaları bir çox ölkələrdə də müşayiət olunur. Əgər epidemiya kütləvi şəkildə
əhalinin sağlamlığını təhdid edirsə, bu zaman insan hüquqlarına müəyyən məhdudiyyətlər
gətirilə bilər. İndiki halda bu məhdudiyyətlər xəstəliyin aradan qaldırılması
üçün düşünülən ən uyğun yollardan biridir”.

"İnsanlar bilməlidir
ki, peyvənd öldürmür”
Ə.Məmmədli hesab edir ki, təşviq olmasa belə,
insanlar bilməlidir ki, peyvənd ölümdən qoruyur: "Alimlər belə qənaətə gəliblər
ki, son zamanlar ölüm halları daha çox peyvənd olunmayan insanlarda rast gəlinir.
Deməli, peyvənd bizi xəstəlikdən tam olaraq qorumasa da, ən azından ölümdən
qoruyur. Peyvəndlə bağlı ikili yanaşmaları tamamilə aradan qaldıracaq
inandırıcı sübutlar olmalıdır. İnsanlar bilməlidir ki,
peyvənd öldürmür, 3 ildən sonra da öldürməyəcək, insanları
qısırlaşdırmayacaq və s. Müəyyən təbəqə var ki, onlarda bu cür suallar var.
Halbuki vərəmə, suçiçəyinə, qızılcaya və s. qarşı peyvənd olunanlar bilir ki,
peyvənd olmasa, xəstəliyi daha ağır keçirər, hətta ölümə səbəb ola bilər. Yəni
o inam COVID-19 vaksini üçün də keçərli olmalıdır”.
Bizim peyvənd güzəştimiz...
Araşdırmalarımız zamanı məlum oldu ki, Azərbaycanda
özəl sektorda vaksinasiyaya təşviq prosesi ilə bağlı bir sıra işlər görülüb.
Vaksinləmə başlanandan sonra yerli banklardan biri vaksin vurduran
pensiyaçılara 2 faiz endirimlə kredit verəcəyini açıqlayıb. Məişət texnikası
satışında ixtisaslaşmış yerli şirkət də peyvəndlənənlərə güzəştli kredit imkanı
vəd edib.
Zərif Salmanlı
